Modern.az

Gürcüstanda “Əlli dörd gün erməni mühasirəsində” kitabı və Şuşa haqqında film təqdim olunub

Gürcüstanda “Əlli dörd gün erməni mühasirəsində” kitabı və Şuşa haqqında film təqdim olunub

22 May 2012, 14:41

Gürcüstanın Marneuli şəhərində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şuşanın və Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə hazırlanan “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminin və Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva, Milli Məclisin üzvü Gülər Əhmədova, Gürcüstan parlamentinin deputatı Azər Suleymanov, “Əlli dörd gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, gürcü ziyalıları, KİV nümayəndələri və gənclər iştirak ediblər.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətindən, mədəni-tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıtmasından söz açan Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə davamlı işlərin görüldüyünü bildirib.

O qeyd edib ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin xətti ilə Azərbaycanlılarının Mədəniyyət Mərkəzində Şuşa ilə bağlı bir layihə həyata keçirilib. Digər bir layihə isə Laçınla bağlıdır. Əsas məqsəd Gürcüstanda yaşayan azərbaycanlı gənclərə və gürcü ictimaiyyətinə Azərbaycan həqiqətlərini, ələlxüsus da Şuşada törədilən vandalizm aktlarını çatdırıb göstərməkdir: “Şuşa Azərbaycanın mədəniyyət beşiyidir, Şuşa nəinki Azərbaycana, bütün Şərq dünyasına əvəzolunmaz mədəniyyət nümunələri bəxş edib. Şəhərdə olan mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıdan işğalçı Ermənistan dövləti bununla bir çox beynəlxalq qanunu pozub. Dünya isə buna göz yumur”.

Qənirə Paşayeva onun baş məsləhətçiliyi ilə çəkilən “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmindən danışarkən deyib: “Bu filmi biz hər yerdə yayımlamalıyıq, məktəblərdə, ali təhsil ocaqlarında, ictimai təşkilatlarda, gənclərimizə və digər millətlərin nümayəndələrinə göstərməliyik ki, onlar gözləri ilə Ermənistanın Şuşada törətdiyi vəhşilikləri, vandalizm aktlarını görə bilsinlər”.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə çapdan çıxan və tədbir çərçivəsində təqdimatı keçirilən Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabından söz açarkən Qənirə Paşayeva vurğulayıb: “Bu kitab haqqında sizə ətraflı məlumatı müəllifin özü edəcək. Biz bu kitabı və filmi sizə təqdim etməklə arzu edirik ki, bu vasitələrdən siz bir silah kimi istifadə edə biləsiniz”.

Əli Əliyev öz çıxışında 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qaldığı 54 günlük mühasirə həyatı və Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələr haqda ətraflı məlumatlar verib və kitabın ərsəyə gəlməsində deputat Qənirə Paşayevaya təşəkkürünü çatdırıb.

“Əlli dörd gün erməni mühasirəsində” kitabının və “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” filminin nüsxələri tədbir iştirakçılarına, Gürcüstanın bir sıra təhsil ocaqlarına, QHT və KİV-lərinə paylanıb.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü