Modern.az

İdman jurnalistləri: “Yığmamızın qrupdan çıxmaq şansı yoxdur”

İdman jurnalistləri: “Yığmamızın qrupdan çıxmaq şansı yoxdur”

Aktual

4 Mart 2020, 14:28

Martın 3-ü UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirildi.

 

Niderlandın paytaxtı Amsterdamda baş tutan tədbirdə Avropanın 55 komandası 4 liqada ümumilikdə 14 qrupa bölünüb.

Tarixdə ikinci dəfə təşkil olunacaq yarışda Azərbaycan yığması C liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqroya qarşı mübarizə aparacaq. 

 

Bəs bu yarış millimizə nə vəd edir?

Mövzu ilə bağlı Modern.az-a danışan “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli püşkatma nəticəsinin komandamız üçün uğursuz olduğunu deyir:

“Püşkatma bizim yığma üçün heç də uğurlu sayıl bilməz. Ona görə ki bizim Liqada bəxtinə asan rəqiblər düşən komandalar oldu. Konkret olaraq Ermənistan və Gürcüstanın yer aldığı ikinci qrupu və ya Albaniya, Belarus, Litva və Qazaxıstanın yer aldığı 4-cü qrupu qeyd edə bilərəm. Postsovet ölkələrindən xüsusən, Azərbaycan və Moldovanın bəxti heç gətirmədi.

Bu liqada birinci yeri tutan 4 komanda növbəti mərhələyə çıxacaq. B liqasına yüksəlmək bizə çətin olacaq. Eyni zamanda, buradan cəmi iki komanda aşağı dəstəyə, D liqasına düşəcək və Azərbaycanın da o komandaların siyahısında olacağına inanmıram. Hər halda nə qədər çətin olsa da, birinci yerin əlçatmaz olduğunu qəbul edib, heç olmazsa ikinci və üçüncü yer uğrunda mübarizə aparmaq olar. Birinci yer üçün heç bir şansımız yoxdur”.

 

Qol.az saytının baş redaktoru Aydın Bağırov isə belə yarışların milli komandamızın öz potensialını göstərmək baxımından əhəmiyyətli olduğunu qeyd edib:

“Qrupda Monteneqro komandasını favorit kimi görürəm. Düşünürəm ki, Azərbaycan Kiprlə birgə ikinci, üçüncü yer uğrunda oynayacaq. Prinsip etibarı ilə bu tipli yarışlar bizim üçün, komanda üçün əhəmiyyətlidir. Çünki bunlar Avropa və Dünya çempionatlarının rəsmi oyunları öncəsi təşkil olunur. Yoxlama görüşlərini əvəz edən görüşlərdir. Bu oyunlar komandanın potensialını görmək baxımından yaxşıdır. Eyni zamanda, bu, Avropa və Dünya çempionatlarına vəsiqə qazanmağa da imkan verir”.

 

A.Bağırov onu da bildirib ki, yeni baş məşqçinin təyinatından sonra əsas iş komandanın inkişafına yönəlməlidir:

“Bu ay milli komandaya yeni baş məşqçi təyin olunması gözlənilir. Təyinatdan sonra artıq gələcək üçün radikal formada yox, yavaş-yavaş yeni komandanın formalaşdırılmasının əsası qoyulmalıdır. Qarşıdakı UEFA Millətlər Liqası da bu komandanın gələcək potensialını görmək baxımından əhəmiyyətlidir. Amma düşünmürəm ki, bu gün konkret hədəf qoyulmalıdır ki, biz həmin qrupdan çıxmalıyıq. Əksinə, yeni baş məşqçi təyin olunduqdan sonra strategiya hazırlanmalıdır, planlar qurulmalıdır. Konsepsiya hazırlanıb, milli komandanın inkişafı prosesinə start verilməlidir”.

 

Qeyd edək ki, yığmamız sentyabr-noyabr aylarında rəqibləri ilə ev və səfərdə, ümumilikdə 6 matç keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü