Modern.az

Bakıda 100 metrdən bir zibil qutusunun qoyulması tələbinə əməl olunmur

Bakıda 100 metrdən bir zibil qutusunun qoyulması tələbinə əməl olunmur

Aktual

2 Avqust 2012, 12:27

Paytaxtın Mənzil-Kommunal Təsərrüfatı Departamenti: “Hər bir oturacağın yanına zibil qutusu qoyası deyilik”

Məlum olduğu kimi, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.

Görəsən, bu iş niyə yerinə yetirilmir?

Bu prosesə yalnız böyük parklarda riayət olunur. Bakının bir neçə rayonunda elə parklar var ki, heç orada 1000 metrdən bir də zibil qutusu yoxdur. Bundan başqa çox səkilərin ətrafında da zibil qutusuna rast gəlmək müşkülə çevrilib. Bu baxımdan şəhər sakinlərinin bir çoxu zibili yerə atır.

Sorğu keçirdiyimiz bir neçə şəhər sakini dəyişiklikdən xəbərdar olduğunu bildirdi. Onların əksəriyyəti zibil qutularının azlığından şikayət etdilər.

Məsələ ilə əlaqədar olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəis köməkçisi Sabit Əzizov Modern.az-a açıqlamasında bildirib ki, kifayət qədər zibil qutusu var. Rəis köməkçisinin sözlərinə görə, haradakı şərait yaradılıb ora zibil qutusu qoyulub:

“Gündəlik olaraq küçələrdə vəziyyətin necə olduğuna nəzarət edilir. Hər bir oturacağın yanına zibil qutusu qoyası deyilik.”

Zibil qutularının çatışmadığına gəlincə, S. Əzizov bu haqda məlumatsız olduğunu bildirdi. Belə olduğu halda şöbə ilə əlaqə saxlamağı məsləhət gördü.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin İxtisaslaşmış Sanitariya Təmizlik və Kommunal Xidmət İdarəsinin rəisi Ramiz Verdiyev isə bu işə onların baxmadığını deyib. Xidmət İdarəsinin rəisi bu işlərlə MİS-lərin məşğul olduğunu bildirdi.

Sonda belə bir nəticə əldə olunur ki, 100 metrdən bir zibil qutusunun qoyulması tələbinə əməl olunmur. Adiyyatı olan qurumlar bu işi bir-birinin üstünə atmaqla yan keçirlər. Belədə isə şəhər sakinləri hələ ki zibilliyə alışmalı və hələ də digər ölkələrin təmizliyindən danışmalıdırlar. Amma çalışın cərimə olunmayasız...

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü