Modern.az

Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər...

Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər...

Dünya

11 Avqust 2011, 12:49

Sahibkarlığın inkişafı sosial-iqtisadi islahatların aparıcı xəttini təşkil edir

Azərbaycanda sahibkarlığın təşəkkül tapması və inkişafında mərhum dövlət başçısı Heydər Əliyevin böyük rolu olub. Onun rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verib. İqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına xidmət edib. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və s. sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib.
Həyata keçirilən tədbirlər Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı tənzzüldən xilas olması üçün çox önəmli rol oynayıb. Həmin vaxt ölkədə qeyri-stabilik hökm sürür, iqtisadiyyatın bütün sahələrində neqativ meyillər özünü göstərirdi. Maliyyə-bank sistemi iflic vəziyyətdə idi. Tədavülə buraxılmış milli valyuta - manat qiymətdən düşmüşdü. Ölkədə inflyasiya özünün pik səviyyəsinə çatmış, iqtisadiyyata xarici sərmayə qoyuluşları tamamilə dayanmışdı. Sahibkarlığın maddi əsasını formalaşdıran özəlləşdirmə qiymətlərin liberallaşdırılmasını qabaqlamalı olduğu halda Azərbaycanda bunun əksi baş vermişdi. Bir sıra obyektiv (rubl məkanında olan digər dövlətlərin bu prosesə başlaması) və subyektiv (respublikanın mili valyutaya keçidə vaxtında hazır olmaması, iqtisadi sərhədlərin təşəkkülündəki ləngimələr) səbəblər ölkəni iqtisadiyyatda dövlət mülkiyyətinin inhisarı şəraitində qiymətlərin sərbəstləşdirilməsi prosesinə başlamaq məcburiyyəti qarşısında qoymuşdu. Beləliklə də, bazar iqtisadiyyatına keçid üzrə mühüm strateji tədbir – özəlləşdirmə fiskal məqsədlərə münasibətdə arxa plana keçirilmişdi. Bu mərhələ Azərbaycan iqtisadiyyatının tənəzzülü dövrü hesab etmək olar. 

İllər

ÜDM

%

Sənaye %

Kənd təsərrüfatı %

İnflyasiya

%

İxracat

mln. $

İdxalat

mln. $

Xarici

borc mlrd. $

ÜDM-də

payı

1991

-7.8

 - 8.9

 0.3

 206.6

2120.9

1881.2

---

 

1992

-22.6

 -30.4

 -23.8

 1012.3

1483.9

939.8

---

 

1993

-23.1

 -19.7

 -15.5

 1229.1

734.6

628.8

0.05

4.0

1994

-19.7

 -24.7

 -12.8

  1763.5

652.7

77.9

0.1

6.7

1995

-11.8

 -21.4

 - 7.0

 511.8

637.1

667.6

0.3

12.4

SAHİBKARLIĞIN HÜQUQİ BAZASI FORMALAŞDIRILDI

Azərbaycan iqtisadiyyatında ikinci inkişaf dövrü Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başladı. Onun həyata keçirdiyi uğurlu iqtisadi siyasət tezliklə Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dayanıqlı inkişaf mərhələsinin başlanmasına səbəb oldu. Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsi təmin edildi. «Əsrin müqaviləsi» imzalandı. Hasilatın pay bölgüsü sazişlərinin xarici şirkətlərlə imzalanması və bu sazişlərin təsdiqi prosesinin ictimaiyyətə açıq şəkildə çatdırılması neft sərvətlərinin idarə edilməsində şəffaflığın qurulması istiqamətində ilk addım oldu. Eyni zamanda xarici investorlar üçün yaradılmış əlverişli şərait beynəlxalq standartların və şəffaf idarəetmə üsullarının tətbiqinin əsasını təşkil etdi. Dünya sisteminə uğurlu inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açdı.
Sahibkarlığın inkişafı sosial-iqtisadi islahatların aparıcı xəttini təşkil etdi. Onun inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi.

Heydər Əliyevin rəhbərliyi dövründə özəlləşdirmənin həyata keçirilməsinin zəruri hüquqi bazası formalaşdı. 1995-ci ildən dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi başa çatdı və II özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanıldı. Bu proqram çərçivəsində rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika kompleksinin müəssisələri özəlləşməyə açıldı. Sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı, vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atıldı.

Ölkədə aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrildi, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olundular.
Bu istiqamətdə 1999-cu ildə "Yeyinti məhsulları haqqında" Qanun, «1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı», 2001-ci ildə  "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" qəbul olundu. Bunlar göstərilən sahə üzrə uğurların əldə olunmasına mühüm töhfə oldu. Kənd təsərrüfatında istehsalçıların torpaq vergisi istisna olmaqla digər vergilərdən 5 il müddətinə (sonradan bu vaxt uzadıldı) azad edilməsi, büdcəyə olan vergi borclarının silinməsi, onlara yanacağın (neft məhsullarının) güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması və həyata keçirilən digər tədbirlər aqrar islahatların daha sürətlə aparılmasına imkan yaratdı, kənd təsərrüfatında istehsalın artırılmasına güclü təkan verdi.

Bundan başqa, bu dövrdə iqtisadiyyatınn inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu oldu. Prezident tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalandı ki, onun da əsas məqsədi iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi.
"Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalanması isə əsassız yoxlamaların qarşısını almaqda önəmli rol oynadı.

2002-ci ildə sahibkarlığın inkişafı sahəsində Heydər Əliyevin yerli və xarici iş adamları ilə keçirdiyi görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırıldı, inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirildi. Sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm fərman və sərəcamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu.
«Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» qəbul edildi. Kiçik və orta sahibkarlığın inkişafının əvvəlki Dövlət Proqramları əsasən ölkədə KOS sektorunun təşəkkülü ilə əlaqədar tədbirləri əhatə edirdisə, bu Dövlət Proqramı artıq təşəkkül tapmış bu sektorda ölkə iqtisadiyyatının potensialının daha da səmərəli reallaşdırılması baxımından struktur dəyişikliklərinin həyata keçirilməsinə, bu bölmənin inkişafının çeşidli mexanizmlərinin yaradılmasına istiqamətləndi.

Bu dövrdə "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)" da qəbul edildi. 2002-ci ildə lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi.

Ümumiyyətlə, bu dövrdə Azərbaycan iqtisadiyyatında əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Belə ki, həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında, o cümlədən regionların sosial-iqtisadi inkişafında, sənayedə əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb oldu. Nəticədə inflyasiya cilovlandı, büdcə kəsiri ÜDM-in 1-2 faizi səviyyəsinə endirildi. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olundu və dinamik iqtisadi inkişafı təmin edildi. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etdi.

KEÇİD İQTİSADİYYATI ÜÇÜN MODEL

Beləliklə, əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynadı, hətta bir model olaraq keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı baxımından nümunə kimi qəbul edilə bilər. Bu özündə aşağıdakıları birləşdirdi:

* Sahibkarlığın inkişafına yönəldilmiş tədbirlərin sistemliliyinin təmini.
Sahibkarlığın inkişafı problemlərinin bir-biri ilə əlaqədar olması, onların həllinin müəyyən bir sistemin daxilində reallaşmasını zəruri edir. Belə ki, müəyyən bir istiqamətdə sahibkarların problemlərinin həllinə nail olmaqla ölkədə işgüzar fəaliyyətin əlverişli mühitini təmin etmək mümkün deyil. Dünya iqtisadi təcrübəsi göstərir ki, sahibkarlığın zəruri iqtisadi mühitinin formalaşmasına yönəldilmiş tədbirlərin xüsusi sistem çərçivəsində reallaşması məqsədəuyğundur. Bu qarşıya qoyulmuş strateji məqsədə çatmağı təmin edir.

Bu baxımdan, ölkəmizdə vəziyyəti qənaətbəxş hesab etmək olar. Belə ki, sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramları bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib.Bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəldib. Sahibkarlığın dövlət müdafiəsinin bu və ya digər variantının seçilməsi ölkənin inkişaf səviyyəsi, hazırkı sosial-iqtisadi şərait, inkişafın müasir mərhələsində qarşıya qoyulmuş vəzifələr və digər amillərin təsiri ilə şərtlənir. Bu amillərin təsiri nəzərə alınaraq, ölkəmizdə sahibkarlığın müdafiəsi və inkişafının dövlət sistemi daxilində əlaqələndirilib, Azərbaycan modeli yaradılıb.

* Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib.
Dövlətin uzunmüddətli iqtisadi siyasətinin başlıca istiqamətləri və prinsipləri əsasında sahibkarlığın inkişafı keyfiyyətcə yeni təsərrüfatçılıq münasibətləri sisteminin formalaşmasına əsaslanır. Göstərilən prinsiplər dövlətin sahibkarlığın inkişafında üzərinə götürdüyü öhdəlikləri və sahib cəmiyyətə münasibətdə məsuliyyətinin əsas müddəalarını formalaşdırıb. Bu meyarlar dövlətin xüsusi mülkiyyətin və şəxsiyyət azadlığının toxunulmazlığının əsas dəyərlərə çevrilməsinə şərait yaradan sosial-iqtisadi mühitin yaradılmasına təminatı, eyni zamanda sahibkarın dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini dərk edərək onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.

* Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması.
Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirib. Sahibkarlar artıq mövcud problemlərinin həllində iştirak edir. Bu baxımdan yaradılmış mexanizmlər (Sahibkarlar Şurası, İnvestisiyaların Təşviqi və Məsləhət Fondu və s.) dövlət-sahibkar münasibətlərinin sivill müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdır. Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar şurasının yaradılması və onun dövlət, ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətinin təmin edilməsi Azərbaycan cəmiyyətinin və dövlətinin mühüm addımı kimi qiymətləndirilməlidir.
Beləliklə, Heydər Əliyevin sahibkarlığın inkişafı modeli Azərbaycanın iqtisadi inkişafının təməli oldu.

AZƏRBAYCAN İQTİSADİYYATI RƏQABƏTQABİLİYYƏTLİDİR

Bu siyasət Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirildi. Bu. artıq yeni mərhələdir. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət idi. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirildi. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması daxil idi.

Ölkədə kiçik və orta sahibkarlığın inkişafının 2002-2005-ci illər üzrə qəbul edilmiş Dövlət Proqrammı çərçivəsində tədbirlərin davam etdirilməsi ilə yanaşı, bu sahədə inkişafın hazırkı dövrün tələbələri baxımından sürətləndirilməsi üzrə dövlət siyasəti həyata keçirildi. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, bu baxımdan regionların inkişafının sürətləndirilməsi inkişafın hazırkı mərhələsinin prioritet vəzifələrindən birinə çevrildi. Bu isə sahibkarlığın regional inkişafının sürətləndirilməsini, ölkə regionlarının potensialının daha səmərəli reallaşdırılması üzrə sistemli və ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqrammı (2004-2008-ci illər)» çərçivəsində regionların ənənəvi istehsal sahələrinin bərpası və yenidən qurulması, yeni istehsal sahələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, yeni iş yerlərinin açılmasının həvəsləndirilməsi, regionlara investisiyaların cəlb edilməsi üçün mühitin təmini üzrə ardıcıl tədbirlər həyata keçirildi. Proqram çərçivəsində regionlarında kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərildi, o cümlədən emal müəssisələrinin yaradılması, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafı və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılması təmin edildi. I Dövlət Proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etdi.
Ümumilikdə, bu 5 il ərzində regionlara 6.8 milyard manat həcmində dövlət investisiyaları qoyuldu. Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği, 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq, 3.9 milyard manat təşkil etdi. 27 min 500 yeni müəssisə və 766 mindən çox yeni iş yeri açıldı ki, onların 40 faizi, iş yerlərinin isə 80 faizi regionların payına düşdü.
Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 minədək investisiya layihəsinə 324 milyon manat kredit verildi ki, bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşdü. 2004-2008-ci illərdə iqtisadiyyatın həcmi bütövlükdə 2,6 dəfə artdı və bu göstəriciyə görə Azərbaycan dünyada lider ölkə oldu. Orta aylıq əmək haqqı 2.7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artdı, yoxsulluğun səviyyəsi 49 faizdən 13.2 faizə endi. 

Bu uğurların davamı kimi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul edildi.  Dövlət Proqramı çərçivəsində regionlarda özəl sektorun dövlət vəsaitləri hesabına güzəştli qaydada kreditləşdirilməsi sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirdi, orta və kiçik sahibkarlığın inkişafına təkan verdi. 2009-cu ildə regionlarda Sahibkarlığa Kömək Milli Fondunun 130 milyon manat güzəştli kreditlərindən 2100 sahibkarlıq subyekti yararlandı. 2010-cu ildə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən regionlarda 1430 sahibkarlıq subyektinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verildi. Həmin il 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verildi. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olundu. 20011-ci ilin 6 ayı ərzində sahibkarlara 62,2 milyon manat güzəştli kredit verildi.

Bundan başqa, digər mənbələr hesabına bu günədək Azərbaycan iqtisadiyyatına 100 milyard dollar investisiya qoyulub. Hazırda Ümumi Daxili Məhsulun 85 faizdən çoxu, məşğul əhalinin isə 70 faizi özəl sektorda cəmlənib.
Aydındır ki, sahibakarların öz məhsullaroının xarici bazara çıxarılması istiqamətində də ciddi işlər görülüb. Kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzProMo) yaradılması sahibkarlara öz məhsullarını xarici bazara çıxarmasına şərait yaratdı. Bu gün Azərbaycan məhsulları xarici məhsullarla rəqabət apara bilir. 2005-ci ildə «Aqrolizinq" ASC-nin yaradılması isə fermerlərin kənd təsərrüfatı texnikası, toxum, gübrə, damazlıq heyvanlara və sairəyə təlabatının ödənilməsində böyük rol oynadı.
Bu dövrün bir özəlliyi isə 2010-cu ildə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması idi. Bu məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 35-dən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirildi. Sadələşdirilmiş vergi ödəyicisi hüquqi əldə etmək məqsədilə hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik gəliri 90 min manatdan 150 min manatadək artırılması isə sahibkarların fəaliyyətlərini genişləndirməsinə imkan verdi. ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılması, hüquqi şəxslərin qeydiyyatı üçün "vahid pəncərə" prinsipinin tətbiqi uğurlu addım olddu. Biznes mühitinin liberallaşdırılmasına xidmət edən bu tədbirlər respublikamızın beynəlxalq miqyasda investisiyalara açıq ölkə imicini gücləndirdi, qeyri-neft sektoruna marağı artırdı.

Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində isə həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etdi. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artdı. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bu çox böyük uğur idi. Aydındır ki, əldə olunan uğurlar yoxsulluğun səviyyəsinə təsirsiz ötüşə bilməzdi. Bu göstərici 2010-cu ildə 9,1 faizə düşdü.

Makroiqtisadi göstəricilər milyon manat və faizlə:

 

2009-cu il

artım

faizlə

2010-cu il

artım

 faizlə

 2011-ci yanvar-aprel

 artım

faizlə

Ümumi daxili məhsul

 

34578.7

109.3

41 574.7

105

13 714.9

100.8

Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi

22184.4

108.6

27 434.6

102.6

9 786.0

99.1

Əsas kapitala yönəldilən investisiyalar

7358.7

81.3

9 715.2

121.2

2 589.2

112

Kənd, meşə və balıqçılıq təsərrüfatlarının ümumi məhsulu

3435.6

103.5

3 880.0

97.8

677

105.2

Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton

189.8

103.7

196.3

103.1

62.8

105.4

Poçt və rabitə xidmətlərinin həcmi

1010.5

113.1

1 161.30

129.7

383.1

118.7

Pərakəndə əmtəə dövriyyəsi

11828.5

108.9

13 679.5

109

4 905.0

108.3

Əhaliyə göstərilən pullu xidmətlər

4088.2

112.5

4 724.5

110.8

1 503.10

109.4

Əhalinin gəlirləri

22396.1

108

25 605.6

113.3

8 858.9

116

Adambaşına düşən gəlirlər,

2537.2

106.7

2 866.0

111.9

983.4

114.5

orta aylıq əmək haqqı

298

108.6

325

109.1

348.6

112.5

Qarşıdakı illərdə də əldə olunan uğurlar şübhəsiz davam etdiriləcək. Bunun üçün makroiqtisadm sabitliyin qorunması, azad rəqabətin təmin edilməsi, insarçılığın qarşısı alınması, ölkədə sahibkarlığın daha da sürətlə inkişaf etdirməsi əsas vəzifə olaraq qalır.

Əfqan Qafarlı

"İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü