Modern.az

Xatirəyə çevrilən xoş əməllər, xeyirxah işlər...

Xatirəyə çevrilən xoş əməllər, xeyirxah işlər...

Aktual

8 İyun 2018, 22:14

Dünyanın gəlimli-gedimli ucundan keçənlər nə çox. Hər gün dünyaya yeni insan gəlişinə və köçünə adət etmişik. Zalım fələk yazılmamış həyat qanununa uyğun olaraq kimlərisə bizdən əbədi aparır, xatirələrdə yaşadır. “Xalq qəzeti”nin Mətbuat Mərkəzində təşkil edilən tədbir də, özündən sonra  məhz belə iz qoyan insanlardan biri, tanınmış jurnalist Ələsgər Cabbarovun xatirəsinə həsr olunmuşdu. Mərhum jurnalistin ailə üzvləri, yaxınları, həmkarları, dostları və redaksiya kollektivinin iştirak etdiyi tədbirdə xatirələr hər kəsi ötənlərə apardı...

Anım mərasimini “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov açaraq, jurnalist həmkarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. Əhatəli çıxışında Ələsgər Cabbarovun həyat və fəaliyyətinə diqqət çəkdi. Bildirdi ki, 85 illik yubileyi qeyd edilən mərhum jurnalist hələ Azərbaycan Neft və Kimya İnstitutunun məzunu kimi Keşlə Maşınqayırma Zavodunda işləyərkən Azərbaycan radiosu, “Bakı--Baku” qəzetləri ilə əməkdaşlıq etmiş və bu həvəs onu1957-ci ildən sonra radioya aparmışdı. 1961-ci ildə “Elm və həyat” jurnalında  şöbə müdiri olarkən Ələsgərin analitik yazıları və tərcümələri Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru Rəsul Rzanın diqqətini çəkmiş və onu 1966-cı ildə ensiklopediyaya, texnika şöbəsinin müdiri vəzifəsinə dəvət etmişdi.

Milli Ensiklopediyamızın hazırlanmasında danılmaz xidmətləri olan Ə. Cabbarov 1992-ci ildən  sonrakı taleyini “Xalq qəzeti”nə bağlayıb. İlk illər redaksiyada kommersiya direktoru kimi işə başlayan Ələsgər müəllim sonralar bölgə müxbiri kimi fəaliyyətini davam etdirərək, rayonların ictimai-siyasi, iqtisadi həyatını əks etdirən bir-birindən dolğun yazılarla öxucuların rəğbətini qazanıb. Həsən müəllim xüsusi olaraq diqqətə çatdırdı ki, uzun illər ərzində Azərbaycan mətbuatına xidmət göstərən Ələsgər Cabbarovun geniş fəaliyyətinə  nəzər salanda, “Nə yaxşı ki, Ələsgər Cabbarov mətbuat sahəsinə gəlib”—deyə bilirik.

   Yazıçı-dramaturq Aqşin Babayev Ələsgər müəllimlə Azərbaycan radiosunda çalışdığı günləri xatırladı. 16 kiloluq aparatla neft mədənlərinə müsahibə almağa getdikləri zaman qarşılaşdıqları çətinliklərdən, əziyyətlə işlədikləri anlardan danışdı.  Dedi ki, sonralar iş yollarımız ayrılsa da, biz dost olaraq həmişə görüşürdük. A. Babayev  “Amma bir şeyi xüsusi olaraq qeyd etməliyəm ki, onun həyatında “Xalq qəzeti”nin xüsusi rolu olub. Ələsgər müəllim bu redaksiyanı  “evim-eşiyim”, “yuvam” adlandırırdı. Sədaqətli dost idi, qayğıkeş insan idi, ünsiyyətcil həmsöhbət idi. Əminəm ki, onun ruhu bizimlədir”,--fikirləri ilə çıxışına yekun vurdu.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Ə.Cabbarovla  bağlı xatirələrini danışaraq, qeyri-ixtisas sahibi olsa da, onun daha çox peşəkar jurnalist olduğuna diqqət çəkdi. Ələsgər müəllimin Ahıl Jurnalistlər Məclisindəki aktiv  fəaliyyətindən, ürəyi təmizliyindən, qayğıkeşliyindən, sözübütövlüyündən, sədaqətindən söz açdı. Yazılara münasibətini, paxıllıq, həsəd hissindən uzaq olduğunu xüsusi vurğuladı.

Şair Oqtay Rza anım tədbiri keçirilməsinin bu gözəl ayda savab olduğunu deyərək, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənova təşəkkür etdi. Ələsgər Cabbarov kimi jurnalistlərin hər zaman öyrənilməli, əsil məktəb olduğunu  dedi.  Ə. Cabbarovun insani keyfiyyətlərini xatırlayan O. Rza çıxışını şeirlə yekunlaşdırdı. Ahıl jurnalist Oqtay Cəfərov da həmkarının insani keyfiyyətlərindən , etibarından, mərhəmətindən , qayğıkeşliyindən danışdı.

Tahir Aydınoğlu bugünkü tədbirin onun halal haqqı olduğunu bildirdi. Ələsgər müəllimi “dopdolu, zəngin” insan adlandırdı və onun ruhunun bu zalda dolandığına inandığını bildirdi.  Qəzetin çətin vaxtlarında  dostları vasitəsilə  qəzetə maddi vəsait köçürtdürdüyünü, dayaq durduğunu qeyd etdi. 

Həmkarı Əlipənah Bayramov onu hər gün xatırladıqlarını dedi. “Biz onu heç unutmadıq ki, yada da salaq”--deyə Ələsgər müəllimlə bağlı xatirələrini dilə gətirdi.

İttifaq Mirzəbəyli isə həmkarı ilə arada illər fərqi olsa da, eyni rayonu, eyni məktəbi, eyni yataqxananı bölüşdüklərini, nəhayət, eyni redaksiyada çalışdıqlarını, Ələsgər müəllimin insana dəyər verdiyini, təvazökarlığını qeyd etdi.

Dostları Rafiq İmanov Ələsgər müəllimin əsl dost, qardaş münasibətini, Camal Abdulov onunla Sumqayıtda tanış olduğunu və bu tanışlığın onun həyatındakı böyük rolunu, Mətləb Qarayev çox yaxın dostluğunu, Mübariz Süleymanov ondan çox şey öyrəndiyini, ailəliklə yaxınlığını tədbir iştirakçılarının diqqətinə çatdırdılar.  

Ələsgər Cabbarovun kürəkəni İlqar Abdullayev ailə adından tədbirin təşkilinə görə minnətdarlıq etdi: “Mən bura gələnə qədər elə düşünürdüm ki, insan öldü, getdi.. hər şey bitdi...  Zəmanə dəyişdikcə, illər ötdükcə milli- mənəvi dəyərlər unudulur... Amma bu tədbir mənim fikirlərimi alt-üst etdi. Gördüm ki, nə qədər, qədirbilən dostlar var, dəyərlər yaşayır, insana da, dünyadan köçəndən sonra onun ruhuna da hörmət var və qalacaq”. Sonra o, Ələsgər müəllimlə münasibətlərinin qaynata-kürəkən sərhəddini keçib, ata-oğul, qardaş-dost  ampluasında davam etdiyindən, onunla bağlı maraqlı hadisələrdən söz açdı. Necə kövrək insan olduğunu, oğul itkisindən sonra bu kövrəkliyin daha da artdığını, güclü yumor hissi ilə həmişə  maraqlı lətifələr danışdığını xatırladı.

Ələsgər Cabbarovun yeganə yadigarı--qızı Nigar xanım tədbiri təşkil edənlərə minnətdarlığını bildirdi.

Ələsgər müəllimin qardaşı oğlu Akif Cabbarlı “Belə gözəl məkanı Ələsgər müəllimin ruhu ilə doldurduq”, – deyərək  tədbir iştirakçılarına təşəkkürünü bildirdi. O, əmisinin yaşca digər qardaşlarından kiçik olmasına baxmayaraq, bütöv nəslə ağsaqqallıq etdiyini, məntiqi, təfəkkürü ilə hamının məsləhət ala bildiyi bir insan olduğunu fəxrlə dilə gətirdi.

 ... Bu dünya belə qurulub, belə də davam edəcək. Gələn bir gün gedəcək... Həyatda əbədi qalan isə xatirələrə dönən xoş əməllər, xeyirxah işlər olacaq.

  

Zərifə BƏŞİRQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü