Modern.az

Bakıda daha bir “Kənddən Şəhərə” yarmarkası

Bakıda daha bir “Kənddən Şəhərə” yarmarkası

6 İyul 2019, 20:59

“Kənddən Şəhərə” yarmarkalarının sayı artırılacaq.

Modern.az xəbər verir ki, növbəti yarmarka Binəqədi rayonu ərazisində təşkil edilib. Süleyman Sani Axundov küçəsi 5B ünvanında (İnqilab kinoteatrının yanı) təşkil olunan yarmarkada rayon sakinləri ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə bilərlər.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova “Kənddən Şəhərə” satış yarmarkasının növbəti həftələrdən etibarən paytaxtın digər rayonlarında da təşkil ediləcəyini bildirib:

“Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, həm də süni qiymət artımının qarşısının alınmasıdır. Daha əvvəlki yarmarkalarda olduğu kimi, bu yarmarkada da fermerlər tam ödənişsiz olaraq iştirak edir, onlardan heç bir yer haqqı tələb olunmur. Fermerlər xüsusi piştaxtalar və tərəzilərlə təmin edilib, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılır.”  

Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil edildiyi yarmarkada alıcılar mövsümi meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və s. ala bilərlər.

Məlumat üçün bildirək ki, hal-hazırda “Kənddən Şəhərə” yarmarkası paytaxtın 2 rayonunda – Yasamal və Binəqədidə fəaliyyət göstərir. Yasamal rayonunda təşkil edilən yarmarka Seyfəddin Dağlı küçəsində (225 saylı orta məktəbin qarşısı, Space TV-nin yanı) gündəlik olaraq vətəndaşların xidmətindədir. Alıcılar hər gün saat 08:00-dən 20:00-dək yarmarkadan təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını münasib qiymətə əldə edə bilərlər.

Qeyd edək ki, “Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir.  Layihənin tərkib hissəsi kimi, mütəmadi olaraq paytaxtın müxtəlif nöqtələrində “Kənddən Şəhərə” adlı yarmarka keçirilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü