Modern.az

Mən Şuşanı görməsəm də...

Mən Şuşanı görməsəm də...

5 May 2012, 15:33

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Mən Azərbaycan gənciyəm. Gəncliyim Qarabağ torpaqlarımızın erməni işğalı ucbatından zəbt olunduğu bir dövrə təsadüf edir. Müharibə dövründə yaşadığıma baxmayaraq və işğal zonasından uzaqda yaşadığıma görə mən azadam. Amma... ürəyimdə bir ağrı düyünlənib, bir arzu qalıb. Əminəm ki, arzuma çatıb Qarabağ torpağını qarış-qarış gəzəcəm. Bu üzdən arzumdan çox nisgili məni sarsıdır. Qarabağ nisgili. 20 il bundan əvvəl eyni ildə dörd diyarımızı zorla qopardılar, Qarabağın bağrından. Bu diyarlardan biri də Şuşa idi. Qarabağın ürəyi Şuşa. Qarabağın dayağı Şuşa. İstedad mənbəyi Şuşa. Vəfalı Şuşa. Yalnız öz övladına pay veribsən istedadından. Yaşıl çəmənli torpaqların yalnız doğma elin üçün laləzar olan Şuşa. İndi bahar olsa belə susub orda sarı bülbül. İndi bahar olsa bel, xəzan yeli əsir orda, çünki, orda gəzmir elim...

Qarabağsız qalan odlar yurdum Azərbaycan – dözmür daha bu ağrıya. İgid oğullarını itirən bir ananın dərdi kimi dərdi var Azərbaycanımın. Mən Şuşaya getməmişəm, ancaq onu tanıyıram. Mən Şuşanı görməmişəm, ancaq onu sevirəm. Bir şerdə deyildiyi kimi

Orda bir kənd var,
O kənd bizim kəndimizdir.
Getməsək də, görməsək də,
O kənd bizim kəndimizdir.

Mən bütün Azərbaycan gəncləri kimi Şuşaya bağlılığımı, bu torpağın öz eli üçün necə ecazkar olduğunu bu günlər ərzində yazdığım şerə köçürdüm. Görün, Şuşa necə, nə qədər ecazkardır ki, hətta tarixdən, ədəbiyyatdan tanıdığım Şuşanın adı gələndə belə fikirlərim öz ahəngi ilə şer misralarına çevrilir. Bu gün Şuşasız qalan “Qarabağ olmasa mən yaşamaram” – desək də yaşayırıq. Yaşamalıyam, çünki Qarabağın qələbə müjdəsini dünyanın qərib ölkələrində yaşayan azərilərə çatdırmaq üçün. Yaşamalıyam, çünki, Qarabağın qələbəsindən sonra sevinən dostumuzu, üzülən düşmənimizi gələcək nəslə tanıtmaq üçün; Yaşamalıyam, çünki, üç rəngli bayrağımızı Şuşa qalasına qaldırmaq üçün; Yaşamalıyam – azadlıq himnimizi Cıdır düzündə oxumaq üçün; Yaşamalıyam – şəhidlərin ruhuna dua oxumaq üçün; Yaşamalıyam – düşməndən hesab sormaq üçün; Və yaşamalıyam – Azərbaycanı sevdiyim üçün; – Şuşa ilə bərabər, respublikamızın digər şəfalı guşələri olan Xocalını, Laçını, Xocavəndi, Ağdərəni, Ağdamı, Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı erməni işğalından azad edilməsində mübarizəyə qoşulmaq üçün. Yaşamalıyam, zəfərimizi qeyd etmək üçün Şuşaya, Cıdır düzünə tələsən xalqımızın sevincinin şahidi olmaq üçün. Və evlərinə - ocaqlarına qovuşan Şuşalılarla bərabər Şuşa torpağını öpmək üçün.

Mənim olsa da on yeddi yaşım,
İşğalın ömründən çox oldu Şuşa.
Kədərin olubdu yaxın sirdaşın,
Hüznlü görünür torpağın, daşın,

Sənə qara örpək yaraşmır Şuşa!
Zorla qopardılar doğma elindən,
Anadan alınan bir körpə kimi.
Qarabağ yurdumun keçir qəlbindən.

Kaş yenə duyardım doğma dilimi,
Bir görə biləydim burda elimi.
Dahi Üzeyirin qədəm izləri,
Qalıb torpağında, heç vaxt silinməz.

Dünyaya yayılan “Cəngi”nin səsi
Düşmənə sevinmək imkanı verməz.
Həzin nəğməsiylə isa bulağı
Sevgi dastanının şahidi olub.
Bəlkə də tarixin təmiz varağı
Sona bülbüllərin eşqiylə dolub.

Qarabağ bizimdir, Şuşa bizimdir,
Sözlərin deməyə ehtiyac yox ki,
Ey soysuz, get ora arxivi, tarixi dindir,
Min suala cavab Xan Şuşinski.

20 ildir ki, gözlər yolunu,
Azərbaycan adlı elin oğlunu.
Üç rəngli bayraqla güləcək üzü,
Həsrətinə qurban, ay Cıdır düzü.

20 ildir ki, qəmli, dərdlisən,
Sehrli aləmsən, sirli dünyasan,
Sanma ki, sirrindən oldum xəbərsiz,
Qarabağ var olmaz, ay Şuşa, sənsiz,
Qarabağ olmasa, qallam vətənsiz.

Sənin torpağında gəzməsəm də mən,
Çox olsa yaşımdan hətta kədərin.
Şuşa söylədikdə keçir gözümdən,
Qarabağ yurdumun dillər yerləri.

Şahdağı, Qoşqarı, Göyəzən dağı,
Yurdumun baş tacı, şah ərazisi.
Azərbaycanın qəlbi – o Qarabağı,
Sevirəm, Anamı sevdiyim kimi.

Şuşa söylədikdə nisgilim artar,
Qarabağ bülbülü düşər yadıma.
Dindirər könlümü muğam, kaman, tar
Qarabağ şöhrətdir Ana yurduma.

Sənin də mənim tək gözün yoldadır
Möhkəm dur adın tək, Şuşa qalası!
Sənsiz inan, ömrüm elə dardadır,
Başqa dərdim yox, dərdim torpaq yarası.

Uca tut başını, Şöhrətli Şuşam,
Qarabağın sənə ehtiyacı var.
Sənin torpağına heyran olmuşam,
Vətənim səninlə olar bəxtiyar.

Ay Şuşa torpağı –mənim elimsən,
Cabbarım, Bülbülüm, Natavanımsan.
Vaqif əsərinin şux gözəlisən,
Tarixin özüsən, Qarabağımsan.

Ay Şuşa torpağı –el nəğməsisən,
Dünyada tanınan Bülbül səsisən,
Sən Odlar yurdumun şah əsərisən,
Bir də Qarabağın şikəstəsisən.

Bu yurdun taleyi bizlə gümanlı,
Ay başı dumanlı Şuşa dağları.
Gizlədib qoynunda o nazlı yarı
Qırmızı koftalı, yaşıl tumanlı.

Soyadım Qarabağ, adımsa Şuşa,
Ata-ana yurdum Azərbaycandır.
Ünvanım yazılıb orda hər daşa,
Bölünməz bu diyar, bütöv cahandır.

Gələn il bu vaxtı azadlıq günü
Qeyd etsin Şuşamız öz torpağında
Düz bu günkü günün bahar çağında
Olsun Qarabağın toyu, düyünü...

Paşazadə Aysel
Bakı Slavyan Universiteti
P
edaqoji fakültə  I kurs tələbəsi 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü