Modern.az

Doğrudanmı pomidorun qiymətini “Eurovision” qaldırıb?

Doğrudanmı pomidorun qiymətini “Eurovision” qaldırıb?

22 May 2012, 10:16

Bazarlarda idxal məhsulları yerli malları üstələyir…


Artıq bir neçə ildir ki, ölkədə bahalaşma faktı qeydə alınmaqdadır. İlbəil, aybaay artan qiymətlər əhalinin kasıb təbəqəsinin daha da müflisləşməsinə gətirib çıxarıb. Ölkənin sosial-iqtisadi inkişafı ilə paralel mütəmadi olaraq əmək haqları və pensiyalar artırılır. Lakin bundan sui-istifadə edən “işbazlar” dərhal qiymətlərin artırılmasına nail olurlar ki, nəticədə sadə vətəndaş artmış əmək haqqının “dadını çıxara bilmir”.

Ölkədə qiymət artımı adətən bayram və digər əlamətdar günlər ərəfəsində baş verir ki, sonradan artmış qiymətləri endirmək mümkünsüz olur. Hazırda Azərbaycanda əlamətdar hadisə  “Eurovision-2012” mahnı müsabiqəsidir ki, etiraf edilməlidir ki, bu beynəlxalq tədbir də qiymət artımına təsirsiz ötüşməyib. Məlumat üçün qeyd edək ki, hazırda ölkənin bütün ticarət və satış mərkəzlərində qiymətlərin artımı müşahidə olunur. Bu qiymət artımı ərzaq məhsullarından tutmuş kənd təsərrüfatı, sənaye  və tikinti materiallarında qeydə alınır. Hətta yaz-yay fəslinin gəlişinə baxmayaraq,  mövsümi kənd təsərrüfatı məhsullarının qiymətləri xeyli yüksəlib.

Qəribə bir mənzərə yaranıb ki, qışda bazarlarda kiloqramı 1 manata istixana pomidoru almaq mümkün idisə, hazırda pomidorun kiloqramı 2,5-3 manata təklif olunur. Halbuki bostan pomidoru istixana pomidorundan fərqli olaraq istilik, dərman və digər əlavə xərclər tələb etmir. Eləcə də digər kənd təsərrüfatı məhsullarının qiymətləri ürəkaçan deyil. Mövsümi məhsullardan xiyarın kiloqramı 1,5-2, çiyələk 4-6, alça 4-8,  manata təklif olunur. Bir neçə gün öncə kiloqramı 40 qəpiyə satılan kartof  80, 20 qəpiyə olan soğan 60, 5 qəpiyə olan göyərti isə 20 qəpiyə təklif olunur. Qiyməti 6-7 qəpiyə qədər enmiş yumurtanı indi 10-11 qəpikdən aşağı tapmaq qeyri–mümkündür. Ət və ət məhsulları, süd və süd məhsullarının qiymətlərindən danışmağa dəyməz. Çünki bu növ məhsullar artıq xeyli müddətdir ki, bir çox insanların qida rasionundan çıxarılıb.  Cəmi bir nüçə gün ərzində qiymətlərin təxminən 4-5 dəfə dəyişməsi təbii ki, ortada süni amillərin mövcudluğundan xəbər verir.
Daha maraqlısı ondan ibrətdir ki, bahalaşma məhsul istehsalının kifayət qədər artdığı bir dövrdə baş verir.  Statistika Komitəsinin verdiyi məlumata görə, təkcə aprel ayında  bitkiçilik məhsullarından 36.4 min ton və ya 14.0 faiz çox tərəvəz istehsal edilib. Kənd əməkçilərinin səyi nəticəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9.5 faiz, heyvandarlıq məhsulları istehsalı 4.3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4.5 faiz artıb. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.5, qeyri-ərzaq mallarının qiymətləri 1.3, xidmət tarifləri 2.1 faiz bahalaşıb.

Cari ilin dörd ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri isə cəmi 12.6 faiz artaraq 1068.6 manata çatıb və onun 65.3 faizi son istehlaka, 9.1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 23.4 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Göründüyü kimi vətəndaşlar ən yaxşı halda gəlirlərinin 65,3 faizini istehlak mallarına xərcləyirlər. Belə halda  gündəlik tələbat mallarının qiymətlərinin sürətlə artması  insanların ailə büdcəsinə böyük ziyan vurur. Araşdırmalar zamanı o da bəlli oldu ki, istər kənd təsərrüfatı bazarlarında, istərsə də digər satış mərkəzlərində idxal mallar yerli məhsulları üstələyir. Halbuki ölkənin kənd təsərrüfatı naziri İsmət Abbasov dəfələrlə bəyan edib ki, Azərbaycanda tələbatdan artıq kənd təsərrüfatı məhsulu istehsal edildiyindən bu növ malların idxalı zərurəti yaranıb. Elə isə, hansı səbəbdən bazarlarda xarici ölkələrdən gətirilmiş məhsullar üstünlük təşkil edir? Özü də bu üstünlük kifayət qədər müşahidə olunacaq səviyyədədir. Eyni vəziyyət ərzaq və sənaye mallarında da baş verməkdədir. Hətta vaxtilə şərabı və spirtli içkiləri ilə məhşur Azərbaycanda əcnəbi turistlərə təklif ediləsi brend məhsul demək olar ki, yox səviyyəsindədir.

Ekspertlərin fikrincə, hazırki şəraitdə Azərbaycanda qiymətlərin artması üçün heç bir iqtisadi əsas yoxdur. Qiymət artımı yalnız süni şəkildə baş verir ki, onun da əziyyətini sadə vətəndaşlar çəkmiş olur. Xüsusən, “işbazlar” xarici turistlərin ölkəyə axınından sui-istifadə edərək qiymət artımına rəvac verirlər. Nəzərə alsaq ki, yay mövsümində ölkəyə gələn xarici turistlərin sayı artacaq, deməli hələlik qiymət endirilməsindən danışmağa dəyməz..

Alim
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü