Modern.az

Dörd rayonun icra nümayəndəsi işdən çıxarıldı - CİNAYƏT İŞİ AÇILDI

Dörd rayonun icra nümayəndəsi işdən çıxarıldı - CİNAYƏT İŞİ AÇILDI

Ölkə

2 May 2020, 14:18

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına rast gəlinməkdədir.  

Prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir.

Modern.az Baş Prokurorluğa isitnadən xəbər verir ki, Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılmışdır.

Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov tərəfindən vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

 

Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Asəf Cabbarovun da vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Eləcə də, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənovun da vəzifə saxtakarlığı edərək xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur.

 

Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhələr müəyyən edilmişdir.

 

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər.

Toplanmış materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanmışdır.  

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı