Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a evrilən məlumatda bildirilib.
Qeyd olunub ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən “Yeni il” ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 30-dək respublika ərazisində tədbirlər keçirilib:
“Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 31 min 400 ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir”.