Modern.az

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Aktual

23 Sentyabr 2018, 17:59

Bu gün Kəlbəcər həsrətli şair Məmməd Aslanın yoxluğundan 3 il ötür... Modern.az xəbər verir ki, Məmməd Aslan 2015-ci ilin bu günü Zaqatalada olarkən əbədi olaraq gözlərini dünyaya yumub... Dostlarının M.Aslanla bağlı xatirələrindən onu Zaqatalaya aparan səbəbin o yerlərin Kəlbəcərə bənzəməsilə bağlı olduğu anlaşılır.

Kəlbəcər onun yaralı yeri idi. Kəlbəcərsiz qaldığı üçünn yay vaxtı Kəlbəcəri xatırladan yerlərə üz tutarmış. Harada Kəlbəcər havasını xatırladan yer olarmışsa,  Məmməd Aslan orada ilhamlı olarmış.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin"Bu bağda bülbüllər ötər" şeirlər məcmuələrini şərikli tərcümə edib.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilib.

Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada olarkən, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü