Modern.az

İtaliyanın Bakıdakı səfirliyi viza ala bilməyən tələbələrin probleminə AYDINLIQ GƏTİRDİ

İtaliyanın Bakıdakı səfirliyi viza ala bilməyən tələbələrin probleminə AYDINLIQ GƏTİRDİ

Aktual

29 Sentyabr 2017, 11:03

Bir neçə həftə bundan öncə bir qrup gənc İtaliyanın Azərbaycandakı səfirliyi ilə bağlı sosial şəbəkədə kampaniyaya başlamışdı. Onlar İtaliyanın müxtəlif universitetlərinə qəbul olunduqları halda səfirliyin bu ölkəyə viza vermədiyini bildirirdilər. İş ondadır ki, azərbaycanlı tələbələrin məsələsi hələ də həll edilməmiş qalır. Tələbələr viza ala bilmirlər.

Modern.az saytı məsələ ilə bağlı bir neçə quruma müraciət edib.

İtaliyanın Bakıdakı səfirliyindən saytımıza bildirilib ki,  İtaliya universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrlə viza müsahibəsini davam etdirirlər.

“İtaliya səfirliyi son həftələr ərzində viza müsahibəsi üçün əksəriyyəti magistratura pilləsində təhsil almaq istəyən yüzlərlə tələbəni qəbul etməkdə davam edib.

Səfirliyin viza şöbəsinin gördüyü önəmli işin hesabına 361 azərbaycanlı tələbə İtaliyada təhsil üçün viza alıb. Bu rəqəm ötən il verilən vizaların sayına görə 100-dən çox hesab olunur (2016-cı ildə 252 tələbə vizasi verilib). İtaliyanın Bakıdakı Səfirliyi gələcəkdə istər dövlət, istərsə də özəl sahələrdə rəhbərlik edəcək gənclərin İtaliyada təhsil almaq seçimindən məmnuniyyət duyduğunu bildirir.

Oktyabr ayının ilk iş həftəsinə qədər vizaya müraciət etmiş bütün azərbaycanlı tələbələr müsahibəyə dəvət olunacaq. İtaliya universitetləri dərslərin başlama tarixinə nəzərən tələbələr tərəfindən mümkün gecikmə halı olması ilə bağlı məlumatlandırılıblar”.

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Kərimli də Modern.az-a açıqlamasında məsələ ilə bağlı çox ciddi işlərin aparıldığını deyib.

“Hər bir azərbaycanlı tələbənin viza məsələsi ətrafında çalışırıq. Tələbələr etirazlarını bildirdikləri gündən bu işlə məşğuluq. Sənədləşmələr aparırıq. Ümid edirik ki, yaxın günlərdə məsələ həllini tapacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü