Modern.az

Ümid Partiyasından ittihamlara CAVAB: “Hafiz Hacıyev öz partiyasından xəbəri olmayan adamdır”

Ümid Partiyasından ittihamlara CAVAB: “Hafiz Hacıyev öz partiyasından xəbəri olmayan adamdır”

Aktual

16 Dekabr 2019, 18:20

Xeyli vaxtdır ölkə xaricində olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev parlament seçkiləri ilə bağlı iddialarla çıxış edib.

 

Seçkilərə hazırlıq mərhələsindən danışan H. Hacıyev Modern.az-a ölkədən kənarda olduğu müddətdə partiyanın Gədəbəy rayon təşkilat sədrinin aldadıldığını söyləyib. O, İqbal Ağazadənin sədri olduğu Ümid Partiyasının Müasir Müsavat üzvünü ələ alaraq, öz tərəfinə çəkdiyini qeyd edib:

 

““Ümid” Partiyası Müasir Müsavatın təşkilat sədrinə guya hökumətlə razılaşdığını deyib. Partiyanın üzvləri bildiriblər ki, guya, hökumət “Ümid”ə 20 yer verib. Onlar elə bilirlər ki, mandat alma-armuddur, kimə gəldi paylayırlar. Halbuki, seçkidə xalqın iradəsi qalib gəlir”.

 

Məsələni işıqlandıran Modern.az qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb. “Ümid” Partiyası sədrinin müavini Tamilla Qulami iddiaların heç bir əsası olmadığını söyləyib:

 

“Hafiz Hacıyev öz partiyasından xəbəri olmayan adamdır. Fəqani bəy Müasir Müsavatın deyil, Ümid Partiyasının Gədəbəy rayon təşkilatındadır. O iki dəfə parlament seçkilərində iştirak edib və Ümid Partiyasından namizədliyini irəli sürüb. Bir dəfə də bələdiyyə seçkilərində partiyamız adından çıxış edən Fəqani bəy 2005-ci ildən bizim sıralarımızdadır. O, 15 ildir ki, İqbal Ağazadənin yanındadır”.

 

T.Qulami Hafiz Hacıyevin hansı məqsədlə belə iddialar səsləndirdiyini anlamadığını söyləyib:

 

“Fəqani bəy hazırda da namizədliyini Ümid Partiyasından irəli sürüb. Biz rayon təşkilatlarımızla mütəmadi əlaqədə oluruq, tez-tez görüşürük. Hafiz Hacıyevin Fəqani bəy haqqında iddiaları cəfəgiyyatdır. Fəqani bəyin iki partiyanı eyni anda idarə edə biləcəyi ehtimalı da yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü