Modern.az

“Allah lənət eləsin o kəslərə ki...”

“Allah lənət eləsin o kəslərə ki...”

Aktual

12 İyul 2012, 13:02

“Əkinçi”dən seçmələr

Modern.az saytı Milli Mətbuat Günü ərəfəsində mətbuatımızın təməlini qoymuş “Əkinçi” qəzetindən seçmələr təqdim edir.                               

Avropa əhlinin qəzeti iki qisim olur, birisi ki, gündə bir neçə dəfə, ya güdə bir, ya intəhası həftədə bir çıxır, ona qəzet deyirlər. Birisi ki, iki həftədə, ya ayda bir, ya ildə 2-6 dəfə çıxır, ona jurnal deyirlər. Qəzet, əxbarati-yövmiyyədən xəbər verir və özü bizim qəzet kimi bir vərəq üstə çap olunur, amma jurnal kitab kimi 100-500 vərəq olur və özü elm və qeyri xəbərlərdən danışır. Avropa tayfasının hər birinin bir neçə qəzeti və jurnalı olur, hətta bizim həmçeşmimiz ermənilərin 10 qəzetləri və 3 jurnalları var. “Əkinçi” qəzeti bina oluncan bizim heç bir qəzetimiz, ya jurnalımız olmayıb. Doğrudur, Tehranda bir neçə ildir ki, “Ruznameyi-İran” çap olunur, amma ondan heç kimsəyə nəf yoxdur. Bina bərin ona qəzet demək olmaz.

“Əkinçi”nin adını qəzet qoymaqdan muradımız ancaq yövmiyyə xəbərlər yazmaq idi. Amma bizim eldə jurnal olmadığına naəlac həmi təzə xəbərlərdən, həmi elm və qeyri xəbərlərdən danışırıq. Lakin qəzetimiz kiçik olduğuna və gec-gec çıxdığına nə təzə xəbərlərin hamısından, nə qeyri xəbərlərdən çox yazmaq olmur. Bu səbəblərə ya gərək qəzeti böyükləndirmək ya onu tez-tez çıxarmaq. Qəzeti bir az böyükləndirmək məqdur oldu, amma hürufat az olduğuna dəxi böyükləndirmək olmur. İndi lazım gəlir qəzeti tez-tez, həftədə bir çıxarmaq. Amma həftəlik qəzetin də xərci birə-bir ziyadə olacaq. Ona binaən onun qiymətini də birə-bir artırmaq, yəni onun bir ilinə 6, yarım ilinə 3 manat qiymət qoymaq gərək. Çünki müştərilərimizin bəzi təvəqqə edirlər ki, qəzeti həftədə bir çıxardaq, ona binaən yazıb bəyan edirik ki, əgər təzə ilədək 300-dən adam xahiş edə ki, altı manat verib qəzet apardacaqlar, ol vaxtda gələn ilin ibtidasından qəzeti həftədə bir çıxardacağıq. Amma lazım bilib bunu da bəyan edirik ki, onlardan nə ki 300, bəlkə 100 də altı manat verə müştəri olmayacaq.

Ay qardaşlar, sözün doğrusunu demək gərək, əgərçi bu halda bizim 290-a qədər müştərimiz var, amma onların hamısını müştəri hesab etmək olmaz. Onların 140-ı Badkubə quberniyasının kəndlilərindəndir ki, onlar üçün qeyrilər qəzet apardır. Bəzi bizim dostumuz olduğuna bizə görə apardır, bəzi onu apardıb öz aşna-dostlarına sovqat göndərir. Mərhaba belə müştərilərə. Onların müştəriliyindən çe hasil?

Ay qardaşlar, bizlərdə qardaşlıq həmiyyəti yoxdur: qart-qurt rus dili bilənlərimiz rus qəzeti gətirdilər ki, onu əvamünnas görüb onlara artıq hörmət eləsin. Şaltay-baltay rus yazısı bilənlərimiz rus qəzetlərinə məktublar göndərirlər ki, onlar çap olunanda ruslar ona hörmət etsin. Heyhat, biz kor olmuşuq ki, bircə qəzeti də saxlaya bilmirik və bununla belə qeyri millətlərə gülürük. Bəli, niyə gülməyək, onlar axmaqdırlar. Məsələn, bizim həmçeşmimiz gürcülərin bir neçə qəzetləri var, amma on ilə indi Kutais şəhərində bir icma bina olub 5 min manat cəm edib ki, gələn ildən həftəlik qəzet çap etdirsin, qiyməti 7 manat və əgər çap elətmək zərər eləsə, o 5 min manatı ona məsrəf etsin.

Məgər bizim tavanalı şəxslərimiz yoxdur ki, belə icma bina edək və nə ki bir, bəlkə 5-10 qəzet çap elədək? Genə Allaha şükür, tavana kəslərimiz çoxdur, amma ...... həzərat, bağışlayınız yeri düşüb ərz edəcəyəm-onların bəzi müftə qəzet apardıb indiyəcən pulunu verməyiblər. Bəzi qəzet oxumağı günah hesab edir ki, guya qəzet oxumaq şəriətə namüvafiqdir. Bunun qabağınca sizə nə deyim? Sizdə taxsır yoxdur. Allah lənət eləsin ol kəslərə ki, bu böhtanı bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi sərgərdan ediblər!


“Əkinçi”, 25 iyul 1876, №14.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü