Modern.az

Xorvatiyanın sabiq prezidenti Azərbaycandan YAZDI

Xorvatiyanın sabiq prezidenti Azərbaycandan YAZDI

Aktual

20 Noyabr 2020, 15:20

Xorvatiyanın “Nacional” ictimai-siyasi jurnalında Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin İdarə Heyətinin üzvü c-b. İvo Yosipoviçin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair “Sağlam düşüncə siyasətdə çox zaman gec qalır, amma həmişə xoş qarşılanır” adlı köşə yazısı dərc olunub.

 

Bu barədə Modern.az-a Azərbaycanın Xorvatiyadakı səfirliyindən məlumat verilib.

 

Məlumata görə, İ.Yosipoviç qeyd edir ki, 20 il öncə Avropa Şurasının eksperti qismində ilk dəfə Azərbaycanda olub. O zaman ölkəmiz müəllifə kasıb ölkə təəssüratı bağışlamış, Bakı tipik post-sovet şəhərinə oxşayırdı. Amma görünən o idi ki, gələcək tamam başqa cür olacaqdır. Bu gün qaz və neft zənginliyi və düzgün iqtisadi siyasət sayəsində Azərbaycan tamamilə fərqli bir ölkəyə çevrildi: artıq nisbətən varlı, firavan və özünə bələd bir dövlət var. Eyni zamanda müəllif vurğulayır ki, o zaman hiss olunurdu ki, Qarabağın itirilməsi azərbaycanlılar üçün Vətənin bir parçasının yox olması demək idi.

 

İ.Yosipoviç Ermənistanın 90-cı illərdə Rusiyanın siyasi və hərbi dəstəyindən istifadə edərək və xalqların öz müqəddəratını təyin etmək prinsipini önə çəkərək Azərbaycanın torpaqlarını zəbt etdiyini, orda guya müstəqil dövlət yaratdığını qınayıb. Belə ki, ermənilərin zəngin mədəniyyətə, bir sıra hamı tərəfindən tanınan simaları olmasına baxmayaraq, qonşu xalq böyük faciələrə gətirən “bizimkilərin hamısı bir yerdə” düşüncəsindən qurtula bilməmişlər. Sözügedən düşüncə tərzi keçmiş Yuqoslaviya ərazisində də qanlı müharibələrə səbəb olub.

 

Lakin son 30 il ərzində vəziyyət tamamilə dəyişib. Azərbaycan iqtisadi və hərbi baxımdan güclənmiş, paytaxt Bakı ən gözəl Avropa paytaxtları ilə bir səviyyədə və hətta bir çoxundan daha cəlbedicidir. İqtisadi və hərbi baxımdan Azərbaycan hazırda Ermənistandan çox qabaqdadır. Rusiya da daxil olmaqla bir çoxları üçün xoş bir müttəfiqdir. Bu səbəbdən Rusiya bu dəfə Ermənistanın tərəfini tutmadı və münaqişənin həllində yeganə moderator olmaqdan məmnun olub. Azərbaycan diplomatiyası da əhəmiyyətli rol oynadı. Nəticə gözlənilən idi, Azərbaycan mühüm qələbələr qazandı və erməni tərəfini hərbi fəlakət ilə üzbəüz qoyub.

 

Son məqamda Ermənistan rəhbərliyi düzgün qərar vermiş və Moskvanın vasitəçiliyi ilə Dağlıq Qarabağdakı ambisiyalarından imtina edərək, həmin ərazinin Azərbaycana yenidən inteqrasiyasını nəzərdə tutan atəşkəsi qəbul edib.

 

İ.Yosipivoç qeyd edir ki, Azərbaycan rəhbərliyinin qərarı səxavətli və müdrikdir. Aşkar üstünlükdən faydalanmaq və düşməni tamamilə əzmək əvəzinə danışıqlara getmək qərarı verilib. Yenidən inteqrasiya asan və sürətli olmayacaqdır. Bu baxımdan sağlam düşüncə Azərbaycanda ermənilərlə tolerant bir cəmiyyət qurmağa və azlıqların hüquqlarına hörmət etməyə razı olmaq deməkdir. İki ölkənin beynəlxalq hüquqa əsaslanan qonşuluq münasibətlərinin bərpasının vaxtının gəldiyini qəbul etmək deməkdir.

 

Daha sonra müəllif Xorvatiyanın da eyni münaqişə və proseslərdən keçdiyini oxuculara xatırladıb. Erməni və Azərbaycan xalqlarının bir-birinə tezliklə xeyirxah münasibət göstərməyi arzu edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü