Modern.az

Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı?

Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı?

Aktual

23 May 2019, 17:13

23 mayda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfəri çərçivəsində Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İ ilə görüşdü və danışıqlar apardı.

 

Bu haqda Modern.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

 

Tərəflər Azərbaycan və Çin arasında ənənəvi əməkdaşlığın uğurlu inkişafından məmnunluqlarını bildirdilər. Nazirlər hər iki tərəfin bir-birilərinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə birmənalı dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxladıqlarını, Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsaslarının mövcudluğunu vurğuladılar.

 

Nazirlər hər iki dövlətin başçıları səviyyəsində qarşılıqlı əlaqələrin xüsusi əhəmiyyətini vurğuladılar və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinə və onun 24 aprel 2019-cu il tarixində baş tutmuş Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpin ilə görüşünün nəticələrinin ruhuna uyğun olaraq, əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

 

Tərəflər bildirdilər ki, Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və  “Bir Kəmər, Bir Yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib. Bu xüsusda, “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində Trans-Xəzər Nəqliyyat Dəhlizinin vacibliyi bir daha vurğulandı.

 

Nazirlər bu prosesin dinamik davam etdirilməsinin birgə inkişaf və rifah maraqlarına uyğun olaraq, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinə kömək edəcəyinə əminlik ifadə etdilər.

 

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu məmnuniyyətlə qeyd etdilər və gələcəkdə də bunu davam etdirmək niyyətlərini bildirdilər.

 

Görüş nəticəsində, tərəflər arasında mövcud olan qarşılıqlı anlaşmanın səviyyəsini yüksək qiymətləndirən nazirlər Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində və qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlı olduqlarını bildirdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü