Modern.az

Pakistanın baş naziri Azərbaycan səfiri ilə müzakirələr apardı

Pakistanın baş naziri Azərbaycan səfiri ilə müzakirələr apardı

Aktual

10 Oktyabr 2017, 13:47

Pakistanın Baş naziri Şahid Xakan Abbasi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşüb.

 

Bu haqda Modern.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

 

Diplomat Pakistanın Baş naziri seçilməsi münasibətilə Şahid Xakan Abbasiyə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayan səfir iki ölkə arasında qardaşlıq əlaqələrinin inkişafında və möhkəmlənməsində hər iki ölkə rəhbərlərinin xüsusi rolunun olduğunu bildirib. Əli Əlizadə Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana göstərdiyi dəstəyin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

 

Səfir həyata keçirilən yüksək səviyyəli səfərlər, imzalanan sənədlər, viza rejiminin sadələşdirilməsi sahəsində görülən işlər, ticarət-iqtisadi, müdafiə sənayesi, enerji və digər sahələrdə Pakistanla həyata keçirilən son layihələr haqqında məlumat verib.

 

Şahid Xakan Abbasi də öz növbəsində onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. İki ölkə arasındakı münasibətlərin son illərdə yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Azərbaycan Prezidentinin Pakistana bu il baş tutmuş səfərindən sonra əlaqələrin daha da canlandığını qeyd edib.

 

Baş nazir iki ölkə arasındakı ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını və bu istiqamətdə işlərin aparıldığını da vurğulayıb. Baş nazir Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində prinsipial mövqeyinin dəyişməz olduğunu, Pakistanın Azərbaycanı hər zaman qətiyyətlə dəstəklədiyini vurğulayıb və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü