Modern.az

“Dünya mayın axırlarında passivlikdən aktivliyə keçəcək” - Tanınmış astroloqun 2021-ci illə bağlı PROQNOZLARI

“Dünya mayın axırlarında passivlikdən aktivliyə keçəcək” - Tanınmış astroloqun 2021-ci illə bağlı PROQNOZLARI

Mədəni̇yyət

23 Dekabr 2020, 10:01

2020-ci ilin son günlərini yaşayırıq. Qarşıdan yeni il - 2021-ci il gəlir. Geridə qoyacağımız 2020 çox ağır il oldu. Dünyanı koronavirus infeksiyası bürüdü...

Ağırlığına, çətinliyinə baxmayaraq bu ilin sonu illərlə gözlədiyimiz qələbə, zəfər xəbərini aldıq. Torpaqlarımız işğaldan azad olundu. Qarabağdakı qələbəmizə görə çox sevincliyik.

Bununla yanaşı, həm də kədərliyik. Çünki 30 il sonra bizə qələbə sevinci yaşadan 3 minə yaxın hərbçimiz şəhid oldu.

Eyni zamanda, koronavirus neçə-neçə soydaşımızı əlimizdən aldı, onlar vaxtsız vəfat etdilər...

Lakin bütün olanlara rəğmən, yeni il yeni başlanğıc deməkdir. İnsanlar yeni ilə hər zaman yeni arzular, ümidlər bəsləyirlər, gözləntilər çox olur. Geridə qoyacağımız 2020-ci il “siçan ili”dir. Əvvəlki illər hər bir insan üçün fərqli bir şəkildə yadda qalsa da, bu il hamı üçün demək olar ki, eyni cür yaddaşlara həkk oldu.


Qarşıdan gələn 2021 “öküz ili” olacaq. Bəs astroloqlar 2021-ci il haqqında nə düşünürlər?

Modern.az saytı tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin 2021-ci il ilə bağlı astroloji proqnozlarını təqdim edir:

 

S.Rəhimli deyir ki, 2021metal ünsürlü ağ öküz ilidir:

“Od, ağac, torpaq ünsürlü olan “öküz ili” də var. Lakin 2021 metal ünsürlüdür. Çin təqviminə görə, yanvarın 1-i il dəyişmir, yeni il 12 fevralda başlayıb 2022-ci ilin 25 yanvarında bitəcək”.

Müsahibimizin sözlərinə görə, “siçan ili”nin simvolu olan siçan dağıdıcı, çılğın, qərarsız kimi səciyyələnirdisə, “öküz ili”nin simvolu olan öküz rahat, aydın, sabaha əminlik yaradan bir zaman kəsimidir.
Ümumiyyətlə, “öküz ili” stabil bir dövr sayılır. “Öküz ili” dildən iti, işi doğru görən, zəhmətkeş və özündə daim nikbinlik yaradan bir ildir. “Öküz ili”ndə insanlar liderliyə can atırlar. Liderliyə can atanlar çoxluq təşkil edir. Hətta bu rəqabətdə rəqib tərəfə sui-qəsd təşkil edənlər də çox olur. Tarixə nəzər salsaq görərik ki, BMT-nin baş katibi Hammarşeldə, Şahzadə Dianaya, Ziya Bünyadova, Nəriman Nərimanova “öküz ili”də sui-qəsd təşkil olunub.
Sui-qəsdlər var. Lakin böyük müharibələr, qlobal hadisələr olmayacaq”.


Səbuhi Rəhimlinin sözlərinə görə, “siçan ili”nin dağıtdığını “öküz ili” hamarlayacaq.

“Nəzərə alaq ki, ötən ilin planeti Saturn idi. Saturn da dağıdıcı, soyuqluq verən, münasibət korlayan aparıcı planetdir. Lakin bu ilin aparıcı planeti Venera olacaq. Venera istilik, sevgi rəmzidir. İnsanları bir-birlərinə yaxınlaşdıran planetdir.

Onu da qeyd edim ki, hansı planet aparıcı olursa, o planetin himayəsində olan bürclər də ilin aparıcı bürcləri hesab olunur. Bu baxımdan Veneranın himayəsində olan Buğa və Tərəzi bürcləri ilin aparıcı bürcləri olacaq. Buğa, Qız, Oğlaq torpaq, Tərəzi, Əkizlər, Dolça isə hava ünsürlüdür. 2021 torpaq və hava ünsürlü bürclər üçün daha aktiv il olacaq. Öküzün də dostları “ilan və xoruz illəri”dir. 2021 “Öküz, ilan və xoruz ili”ndə doğulanlar üçün uğurlu olacaq”.


Astroloqun sözlərinə görə, gələn il 4 dəfə astronomik tutulma olacaq. 6 ildən sonra bu tutulmalar minimuma enəcək.

“Son 2 ildə il ərzində 6 tutulma oldu. Dekabrda total tutulma baş verdi. Gələn ildə 4 astronomik tutulmanın olacağı ehtimal edilir. Ay tutulmasının 2 dəfə - mayın 26-da və noyabrın 19-da olacağı proqnozlaşdırılır. Günəş tutulmasının isə 10 iyun və 4 dekabr tarixlərində baş verəcəyi ehtimal olunur. 4 dekabrda baş verən Günəş tutulması tam tutulma olacaq. Bu, yaddaqalan hadisə olacaq”.

Müsahibimizin proqnozlarına görə, “öküz illəri”ndə ixtiralar da çox olur. İlk dəfə səsyazma cihazı, teleqraf xətti “öküz ili”ndə yaradılıb. Eyfer qülləsi, adrenalin hormonun kəşfi, ilk dəfə işıqforun quraşdırılması, Yuri Qaqarinin kosmosa uçması, Zeynəlabdin Tağıyevin təşəbbüsü ilə ilk qız məktəbinin açılması, Rus Dram Teatrının yaradılması, Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk dəfə tamaşaya qoyulması, “Neftçi” klubunun yaradılması, Sumqayıt şəhərinin əsasının qoyulması, “Neft daşları”nda dünyada ilk dəfə suyun içində neft quyusunun fontan vurması bunların hamısı “öküz ili”ndə baş verib.

“2021-ci ildə Azərbaycanda hansısa ölkənin hərbi bazası qurulmayacaq. Bura Rusiya və Türkiyə də aiddir. Pandemiya dünyanın bir bəlasıdır. Mən bunu zaman-zaman demişəm ki, koronavirus idarəolunan bir virusdur. Buna görə onunla bağlı  proqnoz vermək olmur.
Gələn il dünya may ayının axırlarında passivlikdən aktivlik mərhələsinə keçəcək. Pandemiya tərəfdən yozsaq, demək ki, may ayının axırlarından dünya aktivləşmə mərhələsinə qədəm qoyacaq. Devalvasiya may ayına qədər olmayacaq.
Qarabağda müharibə olmayacaq. Təbii ki, indi olduğu kimi anti-terror əməliyyatları aparıla bilər.

“Siçan ili”ndə təyyarə qəzaları, hərbi bazalarda partlayış olurdusa, gələn il daha çox zəlzələ və vulkan olacaq. Hər “öküz ili”ndə vulkan püskürməsi daha aktiv olur. Xəstəliklərdən dəri xəstliyi və ürək-damar xəstəliyi daha aktiv ola bilər. Bunlar “öküz ili”nin xarakterik xəstəlikləridir”.

 

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır