Modern.az

Erməni mühasirəsində olmuş laçınlı müəllimin kitabı çıxıb

Erməni mühasirəsində olmuş laçınlı müəllimin kitabı çıxıb

Aktual

17 May 2012, 14:02

1993-cü ildə erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşamış müəllim, Laçın rayonundan olan məcburi köçkün Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabı işıq üzü görüb.

Modern.az saytı xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında 160 səhifədə 500 nüsxədə çap edilən kitabda müəllif mühasirə xatirələrini qələmə alıb.

“Əlli dörd gün erməni mühasirəsində” səkkiz bölmədən ibarətdir: “Bayquşların gəlişi”, “Dağdan eniş”, “Sonuncu Novruz”, “Ayrılıq”, “Qaranlığa sarı”, “Bizim dərə”, “Daşa yalvaranda”, “Qurtuluş”.

Nəşrə Əli Əliyevin mühasirə zamanı cib kitabçasında etdiyi qeydlərin fotosurəti, mühasirədən çıxandan sonrakı ilk günlərdə çəkilmiş fotoşəkillər, Əli Əliyevlə birlikdə mühasirədə olmuş şəxslər barədə bioqrafik məlumatlar, mühasirədə olması barədə Əli Əliyevə verilmiş rəsmi sənədlərin surəti də əlavə edilib.

Müəllifin gənclik dostu, filologiya elmləri doktoru Rəhim Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” toplusuna yazdığı “İntiqama çağıran tarixi sənəd” məqaləsi də kitabda oxuculara təqdim olunub.

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Sonrakı illərdə Bakıda orta məktəbdə dərs deyib.

Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açıb.

“54 gün erməni mühasirəsində” kitabında müəllif öz kitabını oxuculara belə təqdim edib: “Əziz oxucu! “54 gün erməni mühasirəsində” kitabında əks olunanlar mənim, ailəmin, əlli dörd gün erməni mühasirəsində qalan on doqquz nəfərin, doğma evindən, torpağından didərgin salınan yüz minlərlə azərbaycanlının başına gələn faciələrin xırda bir hissəsidir. Bu həm də tarixdir, hər bir azərbaycanlının tarixi. Tarix boyu ermənilər azərbaycanlıların başına dəfələrlə belə faciələr gətiriblər. Vətənimiz parçalanıb, millətimiz soyqırımılara məruz qalıb, qədim yaşayış yerlərimiz, mahallarımız, kəndlərimiz dağıdılıb, xarabalığa çevrilib. Təəssüflər olsun ki, bu faciələri unutmuşuq, gələcək nəsillərə çatdırmamışıq. Elə unutqanlığın nəticəsidir ki, ermənilər yalnız XX əsrdə dəfələrlə Azərbaycanın tarixi torpaqlarını işğal ediblər, özlərinə bizim torpaqlarda dövlət qurublar, xalqımızı soyqırımına məruz qoyublar. Bu kitabın məqsədi erməni işğalını, vəhşiliyini real tarixi faktlarla indiki və gələcək nəsillərə çatdırmaqdır. Bizim bunları unutmağa haqqımız yoxdur!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü