Modern.az

Azərbaycanda 200 xəstənin şəxsiyyət vəsiqəsi yoxdur

Azərbaycanda 200 xəstənin şəxsiyyət vəsiqəsi yoxdur

17 May 2012, 13:28

Maştağada yerləşən Ruhi-Əsəb Xəstəxanasında 200-dən çox xəstənin sənəd problemi hələ də həll olunmayıb. Xəstəxanada yüzlərlə xəstənin şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bir müddət öncə bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az vasitəsi ilə məsələ qaldırmışdı. Deputatın sözlərinə görə, ruhi xəstələrin üzləşdikləri sənəd problemi ən qısa zamanda aradan qaldırılmalıdır.

“Maştağa ruhi xəstəxanasında 200-dən artıq xəstənin nə şəxsiyyət vəsiqəsi, nə də hüquqi sənədi var”-deyə M.Quliyev qeyd edib.

200-dən çox xəstənin heç bir sənədi olmadan ruhi xəstəxanada müalicə olunması ağılasığmazdır. Məsələ ilə bağlı Maştağa Ruhi-Əsəb Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov Modern.az-a münasibət bildirib. Baş həkim xəstələrin şəxsiyyət vəsiqəsi probelminin olduğunu təsdiqləsə də, bunun tədricən aradan qaldırıldığını deyib.

“Sosial əlaqələrini itirmiş xəstələri xəstəxanada saxlayıb yatıra bilmirik. Onları neyləyək? Biz hökümətimizin dəstəyi ilə onlara şəxsiyyət vəsiqəsi alırıq. Ancaq kimsə belə insanlara sahib durmadığına görə onları əlillər evlərinə göndəririk. Çünki onların burda yatmağa ehtiyacı yoxdur. Müalicə olunublar, normal vəziyyətdədirlər. Sadəcə, onların nə evi, nə ailəsi var,  bir kəsləri üzə çıxmır. Bizim xəstəxanada təxminən 345 nəfərə yaxın belə adam var. Düşünürük ki, onlar üçün yataqxana şəklində yaşayış məskənlərii salmaq lazımdır”-deyə baş həkim vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən saytımıza bildirdilər ki, onlar mətbuat vasitəsi ilə bu problemdən – xəstələrin şəxsiyyət vəsiqəsinin olmamasından  xəbər tutublar. Nazirlik rəsmisi həmçinin qeyd etdi ki, bu məsələ ilə bağlı mürüaciət olunarsa, məsələ araşdırılacaq.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü