Modern.az

“Azərbaycanın haqlı mövqeyi barədə “Bulgaria News”a yazı hazırladım” - Bolqarıstanlı jurnalistlə MÜSAHİBƏ

“Azərbaycanın haqlı mövqeyi barədə “Bulgaria News”a yazı hazırladım” - Bolqarıstanlı jurnalistlə MÜSAHİBƏ

27 Avqust 2020, 08:53

Qlobal Jurnalistlər Şurasının (GJC) Bolqarıstan təmsilçisi, jurnalist Nahide Deniz Modern.az-a müsahibə verib.

 

Nahide Deniz Bolqarıstanda anadan olub. Sofiya Universitetində slavyan dilləri və jurnalistika üzrə təhsil alıb. Daha sonra Bolqarıstanın bır sıra media qurumlarında çalışıb. O, həmçinin M.V.Lomonosov adına Moskva Universitetində 1 il ixtisaslaşma dərslərində iştirak edib. Hazırda “Bolgarian News” Xəbər Agentliyində çalışır.

 

- Dünya praktikasına nəzər saldıqda, XXI əsr jurnalistikasını necə xarakterizə edərdiniz? Hansı dəyişikliklər və yeniliklər var?

- Jurnalistikanı həyatın digər ölçüsü hesab edirəm. XX əsrdə jurnalistika iki qütblü dünyanın sərhədləri daxilində inkişaf edirdi, bir dünyanın xəbərləri o biri auditoriya üçün ideologiya ilə qadağan edilmişdi və ya idarə olunurdu. Və  jurnalistlər də iki dünyanı ayıran sərhədlər içərisində qalmışdılar.

XXI əsr jurnalistikada yeni bir dövr açdı, rəqəmsal texnologiya həyatımıza girdi və sonsuza qədər yerləşdi. İnsanlar artıq dünyanın harasında olurlar olsunlar,  xəbərlə yatıb xəbərlə oyanırlar. Yəqin ki, heç bir fəaliyyət sahəsi jurnalistika qədər tənqid görməyib, amma eyni zamanda, bu qədər iş bacaran sahə də olmayıb. Jurnalistika bəlkə də bir fəaliyyət nümunəsi, ölçüsü deyil, amma onun içərisində hər şeydən nümunələr tapa bilərik. Bu xüsusiyyət onu həyatın digər ölçüsü edir.

Beləliklə, jurnalistikaya ehtiyac davam edəcək və artacaq. Klassik formaları yenilər əvəz edəcək, onsuz da hər gələn gün bir yeni forma gətirir. Bu yenilənmə bitməyəcək, daha da inkişaf edəcək.

Bu, dünyanı hələ də sarsıtmaqda davam edən COVID-19 pandemiyası zamanı daha aydın göründü. İnformasiya alətləri və mühit dəyişsə də, jurnalistikanın mahiyyəti olduğu kimi qaldı.

 

- Bu gün Bolqarıstanda jurnalistikanın üstünlükləri və bu sahədə gözləntilər nədir?

- Bolqarıstan Cənub-şərqi Avropada, Balkan yarımadasının Şərq hissəsində yerləşən bir ölkədir. Qərbdə Serbiya və Makedoniya, Şərqdə Qara dəniz, Şimalda Rumıniya, Cənub-şərqdə Türkiyə, Cənubda Yunanıstanla əhatə olunub. Rəsmi rəqəmlərə görə, 7 milyon əhalisi olan ölkənin 2,5 milyondan çoxu xaricdə işləyir ki, bu isə daha çox xalqın gənc və təhsilli olan hissəsidir. Rəsmi mənbələrə görə, əhali sürətlə azalır.

1989-cu ildə kommunist rejiminin çökməsindən sonra ölkə demokratiyaya keçdi. Uzun illər (1944-1989) kommunistlər tərəfindən mətbuat azadlığına edilən təzyiqdən sonra azadlıq bir çox media orqanının yaranmasına gətirib çıxardı. Bolqarıstan 2007-ci ildə Avropa Birliyinə üzv oldu və bu mediaya yeni üstünlüklər qazandırdı. Qəzetlər Avropadakı kimi, formatını dəyişdi və tabloid formada nəşr edildi. Ancaq bu, işin yalnız görünən tərəfidir. Çünki 2019-cu ilin məlumatlarına görə, Bolqarıstan dünya miqyasında mətbuat azadlığı indeksində 111-ci yerdədir. Bu, yalnız Avropa İttifaqı ölkələri arasında deyil, Balkan yarımadasında belə ən pis mənzərədir. Bunun bir çox səbəbi var. Bir tərəfdən yalnız kağız üzərində sərbəst görünən mətbuat təşkilatları var. Maliyyənin çox hissəsi Avropa İttifaqı fondlarından ayrılan və Nazirlər Şurası tərəfindən təsdiqlənən vəsaitlərdən gəlir. Beləliklə, mətbuatda güclü bir özünəsenzura mexanizmi formalaşır. Digər tərəfdən, geniş yayılmış rüşvət şəbəkəsi var. Bu, mətbuat mənsublarının, xüsusilə araşdırmaçı jurnalistlərin tez-tez təhdid edilməsinə səbəb olur. Digər tərəfdən, medianın çox olması və getdikcə biri-birinə bənzəməsi də aşkardır. Ölkənin Avropa İttifaqına üzvlüyü jurnalistlər üçün bir çox üstünlüklər təklif edir. Məsələn, Avropa İttifaqı fondlarından yararlanmaq, səlahiyyətlərini artırmaq, demokratiya və mətbuat azadlığı sahəsində məsuliyyəti artırmaq və s. Bütün bunların zamanla daha da inkişaf edəcəyini düşünürəm.

Məni narahat edən problem, ölkədəki türk dilində nəşrlərin az və yetərsiz olmasıdır. Bununla birlikdə, Bolqarıstan Balkan ölkələri arasında türklərin ən çox yaşadığı ölkədir. Hazırda 1 milyondan çox, hətta bəzi mənbələrə görə 1,5 milyon türk-müsəlman bu ölkədə yaşayır. Buna baxmayaraq, türkcə yayım imkanları çox məhduddur. “Kırcaali haberleri” (http:www.kircaalihaber.com) qəzeti türk dilində qeydiyyata alınan yeganə rəsmi qəzetdir. Ölkənin rəsmi media qurumu Bolqarıstan Milli Radiosu (BNR) gündə 3 saat türk dilində yayım həyata keçirir. Bu verilişlərin 72 illik tarixi var. Həmçinin, Bolqarıstan Milli Televiziyasında və radioda hər gün 10 dəqiqəlik türkcə yayım proqramı var. Paralel olaraq, türkcə bloq yayımları mövcuddur. Halbuki, XX əsrin əvvəllərindən 1945-ci ilə qədər Bolqarıstanda 112 türk dərgisi və qəzet nəşr olunub. Bolqarıstan uzun illər Türk hakimiyyəti altında yaşadığına görə, burada Türk dili və ədəbiyyatı uzun bir tarixə sahibdir. “Divan ədəbiyyatı”nın bir çox görkəmli nümayəndəsi Bolqarıstanda anadan olub, əsərlərini burada yazıb. Kommunist rejim dövründə isə bolqar əsilli bir çox türk ziyalısı Bakıda təhsil alıb, geri qayıtdıqdan sonra türk nəşrlərinin inkişafına böyük töhfələr veriblər.

 

- Bolqarıstanda jurnalistlərin üzləşdikləri problemlər, çətinliklər nələrdir?

- Əksər qəzetlər tiraj və reklam gəlirlərinin kəskin azalması səbəbindən öz xərclərini ödəyə bilmirlər, buna görə də onları maliyyə ilə təmin edən strukturlardan asılı vəziyyətə düşürlər. Ölkənin ilk müstəqil qəzetlərindən olan “24 Çasa” və “Trud” qəzetləri bu gün əsas media qurumları olaraq qəbul edilsə də, internet getdikcə daha çox əhəmiyyət qazanır və bir çox onlayn və xəbər portalları fəaliyyətə başlayıb. “BNT-1”, “BNT-2” və “BNT HD” radioları hələ də Bolqarıstanda ictimai rəyi istiqamətləndirmək üçün güclü vasitədir. Bolqarıstanın aparıcı özəl televiziya kanalları olan BTV, “Nova” Televiziya, “Bolqarıstan efirdə” telekanalları müasir əyləncə formatları sayəsində illərlə dövlət televiziyasının inhisarını sürətlə aradan qaldırmağı bacardı. Bolqarıstanda epidemiya səbəbiylə işlərini itirən mərkəzi media müxbirləri haqqında bu günə qədər rəsmi məlumat yoxdur. Xəstələrin sayı 15 mindən çox, ölənlərin sayı 445 nəfər idi. Jurnalistlərin maaşları və tətilləri azaldılıb. Regional səviyyədə bir çox qəzet bağlandı.

 

- Qlobal Jurnalistika Şurası (GJC) kimi regional və qlobal platformaların dünya mediasını bir araya gətirmək istiqamətində rolunu necə qiymətləndirirsiniz?

- Mən bir il əvvəl GJC-yə qatıldım.  Elşad Eyvazlının rəhbərlik etdiyi GJC-də  Xarici Media Şurasının üzvüyəm. GJC-nin rolunu vacib missiya hesab edirəm və əhəmiyyət verirəm. Niyə? İnsanların şüuruna təsir edildiyi, qavrayış proseslərinin baş alıb getdiyi dünyada yaşayırıq və təəssüf ki, jurnalistlər bəzən bilərəkdən, bilməyərəkdən bu prosesə cəlb olunurlar. Regional və qlobal səviyyədə məsələlərə bələd olan jurnalistlərin bir araya gəlməsi, hansı ki, dünyanın müxtəlif bölgələrindən olan jurnalistlər, Türkiyənin 81 bölgəsini təmsil edən media mənsubları burada yer alıblar, bölgənin problemlərini düzgün qiymətləndirmək, təcrübələrini bölüşmək baxımından önəmlidir. Məsələn, Yaxın Şərqin problemləri çox fərqlidir, ancaq GJC nümunəsində buranı yaxşı bilən jurnalistlər bir araya gələndə baş verən problemləri anlamaq və düzgün qiymətləndirmək asanlaşır. Son zamanlar Azərbaycan və Ermənistan arasındakı münaqişə, Azərbaycanın haqlı mövqeyi, Türkiyənin bu mövzuda dəstəyi haqqında “Bulgaria News” xəbər agentliyinə reportaj hazırladım. Həmçinin,  sədrimiz Mehmet Ali Dimin başçılığı ilə KGK-nin uzaqgörən, enerjili, yeniliklərə açıq bir görüntüsü var. Məsələn, COVID-19 pandemiyası zamanı məhsuldar onlayn görüşlər keçirdik və düşünürəm ki, bu gün olduğu kimi gələcəkdə də mühüm layihələr həyata keçirəcəyik.

 

- Müasir jurnalistikanın inkişafı haqqında danışdıq. Bu sahədə problemlər varmı?

- Düşünürəm ki, müasir jurnalistika ciddi bir təhsil kimi xidmət edəcək. Ciddi və analitik jurnalist yazılarına maraq artmaqdadır. Jurnalistika tək bir yanaşma təqdim etmir, neytraldır, bütün mövqeləri əks etdirir, faktları mümkün qədər obyektiv şəkildə təqdim edir və beləliklə, oxucu və ya izləyicini doğrunu müəyyən etməyə istiqamətləndirir. Əlbəttə ki, bütün bunlar müzakirə olunan mövzudan və ya ifadə olunan rəydən çox asılıdır.

 

- Bir jurnalist gün daha çox  hansı keyfiyyətlərə və üstünlüklərə sahib olmalıdır?

- Şəxsən mən media və rabitə baxımından jurnalistikanın gələcəyindən narahat deyiləm. Çap, elektron və ya onlayn jurnallarda jurnalistika ayaqda qalacaq. Çünki yalnız vətəndaşlar etibarlı məlumatlara və fərqli yanaşmalara çıxış əldə etdikdə demokratiya uğurla fəaliyyət göstərə bilər. XXI əsrdə hakim olacaq jurnalistikanın keyfiyyəti məni daha çox düşündürür.

 

- Dünyanın koronavirus pandemiyası ilə mübarizə etdiyi bir vəziyyətdə mətbuatın və jurnalistlərin vəzifələri nələrdir?

- COVID-19 pandemiyası medianı sınayan ilk böhran deyil. Bəli, ölçüləri və təsiri hamımızı şoka saldı. Ancaq öyrənəcəyimiz ən vacib dərs jurnalistikanın keyfiyyətini qorumaq, məhsullarımızı oxucuların tələblərinə uyğunlaşdırmaq, dəyişikliklərdən qorxmamaq və adət-ənənəni qoruyaraq, fərqli bölgələrin problemlərini, insanlarını tanıtmaq və onları sülh və demokratiya naminə yaxınlaşdırmaqdır. Texnoloji keyfiyyətə malik fəaliyyət, yeni texnologiyalara sürətli adaptasiya və yüksək peşəkarlıq bizə yeni imkanlar təqdim edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü