Modern.az

İTBAŞI (14-cü bölüm)

İTBAŞI (14-cü bölüm)

8 Yanvar 2021, 12:00

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

Artıq yeddi gündür ki, baş vəzir otağından çıxa bilmir. Şahənşahın hüzuruna gedib ona hər şeyi açmaq istəsə də Aslanın qapıda dayanan mühafizləri buna imkan vermirlər. Ümumiyyətlə saraya heç kim girmir, saraydan heç kim buraxılmır. Bütün əyanlar sanki zindandadırlar. Otaqlarında oturublar. Şahənşah isə daim tiryəkin təsiri altındadır. Beş hərəm onun başının üstündən tərpənmir. Şahənşah ayılan kimi baş hərəmin tapşırığıyla meylə dolu badəni ona içizdirir, istədi-istəmədi hoqqanın xortumunu ağzına soxurlar. Qaraniqablılar da gecə-gündüz içəridə və qapının ağzında keşik çəkirlər. Sarayın ətrafında isə əhali gecə-gündüz yığışaraq “Qüdrət Şah”, “Qüdrət Şah” deyə hayqırır. Baş vəzir bu hayqırtıları eşitdikcə, bir az da vahimələnir.

Yeddi gün keçdi. Səkkizinci gün səhər tezdən baş vəzir səs-küyə ayıldı. Pəncərədən bayıra baxdı. Uzaqdan insan selinin qalaya yaxınlaşdığını gördü. Camaat “Lələgiryanlar gəlir!”, “Qüdrət şahımız gəlir!” deyərək, qala qapılarına axışırdılar. Bu zaman baş mühafiz Aslan Divana daxil oldu.

– Hazırlaş, baş vəzir. Şahənşah Göyverən səni çağırır.

– İndi niyə? İş-işdən keçəndən sonra ona nə deyəcəyəm? Artıq Lələgiryanlar saraya yaxınlaşır.

– Baş vəzir, bir daha təkrar edirəm: Şahənşah Göyverən səni çağırır.

– Nə deyəcəyəm ona? Soruşmayacaq ki, niyə vaxtında gəlməmisən? Deyim ki, baş mühafiz Aslan hamımızı sarayda – öz otaqlarında həbs edib?

– Əlbəttə ki, soruşacaq. Çünki indi hoqqa çəkməyib. Ayıqdır. Tiryəkilərin də ayıq halını bilirsən yəqin... dəmi gəlib. Qışqırır, bağırır. Amma demişəm ki, heç nə verməsinlər. Bax, şahənşahın bu cür vəziyyətində onun yanına gedirik. İstəyirsənsə məni bəhanə gətirə bilərsən.

– Bəhanə niyə? Bəlkə düz demirəm?

– Düzə qalsa baş verənlərin hamısını çatdırmışam ona. Şahənşah Göyverən hər şeydən xəbərdardır. Lələgiryanlar barədə məlumat vermişəm ona. Başçılarının da kim olduğunu bilir.

– Kimdir başçıları?

– Sən! Şahənşahlığın baş vəziri Qüdrət Şah həzrətləri.

Qüdrət əsməyə başladı. Rəngi ağardı. Ayaqları sustaldı. Yıxılmasın deyə tez taxtına əyləşdi.

– Qorxdun, Qüdrət? İndi bildinmi ki, əyan Misqi, baş hakim Abdulla, vəkil Qaplan, baş nəqqaş Təbərxan, baş fərraş Qəşşaş hansı hislər keçiriblər sən onlar haqqında iftira yayanda? Sən onlara böhtan atanda? Gözləmirdinmi ki, bu oyunlardan sənin də başına gələ? Vaxtdır, gedək. Məhşər günün yaxınlaşıb. Get, kişi kimi boynuna al elədiklərini.

– Bacarmaram.

– Bacarmarsan? İyirmi min şahzadə Göyverənin qətlinə kim fərman verdi? Atla arabanı dərənin dibinə kim tez yetişdirdi?

– Atla araba məsələsini hardan bilirsən?

– Narazı insanları Kaminat və Əllam şahlıqlarına toplayıb Lələgiryanlar hərəkatını kim yaratdı? Günahsızları Göyverən körpüsündən üzüaşağı qır tiyanına kim atdı? Məzarlıqları kim şumladı? Bu, son günlərdə elədiklərindir hələ. Bunları bacardın. Amma indi elədiklərini etiraf etməyi bacarmayacaqsan?

– Yox, – deyib, baş vəzir Aslanın qabağında diz üstə çökdü.

– Qorxdun? Qorxma. Dur gedək. Mən aslanam, sənin kimi tülkü deyiləm. Ağlın özünə getməsin. Heç nə deməmişəm şahənşaha. Sadəcə sənə dərs vermək istəyirdim.

Qüdrət bir az sakitləşdi. Amma qorxu hələ canından çıxmamışdı. Şahənşaha nə deyəcəyini bilmirdi. Ayağa durub baş mühafiz Aslanın qabağına düşdü. Şahənşahın otağına tərəf addımlamağa başladı.

Şahənşahın otağı. Baş vəzir qabaqda, dalıyca Aslan içəri daxil olurlar.

– Aslan, tiryək hanı? Kuzələri meylə doldurmağı demişdim. Hərəmxanadan da hərəmlər gəlsin məni sığallamağa. Harda qaldılar?

– Şahənşahım, demişəm gətirəcəklər.

– Baş vəzir Qüdrət, indi isə sən gəl yaxına.

Qüdrət yerindən tərpənə bilmədi. Sanki döşəməyə mıxlamışdılar onu.

– Sənə demirəm ki, gəl yaxına? – deyə şahənşah qeyzlənib taxtından qalxdı. Özü baş vəzirə yaxınlaşıb yaxasından yapışdı. Dartaraq pəncərənin önünə apardı, – Qüdrət, sən mənə de görüm, paytaxta yaxınlaşan bu insan seli nədi?

– Lələgiryanlardır, şahənşahım.

– Hardan gəlirlər onlar?

– Kaminat və Əllam şahlıqlarından.

– Bəs mənim niyə xəbərim yoxdur bundan? Təsadüfdən tiryəklə mey qurtardı bu gün. Başım ayıldı. Bunların səs-küyünü eşitdim. Dayan, dayan. Başa düşmədim. Bəs sarayın ətrafına toplaşan bu itlər niyə “Qüdrət Şah”, “Qüdrət Şah” deyə hürüşürlər? Belə çıxır ki, məni sən devirmək istəyisən? Lələgiryanlara sən başçılıq edirsən? Yaxşı ki, vaxtında ayıldım. Aslan şahzadə Göyverənlərin arxasıyca çapar göndərib. İndi harda olsalar özlərini çatdırarlar. Səni isə özüm qaldıracağam minarənin başına. Dərinliyi qurşaqdan olan, pıqqapıqla qaynayan qır tiyanında əzabla ölməyini gözlərimlə görməsəm ürəyim soyumaz.

– Şahənşahım, şahzadə Göyverənlər gəlməyəcəklər.

– Niyə?

– Ölüblər. Vəba, çiçək xəstəliyinə yoluxdular. Xilas edə bilmədik.

– Nə? – şahənşah qışqırdı. Ayaqları əsdi. Taxtına oturdu.

– Lələgiryanlar da valiliklərdə olan bütün qulağısırğalıları qətlə yetiriblər. Keçmiş valiləri qaytarıblar öz yerlərinə.

Bu zaman səs-küy qopur. Şahənşah tez eyvana çıxır. Aslan da onun arxasınca. Lələgiryanların qala qapısından maneəsiz içəri girdiyini görüb üzünü baş mühafizə çevirir.

– Bu nədir, Aslan?

– Üsyandır, şahənşahım, üsyan.

Şahənşah Göyverən otağa keçir. Aslan onun yanından bir addım da kənara tərpənmirdi. Lələgiryanlar saraya doğru addımlayırdılar. Baş vəzir Qüdrət nə edəcəyini bilmirdi. Rəngi ağarmış halda kirimişcə durmuşdu. Şahənşah Göyverən isə taxtında oturub heç nə danışmırdı. Üzünə ölüm rəngi çökmüşdü. Bilmirdi nə etsin. Qəfildən əlini qılıncına atıb qınından sıyırdı. Boğazına aparmaq istəyəndə Aslan cəld tərpənib əlindən aldı.

– Bu nə cürət, Aslan? Mən şahənşaham. Nə istəsəm, onu da eləməyə ixtiyarım var.

– Xeyr, şahənşahım. Olmaz. Günahdır özünə əl qaldırmaq.

– Mən Allah, din-min tanımıram.

Bu zaman Lələgiryanlar sarayın qapılarından içəri girirlər.

– Şahzadələrim, hazır olun. Vuruşmaq, dədəniz Göyverən uğrunda vuruşub ölmək zamanı gəlib çatdı, – deyə Göyverən əmr edir.

Aslan da, şahzadələr də qılınclarını qınlarından sıyırdılar. Şahənşahın qabağına keçib canlı sədd yaratdılar. Qapılar açıldı. Şahənşah qılıncların havaya qalxmasını gözləsə də, əvvəl Aslan, sonra isə qaraniqablılar diz çökdülər. Qılınclarını yerə qoydular. Aslan həmin adamın əbasının ətəyindən öpdü. Sonra isə baş vəzir diz çökdü. Şahənşah qapıya baxıb heyrətindən dondu.

– İtbaşı? – sonra üzünü Aslana və qaraniqablılara tutub, – Siz nə edirsiniz? Bu səfilin qabağında niyə diz çökürsünüz? Qılıncınızı niyə yerə qoydunuz? Sizin şahənşahınız mənəm. Aslan, bunları başa düşdüm. Sən heç ömründə mənim qarşımda diz çökməmisən. İndi İtbaşının qabağında diz çöküb, hətta bitli əbasının ətəyindən öpürsən? Şahzadələrim, qandallayın bunların əl-qolunu. Qılıncı dayayın boğazlarına. Mənim əmrimi gözləyin.

– Xoş gəldin, İtbaşı! – deyə qaraniqablılar hamılıqla qocanı salamladılar.

– Bunların dili açıldı? Aslan, bəs deyirdin ki, laldırlar?

– Şahənşahım, şahzadə Göyverənlər heç savaşda mənə tabe olmurdular. Sarayda onları necə idarə edəcəkdim? Hamısı öz mühafizlərimdir. Sadəcə, geyimlərini dəyişdim. Hamısına susmağı, özlərini onlar kimi aparmağı və sizi daim nəzarətdə saxlamağı tapşırdım.

İtbaşı Aslanla qaraniqablılara “qalx!” işarəsi verdi. Onlar ayağa durub qılınclarını qınlarına saldılar. Sonra aralanıb yol verdilər. Baş vəzir də qalxıb kənara çəkildi. İtbaşı şahənşaha yaxınlaşdı, – Eşitdim məni görmək istəmisən, ey şahənşah! – deyə zəhmli baxışlarını ona zillədi. Göyverən qeyri-iradi ayağa qalxıb, kənara çəkildi. İtbaşı keçib taxtda oturdu. Bu zaman baş hərəm Karine qucağında Barəngah otağa girdi. Gəlib İtbaşının qabağında təzim etdi. Qoca üzünü şahənşaha tutub dedi:

– Göyverən, sən artıq şahənşah deyilsən. Aslan bunun əbasını soyundur, tacını da başından götür! – deyə İtbaşı Aslana əmr etdi.

– Sən axı kimsən ki, mənim taxtımda oturursan? Baş mühafizimə əmr edirsən? Baş hərəm, sən nə ixtiyarla məndən iznsiz bura gəlmisən? Oğlumu gətirməyi sənə kim deyib?

Aslan Göyverənin qışqır-bağırına əhəmiyyət verməyib İtbaşı dediyi kimi edir. Onun şahənşah əbasını soyundurur. Tacını və qılıncını İtbaşıya təslim edir. Göyverən qeyzlənərək İtbaşıya hücum çəkib qılıncını almaq istəyəndə Aslan cəld tərpənib imkan vermir və qocanın qarşısında diz çökdürür. Əl-ayağını qandallayır. Amma Göyverən sakitləşmək bilmir.

– Yaxşı, mən şahənşah deyiləmsə, qanunlara görə yerimə oğlum Barəngah oturmalıdır. Mənim yeganə şahzadəm – vəliəhdim.

– Qanun? Necə deyirsiz siz şahlar? Şah qanundur? Amma nədənsə qanunlar indi yadına düşdü. Qoy olsun. Əvvəllər şah qanun idi, indi də qanun şah olsun. Düz deyirsən. Səndən sonra taxta altı aylıq oğlun Barəngah çıxmalıdır. Karine də validə olmalıdır. Barəngah həddi-buluğa çatanacan isə şahənşahlığı baş vəzir idarə etməlidir. Düz dedimmi, Göyverən?

– Hə.

– Karine, Barəngahı mənə ver.

İtbaşı taxtdan durub Barəngahı qucağına götürür. Alnından öpür. Sonra isə bələyi taxtın üstünə qoyur. Tacı çağanın başına keçirir.

– Barəngah, səni şahənşah elan etdim. Baş hərəm Karine, səni isə validə. Razı qaldınmı, ay Göyverən?

– Hə.

– İndi ay Göyverən, cavab ver. Bəs birdən şahənşah Barəngaha bir şey olsa qanunlara görə yerinə kim olmalıdır?

Bunu eşidən Karinenin rəngi ağardı. Titrəməyə başladı. Göyverən bilmirdi nə cavab versin. Handan-hana dilləndi:

– Validə? Deməli sarayda şahdan böyük mənsəb validəymiş? Yox. Mümkün deyil. Bu məmləkətdə heç vaxt şah zənən olmayıb, ola da bilməz.

– Düz deyirsən, zənən şah ola bilməz. Bəs şahənşah necə, ola bilərmi?

– Karine şah deyil, adi hərəmdir. O necə ola bilər ki, birbaşa şahənşah olsun?

– Sən kənd uşağı Əfdal necə şah oldun bəs? Amma şahlıq eləmədin. İşin-gücün o oldu ki, kimsə sənə “göyvərən” deməsin. Hamını öz gününə salmaq istədin ki, kütlədən seçilməyəsən. Karine isə Kaminat şahın qızıdır. Əsilzadədir. Sənin kimi çoban deyil.

– Mən çoban olmamışam heç vaxt.

– Çobansan, Göyverən, çoban. Sənə deyəndə ki, bətnində oğlunu gəzdirən Karineni öldür, niyə öldürmədin? Çünki sən fitrətən şah deyilsən. Əsl şah taxt-tacını qorumaq üçün övladını, hərəmini də öldürməyə hazır olmalıdır, bacarmalıdır. Tarixdə xaqanlar olub ki, taxt-taca görə xalqın yarısını qılıncdan keçiriblər, amma uf da deməyiblər. Sən isə şah ola bilmədin. Sadəcə, göyverənsən.

– Yox. Axı oğlum sağdır. Nə vaxtsa evlənəcək. Onun da uşaqları olacaq. Sonra da...

– Karine! – deyə İtbaşı qışqırdı. Karine əsməyə başladı. İtbaşı şahənşah qılıncını ona uzatdı. Karine bir müddət yerindən tərpənmədi. Çaşqın, rəhm dolu baxışlarla İtbaşıya baxdı, – Karine! – İtbaşı dübarə qışqırdı. Karine yenə də yerindən tərpənmədi. Gözlərində yaş gilələndi. İtbaşı üçüncü dəfə “Karine!” bağırdı. O yenə də yerindən tərpənmədi. Bu zaman İtbaşı üzünü Aslana çevirib qılıncı ona uzatmaq istəyəndə irəli çıxdı. Çağaya yaxınlaşdı. Bələyini açdı. Barəngah ağlamağa başladı. Karine buna əhəmiyyət verməyərək şahənşah qılıncını İtbaşıdan alıb sıyırdı. Sonra uşağın boğazına dirədi. İtbaşıya baxdı. Qoca başıyla razılıq işarəsi verdi. Karine gözlərini yumub qılıncı havaya qaldırıb endirdi. Baş tac qarışıq taxtdan yerə diyirləndi. Karine gözlərini açdı. Tacı yerdən götürüb İtbaşının qənşərinə gəlib ona verdi. İtbaşı Barəngahın qanına bulaşmış tacı alıb onun başına qoydu. Karine hönkürdü.

– Ağlama, şahənşah Karine, ağlama! Göyverənin oğlu böyüyüb, elə özü kimi göyverən olacaqdı.

İtbaşı Göyverənə baxdı. O, balaca Barəngahın qanı axan başını götürüb köksünə sıxıb, yerindəcə donmuşdu. Saçları bir anın içində ağarmışdı.

– Şahənşah Karine, artıq Göyverən şahənşahlığının başçısı sənsən. İlk hökmün nədir?

Karine əvvəlcə kəmərindəki pul kisəsini götürüb ağzını açdı. İçindəki qızıl xaçı çıxarıb boğazından asdı.

– Hökmümü hər yerə yaysınlar! Bu gündən şahənşahlığın adını dəyişdirib Kaminat şahənşahlığı qoyuram! Kaminat şahlığını paytaxt elan edirəm! Göyverən valiliyini ləğv edərək əvvəlki kimi Karzat şahlığı adlandırıram! Karzatın qız varisini şah elan edirəm! Əllam və Ərdan şahlıqlarında da qız varisləri şah elan edirəm. Mənim şahənşah olmağım münasibətilə üç gün şənlik keçirilsin. Xəzinənin beşdə biri xalqa paylansın! Həqq dövlətinin əvvəlki adını özünə qaytarıram! Bu gündən Yolaverənlər dövləti adlanır! Həqiqətən də bu xalq yolaverən, dözümlü xalq imiş. Baş vəzir Qüdrəti isə Yolaverənlər məmləkətinin şahı elan edirəm. Kaminat şahənşahlığının təbəəliyi olmaq şərtiylə.

Aslan Göyverənin əbasını vəzirin çiyninə salır. Qüdrət şah qulağındakı qızıl sırğanı çıxarıb yerə atır. Təpiyini üstündən basıb əzir.

– Qüdrət şah, sənin şahlığının ərazisindəyik. Göyverənə hansı cəzanı verirsən?

– İtbaşı, qanunlara görə məmləkətdə iki cəza növü var: Göyverən cəzası və Göyverən körpüsü. Hələ ki, heç biri qadağan olunmayıb. Göyverən isə bir vaxtlar şahənşahım olduğuna görə ona hörmətlə yanaşmalıyam. Özü seçsin. Hansını istəsə mən də möhür qoyum.

    – Göyverən körpüsü, – deyə Göyverən amiranə şəkildə dilləndi.

– Aslan, aç bunun qandallarını. İbadətgaha qədər müşayiət elə.

İtbaşı daha danışmadı. Göyverənə baxdı. O, Barəngahın qanı axan başını köksünə sıxmışdı. Bir müddət belə qaldı. Sonra ayağa durub İtbaşının qənşərində dayandı:

– İtbaşı, sən Barəngahsan?

– Yox, ey Göyverən. Mən İtbaşıyam.

– Bəs onda İtbaşı kimdir?

– Mən.

Qabaqda Göyverən, arxasıyla Aslan sarayın qapılarına yaxınlaşırlar. Mühafizlər qapını açmaqlarını görürlər. Hiddətlənmiş Lələgiryanlar Göyverəni görcək ona hücuma keçirlər. O qorxub Aslanın arxasında gizlənir. Mühafizlər Aslanın əmriylə çətinliklə də olsa qapıları bağlayırlar.

– Aslan, yadındadırmı mənə bir söz demişdin?

– Hansı söz, şahənşahım?

– Demişdin ki, mən heç vaxt əsir düşməyəcəyəm.

– Demişdim. Sizin xalqa yox, düşmənə əsir düşməyəcəyinizi demişdim.

– Bəs şətrəncdə qara daş olan xalq düşmən sayılmırmı? Təslim etmə məni onlara. Boynumu elə özün vur.

– Başüstə, şahənşahım.

– Əlvida, Aslan!

– Hələlik, şahənşahım, – deyib Aslan təzim edir.

– Hələlik?

– Bəli, şahənşahım. Nə vaxtsa cəhənnəmdə görüşərik.

– Yoxdur o dünya, Aslan. Nə varsa elə fani dünyadadır. Cənnət də, cəhənnəm də... Şahlar isə Allahdır. Öldürüb, öldürüb, sonda isə özləri ölürlər. Amma mən həyatımda insan nədir, heç toyuq başı da kəsmədim, – Göyverən qulağındakı qızıl sırğanı çıxarıb Aslana verdi, – Bu da məndən sənə yadigar.

– Əlvida, şahənşahım! – deyib Aslan qılıncını qınından sıyırdı.

 

***

 

Səhər azanından sonra qala qapılarından iki atlı karvan yoluna çıxır.

– Hə, Aslan. Hər şey yoluna qoyuldu. Baş vəzir Qurbanın, vəzir Qaflanın xəyanətləri gördün də nə qədər ölümə yol açdı. Bu cür məmləkət hayıf oldu getdi. Yaxşı ki, qabağını çətinliklə də olsa ala bildik.

– Göyverən də o dünyaya ürəyində “İtbaşı, sən Barəngahsan?” sualıyla getdi. İtbaşı, mən Barəngahı tanımağına tanıyıram. Amma əvvəllər nə baş verib – bunun tarixçəsini bilmirəm. Bəlkə danışasan mənə? Necə olsa sənin ən yaxın adamın, köməkçinəm.

– Nə deyirəm ki, danışım da... Karvansaraya hələ çox var. Aslan, Yolaverənlər xalqının şahı Alqan çox əzazil adam idi. Onun iki oğlu vardı. Böyüyü Həqqi, kiçiyi isə Barəngah. Barəngah çox ağıllı uşaq idi. Biliklərə yiyələnirdi, at çapmağı, qılınc oynatmağı yaxşı bacarırdı. Müharibə edəndə Alqan şah onu sərdara qoşurdu ki, bu sahəni də yaxşı mənimsəsin, baş kəsməyi, adam öldürməyi bacarsın. Amma böyük oğul Həqqi Barəngahın tam əksiydi. Həddi-buluğa çatandan sonra sarayda tapılmazdı. Eləcə veyil-veyil gəzərdi paytaxtı. Ona görə camaat öyrəşmişdi ona. Gələndə heç ayağa da qalxmırdılar, təzim də etmirdilər. Sarayda ancaq səhərlər nahar edərdi. Sonra isə paytaxtda kimin qapısını döysəydi, üzünə açıq idi. O cümlədən meyxanalar, karvansaraylar. Ondan qorxmurdular. Əksinə, çox istəyirdilər xətrini. Bir gün görməyəndə narahat olurdular ki, görəsən Həqqi xəstələnməyib? Zahirən gülərüz, ucaboy və kök olduğundan hamıya şirin təsir bağışlayırdı. Geyimi də sadə idi. Barəngah isə atasına oxşamışdı. Qaraqabağın, acıdilin, əzazilin biriydi. Camaatla it kimi davranırdı. Paytaxta çıxmır, çıxanda da qan çıxmayan yerdən qaşıyıb hökmən qan çıxarardı. Onun-bunun qızına sataşardı. Bahalı əbalar geyinər, qəşəng atlar sürərdi. Ətrafında həmişə saray mühafizləri olardı. Ona görə camaat ondan qorxurdu. Bu qorxu onları Həqqiyə daha da yaxınlaşdırırdı. Həqqi bütün qapıları döyürdü, hamının sevimli qonağı olurdu, bircə şahgülülər tərəfə boylanmırdı. Bu bir yana, heç zənən xeylaqlarına gözünün ucuyla da baxmırdı. Heç kim deyə bilməzdi ki, Həqqi kiminsə namusuna toxunub, xətrinə dəyəcək güldən ağır söz deyib. Camaat onu tərbiyəli, abır-həyalı insan kimi tanıyırdı. Üstəlik Alqan şahdan, Barəngahdan ona gileylənərdilər. Düzdür, Həqqi atasına bir şey deyə bilmirdi. Amma yeri düşəndə özündən çəlimsiz, boyca balaca olan qardaşını yaxşıca kötəkləyirdi. Alqan şah isə qocalırdı. Günlərin bir günü böyük oğlu Həqqini yox, Barəngahı vəliəhd elan etdi. Bununla da böyük səhvə yol verdi.

– Niyə ki, ay İtbaşı? – deyə Aslan dilləndi, – Axı özün də deyirsən ki, Barəngah Həqqidən ağıllı, bilikli idi.

– Aslan, cəmiyyətdə bir tarazlıq olmalıdır. Bir şah əzazil, qaniçəndirsə, ondan sonra taxta oturan rəhmli, adil olmalıdır ki, camaat bir az rahat nəfəs alsın, varlansın, ətlənsin. Elə ki, qudurub hürməyə başladı... əzazilin birini gətirib otuzdurursan taxta ki, başlasın camaatı əzməyə, artıq piyini əritməyə. Əzib, əzib qurtarandan sonra yenə rəhmlisini gətirib qoyursan şah. Camaat da yazıqdır axı. Axı şahı, əyanları, valiləri, mühafizləri, fərraşları, əsgərləri dolandıran onlardır. Növbələşdirməsən bütün cahan dağılar. İtbaşılar da elə bunu zamanında duyub hərəkətə keçmək üçündür. Xülasə, Barəngahın vəliəhd elan olunması narazılığı bir az da artırdı. Camaat böyük şahzadə kimi Həqqinin vəliəhd olacağını gözləyirdi. Bundan sonra Barəngahın ayağı bir az da yer aldı. Özünü şah kimi aparmağa başladı. Həqqi isə əvvəlki kimiydi. Hərdən qonşu şahlıqlara da gəzməyə gedirdi. Amma onun xalq içində hörmətinin yuxarı olması Barəngahı hiddətləndirirdi. Günlərin bir günü Həqqi bazarda oturub çay içəndə səs-küy qopur. Hamı o tərəfə axışır. Həqqi də onlarla birlikdə gedib görür ki, Barəngah bir nəfəri qamçısının altına salıb. Heç kim də cürət edib yaxın gedə bilmir. Döyülən adam Həqqini görüb ondan kömək istəyir. O da irəli çıxıb qardaşını itələyir. Yerə yıxılan Barəngahın qamçısını əlindən alır. Barəngah ayağa qalxır. Qeyzlənərək qılıncını qınından sıyırıb Həqqinin üstünə şığıyır. Ona çatıb qılıncı havaya qaldırsa da zərbə endirə bilmir. Bir müddət gözlərini onun gözünə dikib durur. Sonra isə qılıncını qınına salıb atına minir. Mühafizlərlə saraya qayıdır. Bu xəbəri Alqan şaha çatdırırlar:

“Saray. Alqan şahın otağı. Həqqiylə Barəngah hüzurunda dinməz dayanıblar.

– Danış, Barəngah!

– Hökmdarım, rəiyyətimdən biri yanımdan saymazyana keçdi, təzim etmədi. Mən də onu cəzalandırmaq qərarına gəldim ki, başqalarına dərs olsun. Qamçıyla düşdüm üstünə. Bu zaman Həqqi hardansa peyda oldu. O yaramaz da bundan imdad dilədi. Həqqi yaxınlaşıb məni itələyərək yerə yıxdı. Qamçını əlimdən aldı.

– Bəs sən vəliəhd nə etdin?

– Qılıncımı qınından sıyırdım. Elə ordaca boynunu vurmaq istəyirdim.

– Xub. Bəs sonra?

– Bacarmadım. Qıymadım qardaşıma. Qılıncı qınına salıb ordan uzaqlaşdım.

Alqan şah taxtından durub otaqda var-gəl etməyə başladı. Birdən Barəngahın qənşərində dayandı.

– Vəliəhd öz rəiyyətini qamçılamaz! Dərs vermək istəyirdinsə elə hamının qabağında boynunu vurmalıydın o nakəsin. Rəiyyət ancaq ölümdən qorxar. Qamçılasan, kötəkləsən, şallaqlasan sırtılar, öyrəşər, nə vaxtsa üzünə qayıdar. İkinci xüsus budur ki, istər şah olsun, istərsə də vəliəhd... əgər qılınc qınından çıxdısa qan ləkəsiylə yerinə qayıtmalıdır. Ya da əlindən düşüb başqalarına qismət olmalıdır. İstər davada, istər təxtgahda. Sən bir vəliəhd kimi düz eləmisən. Qılıncını sıyırmısan. Amma... – Alqan şah yenidən var-gəl etməyə başladı. Bu dəfə Həqqinin qarşısında dayandı. Sonra qılıncını kəmərindən açıb sıyırdı. Qınını Həqqiyə verdi. Sonra Barəngaha yaxınlaşdı. Qılıncı ona uzatdı. Barəngah qılıncı alıb çaşqınlıqla atasına baxdı, – Mənim iki oğlum var. Kiçik qardaş olsan da mən səni layiq bilib vəliəhd elan etdim. Amma sən taxtü-taca layiq bir vəliəhd kimi qılıncını sıyırsan da səni rəiyyətin içində bihörmət edən qardaşını öldürüb cəzalandırmadın. İndi isə mən qılıncımı belimdən açdım. Bu o deməkdir ki, qılınc geri qayıtmayacaq. Bu gün şahlığa layiq olan oğlumu seçib taxta oturtmalıyam ki, rahat öləm. Şahlıq ya sənə, ya da Həqqiyə qismət olmalıdır. Qılınc bir vəliəhd kimi səndədir, qını isə Həqqidə. Vur onun boynunu və qanlı qılıncı qınına salıb kəmərinə bağla. Sonra da əyləş şahlıq taxtında.

Barəngahın rəngi ağardı. Dizləri əsdi. Bir təhər Həqqiyə yaxınlaşdı. O da əsirdi. Alnını soyuq tər basmışdı.

– Barəngah! – deyə Alqan şah qışqırdı.

Barəngah qılıncı göyə qaldırdı.

– Barəngah! – Alqan şah ikinci dəfə qışqırdı.

Barəngah isə göslərini Həqqinin gözlərinə dikib sanki donmuşdu. Alqan şah üçüncü dəfə “Barəngah!” qışqıranda o, şah qılıncını Həqqinin ayağının altına atıb qaçdı. Bundan sonra Barəngahı görən olmadı”.

– Niyə qaçdı ki?

– Qaçmasaydı Həqqi onun boynunu vurmalıydı. O da qardaşına qıymasaydı, Alqan şah hər ikisini edam etdirəcəkdi. Həmin gün yatağa düşən Alqan şah qısa müddətdən sonra öldü. Əhali onun ölüm xəbərindən kədərlənmədi. Həqqinin taxta çıxması məmləkətdə toy-bayrama çevrildi. Saraydakı bu əhvalatdan isə heç kim xəbər tutmadı. Bircə baş vəzir Adil bilirdi. Sonralar onu bu mənsəbdə əvəzləyən oğlu Qurbana danışmışdı olanları. Xülasə, Həqqi idarəçiliyi baş vəzir Qurbana tapşırıb əvvəlki həyatını yaşamağa başladı. Amma onu nəzarətsiz qoymurdu. Qurbanın adamlarını hərdən daş-qalaq etdirməklə həm baş vəziri, həm də əyanları qorxu altında saxlayırdı. Özü isə mühafizsiz gəzirdi. Çünki onu qoruyan xalq idi. Qurban da məmləkəti layiqincə idarə edirdi. Qanunlar işləyirdi. Əlbəttə ki, haqsızlıq da olurdu. Onu da hakimlərlə qazilər tənzimləyirdi. Gah o yana, gah bu yana tərəf durmaqla. Məmləkətdə hamı razıydı, amma həm də narazıydı. Başqa sözlə desək, naşükürlük baş alıb gedirdi. Şahdan razı idilər, baş vəzirdən narazı. Bax, bu tarazlıq dövləti idarə etmək üçün əsas üsul sayılır. Həqqi də bunu bacarmışdı. Amma Həqqinin bir çatışmayan cəhəti var idi ki, bu da oğlanbazlığı idi. Şahzadə olanda qonşu məmləkətlərə gedib şəhvətini soyudurdu. Heç kim də xəbər tutmurdu. Amma indi şah idi. Hüdudlardan kənara çıxa bilmirdi. Baş vəzir Qurban əsas və yeganə yardımçısı idi. On iki-on üç yaşlı oğlan uşaqlarını tapır, Həqqinin yatağına salır, sonra isə öldürüb izini itirirdi. Qurban bütün hallarda, elə bu baxımdan da Həqqiyə sədaqətli, ağzıbütöv adam idi. Beləcə, günlər keçirdi. Qurban isə hər gün şahlıq taxtına bir addım yaxınlaşırdı. Çünki Həqqinin nə oğlu vardı, nə də hərəmxanası. O vaxtdan qardaşından da xəbər-ətər yox idi. Bilmirdilər ki, hardadır. Nə ölüsündən xəbər vardı, nə dirisindən. Həqqi şah isə qocalırdı. Amma məmləkətdən arxayın idi. Çünki Qurban kimi davamçısı vardı. Göyverən adlı birisinin sarayda Həqqinin oğulluğu kimi peyda olması Qurbanı heç narahat etmirdi. Həqqi də ona bu adı elə-belə verməmişdi. Hər yerdə deyirdi ki, guya Ulu Göy onun üçün göndərib yerə bu övladı. Əslində isə o bu adda bir hərfi dəyişdirmişdi ki, Göyverən gələcəkdə Qurbana rəqib ola bilməsin. Nəinki rəqib, heç cınqırını da çıxartmasın ki, bəs vəliəhd mən olmalıyam. Həqqi isə qocalırdı. Günlərin bir günü məmləkətə səyahət edəndə karvan yolunun üstündə tikilmiş təzə karvansarayda qardaşı Barəngahla rastlaşır. Demə saraydan çıxandan sonra uzun müddət başqa məmləkətlərdə gəzirmiş. Yaşlaşandan sonra isə qayıdıb bu karvansarayı tikib. Nə başını ağrıdım, Həqqidə qardaşlıq hisləri oyanır. İstəyir ki, ona olunan yaxşılığın əvəzini ömrünün sonunda əvəzini çıxsın və Barəngahı vəliəhd elan eləsin. İtbaşıyla məsləhətləşmək üçün onu karvansaraya dəvət edir. O da gəlib razılıq verir. Çünki adil, rəhmli şahdan sonra hökmən əzazili taxta oturmalıydı ki, tarazlıq pozulmasın. Barəngah da məhz elələrindən idi. Həqqi şah saraya qayıdıb bunu Qurbana deyir. Qurban da nə deyə bilər ki, boyun əyməkdən başqa. Amma, nə etsin ki, nəfsi güc gəlir. Gecəylə karvansaraya öz adamlarını göndərib, oranı xarabazara çevirir, hamını qılıncdan keçirir və tam arxayınlaşır. Bir məndən başqa. Mən qaçıb gizlənməyə macal tapmışdım.

– Bəs baş vəzir İtbaşıdan qorxmurdumu?

– Baş vəzirlər İtbaşı tanımazlar. Buna səlahiyyətləri çatmaz. İtbaşını yalnız şahlar və vəliəhdlər tanıyırlar. Baş vəzir bu barədə bilsə və İtbaşı tərəfindən yaxına buraxılsa, deməli artıq taxt-tac onundur. Eynən Qüdrət kimi. Ayıq tərpənib gəlib məni tapdı və mənə “sənin onuncu itinəm” dedi. O, Karineni, sən də onu hifz etdin. Qayıdaq əvvələ. Xülasə, bu xəbər Həqqiyə də çatır. Anlayır ki, karvansarayın dağıdılması baş vəzirin işidir. Amma onu cəzalandırmağa vaxtı çatmır. Ağır xəstəliyə düçar olub yatağa düşür. Amma huşu yerindəymiş. Loğman baş vəzirə deyəndə ki, bəs zəhər verim tez ölsün – eşidibmiş. Qurban isə əmin imiş ki, Həqqi bir daha özünə gəlməyəcək. Ona görə də buna izn verməyib. Sonra isə Həqqi özünə gəldi. Səninlə bura gəldi. Mənim sağ qalmağımı görüb sevindi və bu oyunu üçümüz qurduq. Qərara gəldik ki, bu xəyanətə cavab olaraq oğulluğu Göyverəni vəliəhd elan etdiyini baş vəzirə demədən meydanda car çəksin və Göyverənin atacağı ilk addımları ona başa salsın. Səninlə baş sərdar Abbas isə Göyverəni gecə-gündüz qorumağa başladınız. Mən də məmləkətdə işlər yoluna düşənə qədər baş vəzirin xaraba qoyduğu karvansarayda məskunlaşdım. Həqqi də yaxşı bilirdi ki, Göyverənin baş vəzir Qurbanı, nəinki onu, bütün saray əyanlarını görən gözü yoxdur. Məhz bu nifrətdən istifadə etdik. Sən Aslan da Qurbanla düşmən idin. Əslində o sənə düşmən kimi baxırdı. Çünki şahın baş vəzirdən başqa ikinci yaxın adamı olmamalıdır. Sən isə istisna idin. Ona görə Göyverənin mühafizəsini və mənimlə əlaqə yaratmaq məsələsini də məhz sənə tapşırdıq. Ertəsi gün Həqqi şah meydana çıxıb, oğulluğu Göyverənin vəliəhd olmasını hamıya car çəkdi. Sonra isə Göyverən şah oldu. Amma bədbəxt ölənə qədər bilmədi ki, o, idarə olunur: əyanlara anda içdirərək Göyverən soyadı vermək, şeyx-axundu bihörmət etmək, balığı qarışqaya yedirtmək, köhnə hərəmxananı bərpa etmək və Həqqinin digər vəsiyyətləri mənim qurduğum oyunlar idi ki, Qurban hərəkətə keçsin. Göyverəni heç bir iş bacarmayan əfəl şah kimi taxtdan salsın. Bir sözlə xəyanətə əl atsın. İşlər yaxşı da gedirdi. Göyverənin nağıllarda oxuduğu kimi dərviş libası geyinib səninlə paytaxta çıxmağı da mənim dəyirmanıma su tökürdü. Amma sən döyüşdə olanda Göyverənin gözdən yayınıb təxtgaha çıxmağı işləri korlayırdı. Ona görə səninlə tiryəki oyunu qurub onu tələyə saldıq. Bundan sonra qorxub tək paytaxta çıxmasın deyə. Öz istəyi və ağlıyla saraya kimi gətirmişdisə hamısını hiylə qurub, şayiələr yayıb çıxdaş elədik. Eləcə də Qurbanı: Karzat şahın baş vəziri Barzat Qurbanla danışığa gedib, Göyverənə müharibə elan etdirdi. Beləcə, Qurban özünü, üç valini, Birrəngi xəyanətkar kimi güdaza verdi. İllər boyu mənsəblərə yerləşdirdiyi əyanları, valiləri başsız qoydu. Bir çox məmləkətin baş vəzirlərinin xəyanəti də üzə çıxdı. Kaminat şahlığının vəliəhdi Karine mənim himayəm altında idi. Şah olacaqdı. Qaflan hiyləyə əl atıb Göyverənlə müharibə oyunu qurdu. Kaminat şahı və onu aradan götürdü. Yaxında və hadisələrin içində olmağım bütün bunların hamısını yoluna qoymağa imkan verdi. Yoxsa çoxdan Göyverən şahın da başını yemişdilər. Bütün bunlara, əlbəttə ki, sən Aslanın köməkliyi ilə nail olurdum. Göyverən isə məni Barəngah bilib dediklərimə qulaq asırdı. Amma öz bildiklərindən geri qalmırdı. Mən də çox xəbərdarlıq edirdim, olmuş əhvalatlar, çoxlu rəvayətlər, nağıllar danışırdım ona. Yetim uşaqları himayə etməyini, beləcə öz doğma övladlarından da etibarlı, sədaqətli nəslin yaranmasını istəyirdim. Onlar əslində mənim övladlarım sayılırdılar. Onlarla dünyanı daha rahat idarə edəcəkdim. Dünyada bir şahənşahlıq olacaqdı. Amma Göyverən nə etdi? Şahzadə Göyverənlər kimi iyrənc bir nəsil yaratdı. O nəsil ki, vəbadan da qorxulu olan bir xəstəliyi hər yerə yaymağa başladı. Düzdür, şahənşahlıq yarandı. Amma göyverənlər artaraq hər bir evə öz toxumlarını səpməyə başladılar. Mən də məcbur olub şahənşahlığın hüdudlarının artmasının, yeni şahlıqların ram edilməsinin qarşısını aldım. Amma şahzadə Göyverənlər artıq idarəolunmaz bir qüvvəyə çevrilmişdilər. İstənilən şahlığa gecəylə hücum edirdilər və iyrənc toxumlarını hər yerə səpirdilər. Göyverən isə onlara arxa dururdu. Göyverənin ibnəsi oyanmışdı. Bunun isə yeganə əlacı... Bundan sonrasını yaxşı bilirsən.

– İtbaşı, Karine əgər sənin himayəndə idisə, onda onun öldürülməsini niyə istəyirdin?

– O, Kaminat şahın qızıydı. Vəliəhd idi. Baş vəzir Qaflan xəyanət etmişdi onun atasına. O da qaçıb saraya sığınmışdı. Düzdür, gedib qisasını aldı. Amma dinc dayanan deyildi. Qorxurdum ki, Göyverəni də öldürə. Ona görə deyirdim ki, qətlə yetirilsin. Həm də Göyverəni sınayırdım. Amma o bunu etmədi və sənin vasitənlə göndərdiyim əmrlərə də qulaq asmadı. Karine isə öz şahlığını təbəəlikdən xilas etmək və şahənşahlığı ələ keçirmək üçün altı aylıq körpəsinin belə, başını kəsdi. Çünki o, şah nəslindən idi. Göyverən isə kənd uşağı. Şahlar üçünsə əsas taxt-tac olmalıdır. Onu qorumaq üçün ən yaxın adamını belə qətlə yetirməyi bacarasan gərək. Qüdrət isə Karineyə bilməyərəkdən yaxşılıq elədi. Kaminat şahlığına – Qaflan Şahı öldürməyə onu Qüdrət göndərmişdi. Xacəni, o cümlədən baş fərraşı aradan götürməyi də baş vəzir təşkil eləmişdi. Gecəylə saraydan qaçıb mənim yanıma məsləhləşməyə gəlməyi də Qüdrətin sayəsində mümkün olmuşdu. Əslində mən baş vəzir Qüdrətin qətlə yetirilməsinin tərəfdarıydım. Amma Karine möhlət istədi. Yəqin, ona olan yaxşılıq borcunu bu cür ödədi. Amma çox çəkməz ki, Qüdrəti aradan götürər. Əgər o Göyverənə xəyanət edibsə, nə vaxtsa ona da edəcək. Karine bunları yaxşı bilir.

– Bəs mən? Belə çıxır ki, mən də xəyanətkaram?

– Yox. Sən və Abbas Göyverənin ən etibarlı adamı sayılırdınız. Amma sarayda bircə siz qalmışdınız ki, göyverən olmayasınız. Sizləri də qaraniqablılara dəyişməyə başladı. Hamını qulağısırğalı etmək istədi. Məmləkəti isə bəladan qurtarmaq lazım idi. Lap gəl sən deyən kimi götürək. Sən Aslan da, Abbas da, Qüdrət də, Karine də, fərraşlar da, mühafizlər də, bütün saray əyanları da, xalq da, Lələgiryanlar da xəyanətkardırlar.... Belə çıxır ki, bu məmləkətdə bircə təmiz insan var imiş, o da Göyverənmiş? Burda xəyanətkar axtarma. Hamı Göyverənin üstünə qalxdı. Dəvənin dörd ayağı da çökdü. İtlər də hərəkətə keçdi. Sən isə öz sədaqətini sonacan sübut etdin. Şahənşahını itlərə yem etmədin.

– İtbaşı, sən bu boyda məmləkətləri necə idarə edirsən? Hər yerdə mənim kimi adamların var?

– Yox. Sizlər mənə ən çətin məqamlarda lazım olursunuz. O ki, qaldı hər şeydən xəbərdar olmağıma... Şahlar işləri çətinə düşəndə yanıma qaçırlar. Qonşularından şikayət edirlər, bir-birilərinin sirrini də elə özləri mənə açırlar. Hansı məqamda hərəkətə keçməyi isə mən özüm müəyyənləşdirirəm. Göyverənin ölümünə çox da heyfslənmə. Sarayda cəllad Mirqəzəbin yerinə Qüdrətin fərraşlarından birini qoymuşdu ki, səni də aradan götürsün nə vaxtsa. Qüdrət yanıma gələndə dedi mənə. Sonra isə saraydakı qapılarda deşik açdırıb, sizləri də fərraşlara pusdururdu. Sonda hamınızı qılıncdan keçirəcəkdi. Əgər xəyanətkar axtarırsansa, ən böyük xəyanətkar elə Göyverənin özüdür. Göyverən bir şeyi də sonacan başa düşmədi ki, şah heç vaxt hislərini başqasıyla bölüşməz.

– Amma yazıq sona qədər öyrənə bilmədi sənin həqiqətən də Barəngah olduğunu. Arada özüm də şübhələnib səndən soruşmaq istəyirəm ki, sən İtbaşısan, yoxsa Barəngah?

– Düz deyiblər ki, atı atın yanına bağlarsan, həmrəng olmasa da, həmxasiyyət olar. Sən də Göyverənlə o qədər oturub-durdun ki, axırda Göyverənləşdin. Lap onun kimi sual verirsən. Özü də mənim kim olduğumu yaxşı bilə-bilə. Sadəcə əvvəlini bilmirdin, onu da nağıl elədim.

– İtbaşı Barəngah, amma nahaq belə etdin? Nağılın sonu bu cür olmamalıydı. Axı qardaşınız Həqqi şah, siz və mən belə sözləşməmişdik. Bütün bu oyunlar sonda sizin şahənşah olmağınız üçün idi axı? O ki, qaldı Göyverənləşməyimə... düz deyirsiniz. Bu günün özündə bu məmləkətdə elə birinci Göyverən özüməm ki, var. Varisliyi mənə ötürdü şahənşah, – deyə Aslan gülə-gülə cibindən böyük və yeganə qızıl sırğanı çıxarıb Barəngaha göstərdi, – Bircə qalıb sağ yox, sol qulağımı deşdirmək. Amma fikrimdə qalıram. Sonu belə olmamalıydı.

– Ay Aslan, mən nə edim ki, zahirən İtbaşıya oxşayırdım. Eyni yaşda idik. Axı mən nə edim ki, baş vəzir Qurbanın adamları karvansaraya gələndə mən kənardaydım. Onlar yanıma xeyir-duaya gələn İtbaşını mən bilib qətlə yetirmişdilər. O da can verəndə hər şeyi mənə tapşırdı. Beləcə, həm Barəngah oldum, həm də İtbaşı. İtbaşı kimi bütün iyrənclikləri, şahların, vəzirlərin, vəkillərin, valilərin, hakimlərin, qazilərin çıxardıqları oyunları çılpaqlığı ilə gördüm. Mən bunları heç bir kitabda oxumamışdım. Özüm vəliəhd olanda özüm-özümdə heç bir naqislik hiss etməmişdim. Demə hər şey kənardan daha aşkar görünürmüş, nəinki daxildən. Bir də bir şeyi yaddan çıxartma. Mən eləyəcəklərimin hamısını Göyverən etdi. Bircə yetim oğlanları yox, qızları da mən dediyim kimi bir yerə toplasaydı, indi də şahənşah idi. Düzü, şahzadə Göyverənlərin bu cür dağıdıcı gücə malik olacağına mən də inanmırdım. Yoxsa beşiyində boğardım onları.

– Amma yenə deyirəm, şahənşahlıq sizin halalca haqqınız idi. Nə vaxtsa sizə edilən haqsızlığa son qoyulmasıydı. Bütün hər şeyi etdik. Sonu yetişəndə...

– Yox, Aslan. Qadınların həm sayca, həm mövqecə üstün olduğu, kişilərin isə xəyanəti, xəbərçiliyi özünə çörək ağacı etdiyi, göyverənləşdiyi məmləkətə mən başçılıq edə bilmərəm.

– Axı hamısı elə deyil. Təmizləri də var.

– Onlar da Göyverən çörəyi yeyib, Göyverən suyu içib, Göyverən sözüylə oturub-durublar, Göyverən mollaxana və mədrəsələrində təhsil alıblar, Göyverənə baş əyiblər, Göyverən məscidlərində namaz qılıblar, Göyverən vergisi veriblər, Göyverən cəzası alıblar, Göyverən pulu qazanıblar. Hətta “peyğəmbərlərdən sonra onlar gəlir” dediyimiz şairlər də göyverənləşmişdi. Sayım yenə də, yoxsa bəsdir? Gərək neçə nəsil dəyişsin ki, hər şey təmizlənsin. Bunun da öhdəsindən bəlkə qadınlar gələ. Amma buna da inanmağım gəlmir. Çünki matriarxatın özü göyverənlikdən betər bir mərəzdir. Özü də sağalmayan mərəz.

– Karine bacaracaqmı?

– Bacaracaq. Karine məndən üstün olduğunu sübut etdi. Qaflan şahı, iki hərəmi, xacəni öldürməyi öz yerində... taxt-taca görə altı aylıq körpəsinin belə, başını kəsdi. Mənimlə məsləhətləşmədən üç şahlıqda taxta zənən şahzadə əyləşdirdi. Mən isə o vaxt məni rəiyyət önündə pərt edən qardaşıma qıymadım. Atam da əmr etdi – bacarmadım. Karine bacaracaq. Xəzinənin “beşdə birini xalqa paylayın” deyəndə başa düşdüm ki, məmləkəti əvvəlki məcrasına qaytarmaq istəyir. Amma başa düşmür ki, istəsə də, istəməsə də yenə də dünyanı İtbaşılar idarə edəcək. Həddini keçəndə anlayacaq. Gec olsa da...

– İtbaşı, kişi şahların hərəmxanası olur. Bəs qadın şahlarda necədir?

– Ağıllı xatunlar – qadın şahlar yalnız xalqlarına ərə gedirlər.

– Əsas odur ki, sən bizim ağıllı İtbaşımızsan. İmkan vermərsən dünya dağıla.

– Axı İtbaşı kimə lazımdır ki, ay Aslan. Onsuz da qırırlar bir-birilərini. Mən olsam da, olmasam da. Bu dünya əzəldən belə yaranıb, belə də davam edəcək. Qoy nə edirlər etsinlər. Bircə hədlərini keçməsinlər. Bir də ki, kişi şahları bir təhər ram etmək olur. Qadın şahların başladığı müharibəni isə heç İtbaşılar da saxlaya bilməz. İllah ki, Karine kimi başkəsəni ola. Baxma ki, xəzinənin beşdə birini xalqa paylamaq əmri verdi... Mənim isə ömrümün sonudur. Rahat yaşamaq istəyirəm. Karvanın saribanı olmaqdansa, karvasarayın sahibi olmaq daha şərəflidir. İtbaşı olmaq isə artıq sənə yaraşar. Bu qazanda qaynayıb bişmisən. Hətta Göyverən də varisliyi sənə verib, – deyə Barəngah gülümsədi. Əlindəki çomağı Aslana uzadaraq, – Götür çomağı. Qılıncını isə mənə ver. Bir şeyi yaddan çıxartma. İtlərlə dost ol, amma heç vaxt çomağı əlindən yerə qoyma.

– Xalqla dost ol, amma qılıncı həmişə qınından sıyrılmış vəziyyətdə saxla. Ay İtbaşı Barəngah, əsas da odur ki, ac qalmayacağıq. Mədrəsələr çalışır. Həmişə bir tikə çörəyimiz olacaq. Daha saribanların artıq-urtuğuna tamarzı qalmayacağıq. Özü də bu mədrəsələr şahənşah Göyverənin hədiyyəsidir mənə. Allah ona rəhmət eləsin.

– Görürsən də, Aslan. Dünyasını dəyişdikdən sonra insanlar yığdıqlarına görə yox, verdiklərinə görə rəhmət qazanırlar. Məşhur kəlamdakı kimi: “Yedin dadındı, verdin adındı, qaldı yadındı”.

– Heyf ki, Göyverən bunu vaxtında bilmədi.

– Mədrəsələri bağışla alimlərə, loğmanlara. Şah çörəyi yeyəndən İtbaşı olmaz. Karvansaray isə mənim halal mülkümdür. Nə olsun ki, dağıdıblar. Özü də İtbaşı xalq yeyəndən yeməlidir ki, onların halından xəbər tutsun. İtləri isə sür-sümük.

– İtbaşı, şahlar allah sayılırmı?

– Yox. Xalq itdir, şahlar isə itbaşı.

– Bəs onda sən kimsən?

– Mən isə Barəngaham.

Barəngahla Aslan gülüşürlər. Uzaqdan karvansaray görünməyə başladı. İtlər hürə-hürə onlara tərəf gəlirdilər.

 

 

II  HİSSƏNİN SONU

01.2019 – 15.06.2019

 

ARDI VAR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir