Modern.az

Fərəc Quliyevin müavini: “Xəbərimiz olmayıb, bizlə məsləhətləşsəydi, etiraz edərdik”

Fərəc Quliyevin müavini: “Xəbərimiz olmayıb, bizlə məsləhətləşsəydi, etiraz edərdik”

Aktual

6 Fevral 2020, 18:29

Bir neçə gündür, mətbuatın gündəminə çevrilən 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədlər Fərəc Quliyev və Mehman Hüseynov arasındakı qalmaqallı səsyazısı ətrafında söz-söhbətlər səngimək bilmir.

 

Ötən gün Mərkəzi Seçki Komissiyasının Fərəc Quliyevə xəbərdarlıq etməsi də məsələnin gündəmdən apara bilmədi.

MSK məsələ ilə bağlı Baş Prokurorluğa da şikayət edildiyini, bu qurumun qərarını gözləmək lazım olduğunu diqqətə çatdırdı.

 

Bu qalmaqalla bağlı Modern.az Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasından münasibət alıb.

 

Partiyanın sədr müavini Şakir Ağayev bu məsələ ilə bağlı geniş fikirlərimi ayın 9-dan sonra bildirəcəyini vurğulayıb. Buna baxmayaraq, Ş.Ağayev bəzi məqamlara aydınlıq gətirib:

 

“Biz Mehman Hüseynovla danışıqda partiya olaraq iştirak etməmişik. Fərəc bəy özü  qeyd etdi ki, ona tamamilə səmimi şəkildə xəstəliyi ilə əlaqədar kömək əli uzatmaq istəyib. Mehman Hüseynov isə qeyri-obyektiv addım ataraq, Fərəc bəylə təxmini 45 dəqiqə davam edən dialoqunu montaj edərək, 15 dəqiqəsini yayımlayıb. Ona görə, mənim də bu məsələ ilə bağlı fikir bildirməyim düzgün olmaz.

 

Biz partiya idarə heyəti olaraq, dünən bu məsələni müzakirə etdik. Partiyanın seçki kampaniyası çox yüksək səviyyədə aparılıb. Belə də davam edirdi. Fərəc bəy həmin dairənin deputatıdır. İndiki mərhələdə də hər həftə dairədə görüşlər keçirib, seçicilərin dəstəyini qazanıb. Mehman Hüseynovu yanına çağırmasına şəxsən mən də narazılığımı bildirdim, etiraz etdim ki, ehtiyac yox idi. Mehman Hüseynovun isə bu cür addım atması heç düzgün hərəkət olmadı.

 

Fərəc Quliyev başqa bir nəfərlə də razılığa gəlmişdi, həmin şəxs də onun xeyrinə namizədliyini geri götürmüşdü. Mehmanla danışmazdan əvvəl də bizimlə məsləhətləşsəydi, etiraz edərdik. Yenə də çağırıb və onun müalicəsi üçün dostlara müraciət edib, köməklik göstərə biləcəyini qeyd etmişdi. Mən Fərəc bəylə uzun müddətdir bərabər addımlayıram. Bilirəm ki, onun maliyyə durumu da  elə böyük deyil ki, kiməsə nə isə təklif etsin. Elə Mehmana da kömək təklifi sadəcə “dostlara müraciət edərik, müalicə üçün yardım edərlər” şəklində olub”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü