Modern.az

İTBAŞI (15-ci bölüm)

İTBAŞI (15-ci bölüm)

6 Fevral 2021, 09:55

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 

 

ÜÇÜNCÜ HİSSƏ

 

Yolaverənlər məmləkətindən üzü Kaminat şahənşahlığına böyük karvan uzanır. Bu karvanın saribanı Şahənşah Karinedir. Sağ əlində qılınc var. Üstündəki qan oğlu Barəngahın qanıdır. Karine hərdən onu yuxarı qaldırıb baxır. Baxdıqca gözlərində yaş gilələnir. Amma mühafiz, qul-qaravaş görməsin deyə özünü ələ alır. Xəyala dalır: oğlum Barəngahın intiqamını almayanadək tiyəsində qanı quruyan bu qılınc qınına girməyəcək. Bu qılıncdakı qan oğlumun ölüm fərmanını verənin qanı ilə yuyulmalıdır. Yox. Axı İtbaşıda nə günah? Düzdür, əmri o verdi. Bəs sənin ağlın hardaydı, Karine? Kəsməyəydin oğlunun başını. Kəsməyəydim? Üç dəfə “Karine!” qışqırdı. İrəli çıxmadım. Yalnız “Aslan” qışqırandan sonra qılıncı götürdüm. Bunu mən etməsəydim, Aslan edəcəkdi. Üstəlik məni də qətlə yetirəcəkdi. Özü də olacaqdı şahənşah. Xalqıma görə etdim bunu. Oğlumu qurban verib məmləkətimi təbəəlikdən qurtardım. Üstəlik, şahənşahlığa – şahənşahlığın paytaxtına da çevirdim. Amma yox... bu məni soyuda bilməz. Oğlumun intiqamını qiyamətə qoymayacağam.

Bu zaman karvan mühafizi Şahənşah Karineyə yaxınlaşır.

– Şahənşahım, izn versəydiniz Kaminat şahənşahlığına çapar göndərərdim.

– Niyə?

– Gəlişinizdən atanız Kaminat Şahı xəbərdar etmək üçün. Hazırlıq görsünlər.

– Göndər!

– Başüstə, şahənşahım.

Bu dəfə təbib Məkrubə başını kəcavədən çıxarıb şahənşaha səslənir:

– Şahənşahım, yolumuz uzundur. Bəlkə kəcavəyə keçəsiniz?

– Yox, Məkrubə! Şahənşah həmişə atın üstündə olmalı, rəiyyətindən öndə getməlidir.

– Düzünü siz bilirsiniz, şahənşahım.

Karine yenidən fikrə gedir: bu boyda karvan, yükü də Göyverənin illər boyu xalqından, təbəələrindən talayıb yığdığı qızıl, ləl-cəvahirat. Sonda hamısı mənə qaldı. İndi saribanı olduğum karvanın mühafizləri, qulamları, kənizləri – hamısı Aslanın adamlarıdır. Aslan da İtbaşının sağ əli. Mən isə qisas üçün yanıram, intiqamdan danışıram. Kaminat şahlığı isə yenə əsarətdədir. Nə olsun ki, azad etdim. Qüdrət baş vəzir olanda yəqin ki, hər yerə öz adamlarını yerləşdirib. Atam Kaminat Şah isə əvvəl öz baş vəzirinə əsir düşdü. Sonra Göyverən Şahın girovuna çevrilərək, onun qılıncının – ölüm hökmünün qorxusu altında ömür sürdü. Daha sonra isə şahlığının mərkəzi meydanında baş vəzir Qüdrətin qabağında diz çökərək qılıncını ona təhvil verdi, təbəəliyi qəbul, xalqını isə qul etdi. Sonda da İtbaşının çaldığına oynayıb şahənşah kimi qəbul etdiyi Göyverənə xəyanət etdi. Şahlığını üsyana qalxan lələgiryanların oylağına çevirdi. İndi mən bu məmləkətə yol almışam. Qala qapılarından daxil olacağam. Camaat məni sevinclə, gül-çiçəklə qapşılayacaq. Mən isə meydana tələsəcəyəm. Sağ olduğunu eşidəndə sevincimdən səhərəcən hərəmxanada çırtıq çalıb, burcuda-burcuda oynayan mən illərdir üzünü görmədiyim, gecə-gündüz fikrimdən çıxmayan, dünyalar qədər sevdiyim atamın üstünə qaçıb boynunu qucaqlayacağam, hönkür-hönkür ağlayacağam. O da mənə “qeyrətli qızsan, halal olsun çörəyim sənə” deyib alnımdan öpəcək. Yaxşı, bəs atan haqqında düşündüklərin sənə də aid deyilmi? Sən əsir düşmədinmi? Sən qul kimi satılmadınmı? Şahın hərəmlərindən birinə çevrilmədinmi? Sonda isə uşağının atasına – şahənşahına xəyanət etmədinmi? Onu yeganə varisindən məhrum edib, özün öz övladının qatilinə çevrilmədinmi? Nəyin xatirinə? Bu karvandakı xəzinənin və üstündə dayandığın, sonda isə kömüləcəyin torpağın xatirinimə? Bütün bunlara dəyərmi tökdüyün qanlar? Məmləkətləri qorxu altında saxlayıb bac-xərac yığan, əzəmətli şahənşahlıq və Göyverənlik kimi bir təriqət yaradan Şahənşah Göyverənə xəyanət edərək onun sonunu gətirən, taxt-tacına sahib çıxan sən, indi rəiyyətin gözü önündə qorxaq, qətiyyətsiz, qul, xəyanətkar atanı necə qucaqlayıb öpəcəksən? Bu cür əzəmətli şahənşahlığın adını dəyişib bir qorxağın adıyla – Kaminat şahənşahlığı adlandırmağa necə dilin gəldi? Yox, bunları fikirləşmək artıq gecdir. Vaxtında başa düşməliydim bunları. Özü də ki, Şahənşah Göyverənin qadınlarla işi yox idi. Əksinə, onlara azadlıq vermişdi, bərabərlik qazandırmışdı. Bəs bunu niyə vaxtında anlamadım? Onu niyə qorumadım? Niyə İtbaşının dediklərinə qeyd-şərtsiz əməl etdim? Sabah İtbaşı bu oyunlardan mənim də başıma açmazmı? Yox, bunlar keçmişdir. Mən keçmişinə, itmişinə, ölmüşünə heyfslənməyən adamam. Mən gələcəyi fikirləşməliyəm. Gələcəyi fikirləşmək isə hər şeyi köhnə məcraya qaytarmaq deməkdir. Amma mən şah deyiləm – şahənşaham. Mən müsəlman deyiləm – xaçpərəstəm. Bircə şeyim əksikdir. Şahzadə Göyverənlərim yoxdur. Əvəzində Lələgiryanlar ordum var. Ac-yalavaclarım toxlardan qat-qat çoxdur. Göyvərənləşən şahlıqlarım var. Göyverən valiliyindəki xəstəlik birdən qırağa çıxsa hər şey məhv olacaq. Məsləhət üçünsə İtbaşının yanına getməyə lüzum yoxdur. Bilirəm deyəcəklərini. “Əhali Göyverəndən çox çəkdi. Onlara hüzur ver. İmkan ver özlərinə gəlsinlər” – ayrılanda verdiyi məsləhət bu idi. Yəni ki, büt olub yerimdə oturum. Heç kimə dəyib-dolaşmayım. Qanunlar işləsin, din xadimləri də camaatın beynini öz moizələriylə doldursunlar. Məni də Allahın yerdəki kölgəsi elan edib hey tərifləsinlər. Sonra da qocalım, ya da xəstələnib erkən ölüm. Yerimə əzazil bir şah oturdulsun və o, qurub-yaratdıqlarımı darmadağın etsin. Sonra o da ölsün. Onun yerini adil, mərhəmətli şah tutsun. Budurmu həyat? Biz şahlara bunu öyrədiblərsə, deməli budur. Yox! Mən belə hökmdar olmaq istəmirəm! Mənim şahənşahlığım mənim qanunlarımla yaşayacaq və mən bir hökmdar qadın kimi tarixdə qalmalıyam. Həm ədalətim, həm də zülmkarlığımla.

– Şahənşahım, keçin kəcavəyə. Son günlər sizin üçün çox ağır olub. Azacıq dincəlin, – yenidən təbib Məkrubənin səsi Karineni xəyalından ayırdı.

Şahənşah bu dəfə etiraz etmədi. Atın cilovunu mühafizə verib dəvənin üstündəki kəcavəyə addadı, – Mühafiz, ehtiyac duyulan anda həmən xəbər edin, – deyib kəcavənin örtüyünü bağladı.

 

* * *

 

Yolaverənlər məmləkəti. Qüdrət Şah taxtında oturub. Baş xəzinədar Hətəm hüzurunda dayanıb.

– Neyləyək, baş xəzinədar Hətəm?

– Mənə baş xəzinədar demə, ay Qüdrət. Xəzinə var ki, hələ bir başçısı da ola? Son qızılınacan hamısını götürüb apardı Karine.

– Karine yox, Şahənşah Karine. Divarın da qulağı var.

– Qüdrət, bəlkə məni buraxasan gedim nəvələrimin yanına?

– Deməli, məni ağır günümdə atıb getmək istəyirsən. Qızıl çox olanda heç nəvələr yadına düşmürdü.

– Boş-boş burda oturub nə edim? Əlimdən pul saymaqdan başqa heç nə gəlmir. Sənə nə kömək edim?

– Sözündən belə çıxır ki, mən də çıxıb evə getməliyəm? Sarayda səndən, məndən, bir də hərəmlərdən, xidmətçilərdən başqa heç kim qalmayıb. Aslanın mühafizləri də şahənşahla getdi. Lələgiryanlar da evlərinə dağılışdılar. Çıxıb indi meydandakılara desəm ki, hər şey köhnə qaydalarla idarə olunacaq, xalq qəbul edərmi? Vergilərin, qadağaların, ölüm hökmünün bərpasına qarşı çıxmazlarmı? Lap tutaq ki, buna qarşı çıxmadılar. Qadınlara verilən azadlıqları əllərindən alsam, Şahənşah Karinenin qəzəbinə tuş gəlmərəmmi? Yaxud da məni çağırıb deməzmi ki, “ay Qüdrət Şah, bu məmləkətin şahənşahı mən ola-ola sən nəkarəsən ki, özündən qanunlar çıxarırsan? Sən uzağı-uzağı hərəmxananı ləğv edə bilərsən. Çünki qanunlar bir qadın kimi onlara da aiddir”. Hətəm, deyər, ya deməz?

– Deyər, Qüdrət, deyər.

– Oturduğum yerdə özümə iş açdım. Heyf deyildi baş vəzir olmaq? Bütün məsuliyyət Göyverən Şahda idi. Bu dünyada şah yox, baş vəzir olmaq daha sərfəlidir.

– Onda başqa əlacın yoxdur. Oturaq gözləyək. Camaat da birtəhər başını dolandırsın, biz də...

– Bəs sabah Karinenin adamları qapıya gələndə ki, bac-xərac verin, nə deyəcəyəm?

– Şahənşah Karine bilmir ki, vəziyyəti? Yəqin bir müddət dəyməz bizə. Qoy hələ gedib yerinə-yurduna çatsın, yeni qayda-qanunları yaratsın, sonrasına Allah kərimdir. Su gələn arxa bir də gələr. Necə olsa gəlinimiz olub. Ətimizi yesə də, sümüyümüzü atmaz.

   – O gəlini mən şahənşah elədim. Atasını qarşımda diz çökdürərək qılıncını əlindən alıb təbəə elan etdim. Üstəlik də öz şahənşahıma xəyanət etdim. Bunu da Karine öz gözləriylə gördü. Başlasa, elə birinci məndən başlayacaq. Ona isə hələ vaxt var. Yaxşı, sən mənə de görüm baş vəzir kimi qoyum? Vəkil-əyan mənsəbinə kimi gətirim? Baş mühafizi kimlərdən seçim? Sarayda heç kim qalmayıb.

– Niyə ki, ay Qüdrət? Vaxtında Kaminat və Əllam şahlıqlarına yığıb qoruduqların sağdırlar. Sən onları göyvərən olmaqdan qorudun. Vaxtdır – onlar da əvəzini çıxmalıdırlar. Həmişə də səni baş görüblər. Bir işarə etsən yığışacaqlar qanadının altına. Hamısının da malı-mülkü.

– Yox. Özbaşına edə bilmərəm. Şahənşah vəziri deyiləm, şahənşah təbəəsi olan qılıncsız şaham. Boynum xaltalıdır, ipi də arvad əlində. Məsləhətləşim, sonra.

– Özün bilən məsləhətdir, ay Qüdrət. Düzünü sən bilirsən. Ağıllı adamsan. Amma bir şeyi yaddan çıxartma.

– Nəyi?

– O vaxt baş vəzir Qurbana dəfələrlə “nə qədər gec deyil Göyverəni aradan götürək” desən də qulaq asmadı. Zaman göstərdi ki, sən haqlıymışsan. Göyverənin şahlığı nəinki Qurbanı, bütün məmləkəti məhvə apardı. İndi isə mən sənə deyirəm: nə qədər Karine ayılmayıb, ətrafına öz adamlarını yığıb güclənməyib, özünü qoru. Yoxsa sonra gec olar. Şahənşahlığın ən böyük, ən qədim tarixi olan şahlığı bizik.

– Tələsmə, Hətəm, tələsmə. Yeni zəmanə indi-indi başlayır. Göyverənlə bacardım. İndi deyirsən qadınla bacarmayacağam?

 

* * *

 

– Karvan dayansın! – deyə baş mühafiz əmr edir. Saribanlar dəvələrin dizlərinə vuraraq yerə otuzdururlar. Kəcavə silkələndiyindən Şahənşah Karine yuxudan oyanır. Başını bayıra çıxarıb soruşur:

– Nə baş verib, mühafiz?

– Şahənşahım, paytaxta çatırıq. Ona görə saxladım karvanı. İzninizlə mənim gedib hər şeyin qaydasında olduğunu yerində yoxlamağım lazımdır.

– Etirazım yoxdur! – deyə Şahənşah Karine amiranə tərzdə dillənir.

Karvanın baş mühafizi çaparaq gedir. Bir qədər sonra bir nəfərlə qayıdır. Həmin adam atdan düşüb şahənşahın qarşısında diz çökür.

– Kimsən?

– Kaminat Şahın baş vəziriyəm – Aris.

– Bu nə cürət? Mən çağırmamış nə haqla hüzuruma gəlmisən?

– Şahənşahım, – deyə karvanın baş mühafizi müdaxilə edir, – dedi ki, sizə çatdırılacaq xüsuslar var. Mənə demədi. Təhlükəsizliyinizlə bağlıdır. Ona görə məcbur olub gətirdim.

– Eşidirəm!

– İkilikdə demək istərdim, şahənşahım.

Madərşah və baş vəzir kənara çəkilirlər.

– Şahənşahım, Qüdrət Şahın adamları paytaxtda aranı qarışdırıblar. Yolaverənlər məmləkətində baş verən bütün hadisələri əhali arasında yayıblar. Sizi xəyanətkar, uşağının, ərinin qatili olan qaniçən kimi qələmə veriblər. Camaatı tanıyırsız da... birinin üstünə beşini qoyub yaymaq köhnə adətidir. Onsuz da atanıza sevgiləri yox idi. İndi də xəbər tutublar ki, bəs demə Qaflanın başını siz kəsibsiniz o vaxt. Şahlığı təbəə vəziyyətinə salan məhz sizin bu addımınız olub. Mən də ehtiyat etdim ki, birdən qarışıqlıq olar. Ona görə əvvəlcədən sizi xəbərdar etməyi özümə borc bildim.

– Bəs atam nə deyir bu məsələlərə?

– Təbəəliyi qəbul edəndən sonra şahlığı əslində Qüdrətin adamları idarə edirdi. Camaatın olanını əlindən alıb göndərirdilər ona. Atanızın heç bir səlahiyyəti yoxdur. Sadəcə, adı şahdır. Şahlıqda hakimi-mütləq Qüdrətdir. Onun adamlarının sözü keçir buralarda.

Karine fikrə getdi. Sonra üzünü baş vəzir Arisə tutdu:

– Qayıt paytaxta. Camaatı çıxar küçələrə. Meydanın ortasında taxtadan dairəvi kürsü qur. Üstünü gül-çiçəklə bəzə. Ətrafında əlində məşəl tutmuş mühafizlər dayansın. Atam da elə meydanda məni qarşılasın.

– Başüstə, şahənşahım.

Baş vəzir Aris atına minib paytaxta doğru yol aldı.

 

* * *

 

Kaminat şahlığının qalası. Əhali Şahənşah Karineni qarşılamaq üçün küçələrə çıxıb. Baş meydanın ortasında taxtadan kürsü qurulub. Üstü gül-çiçəklə bəzədilib. Kaminat Şah kürsünün üstündə qızının gəlişini gözləyir. Üzündən sevinc yağır. Camaatın isə üzü gülmür. Pıçapıç paytaxtı götürüb.

– Gəlir yenə canımızçun. Mağıl yoxa çıxmışdı, başımız sakit idi.

– Qaflan Şah bundan da, atasından da yaxşıydı.

– Deyilənə görə Qaflanın başını yatağındaca elə bu kəsib. Başqa kim tanıyırdı ki, yataq otağına gizli yolu?

– Necə edib ki, bunu?

– Necə edib? Özünü Göyverən Şahın hərəmxanasına soxub. Min oyundan çıxaraq şahın sevimli qəhbəsinə çevrilib. Orasını-burasını oynadaraq, axır ki, iznini alıb. Gecəykən gəlib qətlə yetirib Qaflan Şahımızı. Sonra oğraş atasını yenidən qaytarıb otuzdurub taxta. Bütün xəzinəni də daşıtdırıb Göyverən şahənşahlığına, üstəlik bizi təbəə edərək bac-xərac da təyin etdirib ki, bu yolla xalqından acıq çıxsın.

– Nə acıq?

– Biz Qaflanla birləşib bunları devirmədikmi? Onun əvəzini bu cür çıxdı bizdən. İndi guya ki, bizi təbəəlikdən xilas edib. Qəhrəmandır “kişinin” qızı.

– Əslində qaniçənin biridir. Oğlunun başını kəsibsə, indi gör bizim başımıza nə oyun açacaq.

– Onu kim dedi?

– Göyverənin baş vəziri var e Qüdrət... onun burdakı adamları danışırdılar.

– Atası imkan verməz.

– Atası kimdir e... Kaminat şah nədir, heç saray mehtəri də olmağa layiq deyil.

– Yaxşı! Bəsdirin! Adətinizdir elə əvvəlcədən adamı gözdən salmaq. Xəzinənin ağzını açıb paylayır camaata. Bunu niyə demirsiniz?

– Acından ölüb qırılırdıq. Biz öləndən sonra kimə şahənşahlıq edəcəkdi ki? Özü də minnət-zad qoyma. Əlimizdən alınanların beşdə birini qaytarır. Çox böyük şey deyil. Görərsən, sonra əvəzini on qat çıxaracaq.

– Bura baxın, nəyi paylayıb camaata? Kimsə qızılın üzünü görüb? Sadəcə söz verib. Bu sözlərdən bilirsiniz nə qədər eşitmişik?

– Yox, yaxşı olacaq. Biz artıq şahənşahlığın rəiyyətiyik. El dilində desək şah balalarıyıq. Biz təbəə deyilik, bizim təbəələrimiz var.

– Kimə şahlıq edəcəksən? Göyvərənlərə, yoxsa ərsiz, atasız qalan, bir tikə çörək üçün pis yola düşən qadınlara? Yoxsa oğrulara, tiryəkilərə? Deyilənə görə Karzat şahlığında sağalmayan xəstəliklər cövlan edir. Birdən yayılsa..? Belə getsə sağ adam qalmayacaq.

– Yenə şükür edin. Qaflanın başını Karine yox, şahzadə Göyverənlər kəssəydi, indi qulağısırğalıydıq. Yenə buna görə sağ olsun Karine.

– Narahat olma, Karine bizi ondan da betər günə qoyacaq. Göyverənlərin pazına şükür edəcəyik.

– Kəsin səsinizi. Heç qorxu hissi qalmayıb sizdə. Hamınız gələcəyi görməkdə peyğəmbərsiniz? Belə ağıllısınızsa, məqamdır – gedin bir mənsəb sahibi olun. Boş-boş danışmaqdan heç nə hasil olmaz.

Bu an şeypurlar səslənir, təbillər çalınır. Şahənşah Karine ağ atın belində qala qapılarından paytaxta daxil olur. Əhali pişvazına çıxsa da, heç kim onu salamlamır, alqışlamır. Əyanların onların əlinə verdiyi gül-çiçəyi başına səpmirlər. Əksinə, Şahənşah Karineni acıqlı-acıqlı süzürlər. O isə rəiyyəti gülümsəyə-gülümsəyə süzərək gəlib paytaxtın mərkəzi meydanına çıxır.

Atası Kaminat Şah kürsünün üstündə tək dayanmışdı. Qızını görcək qollarını irəli uzadaraq ona qucaq açdı. Amma atasını görcək Karinenin əhvalı birdən dəyişdi. Gözlərinə qan çökdü. Atından düşmədi. Kürsünün ətrafında dövrə vurmağa başladı. Əhali bu mənzərəni maraqla seyr edirdi. Kaminat Şah isə əlləri qucaq açmış vəziyyətdə sanki quruyub qalmışdı. Şahənşah Karine isə kürsünü dövrə vurmaqda davam edirdi.

– Sən kimsən, qoca? – deyə Karine nəhayət ki, dilləndi, – Qarşında şahənşahdır. Özünü təqdim et.

– Mən, mən, – Kaminat Şahın dili topuq çalmağa başladı, – mən bu şahlığın hökmdarıyam – Kaminat Şah. Qızım...

– Mənə “qızım” demə! – deyə Karine qışqırdı. Səsi qala divarlarında əks-səda verdi.

Camaat isə dinməzcə bu mənzərəni seyr edirdi.

– Əgər şahsansa, bəs qılıncın hanı?

Kaminat Şah sağ əlini qurşağına apardı. Əli boşa çıxdı.

– Qılıncımı götürməmişəm.

– Deməli, unutmusan?

– Mən düşmənin qabağına qılıncla çıxıram! – deyə Kaminat Şah cavab verdi.

– Hansı düşmənin? Xəyanətkar Qaflanınmı qabağına qılıncla çıxdın, yoxsa səni və xalqını təbəəyə çevirən baş vəzir Qüdrətin? Axı hansı qılıncı unudub sarayda yaddan çıxartmısan? Bunumu? – deyə Karine atın yəhərindən asılan qılıncı götürüb göyə qaldıraraq hamıya göstərdi. Sonra Kaminat Şahın qabağına tulladı. Kaminat Şah tez qılıncı qaldırıb kəmərinə bağlamaq istəyəndə, – Yox, Kaminat Şah, əl saxla! Hökmdarın belindən açılan qılınc bir daha geri qayıtmaz. Mən vəliəhd olaraq Qaflanın başını kəsib sənin ona təslim etdiyin bu qılıncı geri qaytardım. Baş vəzir Qüdrət bu qılıncı sənə verdi. Sən isə təslim olmayıb qılıncınla mübarizə aparmaqdansa – rəiyyətinin gözü önündə – Göyverən Şahın da yox, onun baş vəzirinin qarşısında diz çökdün. Qılıncı bir təbəə, qul kimi yenidən təslim etdin. Mən bir vəliəhd kimi mübarizə aparıb yenidən qılıncı geri qaytardım, xalqımı təbəəlikdən xilas etdim. Oğlumu belə qətlə yetirmək gərək olsa da inadımdan, əqidəmdən dönmədim. Bir qalib kimi şahənşah qılıncını belimə bağladım. Qarşındakı qılınc isə sənin xəyanətinin, xəcalətinin şahididir. İndi növbə sənindir. Xəyanətini yalnız sənin qanın yuya bilər. Üzrxahlıq əlaməti olaraq diz çök xalqının qabağında və boğazını kəsərək intihar et. Başında tac, ləyaqətli şah kimi dünyadan köç, – deyib Karine atını atasının qənşərində saxladı.

Kaminat Şah əlləri titrəyə-titrəyə qılıncı qınından sıyırdı. Sonra diz çökdü. Qılıncın tiyəsini boğazına dirədi. Gözlərini qızının gözlərinə zilləyib, bir müddət beləcə donub qaldı. Baxışlarıyla sanki rəhm diləyirdi ondan. Gözləyirdi ki, Karine verdiyi fərmanı ləğv edəcək. Amma şahənşah ağ atın belində soyuqqanlılıqla gözləyirdi.

– Yox! Bacarmıram! – deyib Kaminat Şah qılıncı yerə tulladı.

– Deməli, bacarmırsan?

– Yox.

– Niyə? Qorxaq olmağı bacarmışdın. Qətiyyətsiz olmağı bacarmışdın. Ailəni Qaflan Şah əsir alanda, quldarlar məni Göyverən Şahın hərəmxanasına təslim edəndə oğraş olmağı bacarmışdın. Xalqını təbəəyə çevirəndə qul, xəyanətkar olmağı bacarmışdın. Amma günahlarını qanınla yumağı bacarmırsan? Mühafizlər, qandallayın bunun əl-ayağını. Zənciri də kürsüyə pərçimləyin.

Mühafizlər Şahənşah Karinenin əmrini həmən yerinə yetirdilər. İzdiham dalğalanmağa başladı. Amma heç kim irəli çıxmır, etiraz səsləri eşidilmirdi. Karine atından endi. Mühafizdən məşəli alıb dövrə boyu kürsüyə od vurmağa başladı. Kürsü kənarlardan alovlanmağa başladı. Əsən meh alovu daha da körükləməyə başladı. Kaminat Şah acı tüstüdən öskürməyə başladı. Alov kürsünün ortasına çatıb şahə qalxdı. Tükürpərdici qışqırıq və qəribə iy aləmi götürdü. Seyr edənlər dözməyib əlləriylə üzlərini qapadılar. Bir müddətdən sonra alov söndü. Kaminat Şahın diz çökmüş vəziyyətdə qaxaca dönmüş cəsədi hələ də közərirdi. Qılıncı isə qaralmışdı. Şahənşah Karine yenidən atına mindi. Camaat kənara çəkilib onun üçün cığır açdılar. At aram-aram onların yanından keçdikcə bayaqdan əllərində tutduqları gül-çiçəyi Şahənşah Karinenin başına səpməyə başladılar. Kütlədən “Eşq olsun şahənşahımıza!”, “Karine, kişi qızısan!”, “Düz elədin. Kaminat Şaha bu da az idi” alqışları eşidilməyə başlandı. Şahənşah Karine mühafizləriylə saraya doğru yol aldı.

 

* * *

 

Kaminat Şahın sarayı. Şahənşah Karine taxtında oturub. Baş vəzir Aris və onu səfər zamanı müşayiət edən yüz mühafizin başçısı da burdadır.

– Şahənşahım, izninizlə biz geri qayıdardıq. Artıq əminlikdəsiniz, – deyə karvan mühafizəsinin başçısı müraciət edir.

– Bu gecə qonağımsınız. Sabah tezdən yola çıxarsınız. Baş vəzir, qonaqları sənə tapşırıram.

– Lütfünüzə görə minnətdarıq, şahənşahım. Həmişə əmrinizə müntəzirik, – deyib mühafizlərin başçısı otaqdan çıxır.

– Baş vəzir Aris!

– Bəli, şahənşahım.

– Aslanın bir mühafizi də qaladan sağ çıxmamalıdır. O cümlədən məni müşayiət edən qul-qaravaşlar da... Onları yerləşdir Qüdrətin adamlarının karvansaraylarına. Sonra da yeməklərinə zəhər qatdır. Təbib Məkrubə isə sarayda mənimlə qalacaq. Sonra Qüdrətin şahlıqda olan bütün adamlarını ittiham edib dar ağacına çək – hamının gözü qabağında. Adını da belə qoy ki, mühafizləri onlar zəhərləyiblər. Mühafizlərin cəsədlərini hörmətlə dəfn elə. Qüdrətin adamlarının ölüsünü isə at ümumi məzara. Bircəciyi paytaxtdan sağ çıxsa, özünü ölmüş bil.

– Başüstə, şahənşahım.

– Gətirdiyim qızılları xəzinəyə təslim et. Bizim şahlıqdan nə vaxtsa götürülən qəniməti isə ayrıca otağa yığ. Yəqin sandıqlarımızdan, pul kisələrindən tanıyarsan. Üstünə “Kaminat” sözü yazılmalıdır.

– Başüstə, şahənşahım. Şahənşahım, bəlkə Qüdrəti də aradan götürək? Siz gələnəcən adamları aranı yaman qatırdılar. Yəqin əmr ondan gəlib.

– Tələsmə. Hələlik mən dediklərimi elə.

– Başüstə, şahənşahım.

– İndi isə saray əyanlarını çağır, sözüm var.

Saray əyanları həmən gəlirlər.

– Əyanlar, sözümü hər yana yayın. Atamın ölümüylə Kaminat şahlığı – Kaminat şahənşahlığı artıq tarixə qovuşdu. Məmləkətdə yeni əsr – Karine madərşahlığının əsası qoyulur. Siz isə madərşahlığın əyanlarısınız. Mənim ailəm sizsiniz. Mən hamının anasıyam. Mənim üçün anam, qardaşlarım, bir sözlə qohum-əqraba mövcud deyil. Onların hamısını saraydan uzaqlaşdırın. Hamı necə, onlar da elə. Gedib zəhmət çəkib çörəklərini qazansınlar. O ki, qaldı idarəetməyə... hələlik hər şey əvvəlki qaydada davam edəcək. Çox ağır günlər yaşadım. Bir az təbiətin qoynunda yalqız qalmağım lazım. Dağlardakı qəsrimə çəkilirəm. Üç gündən sonra madərşahlığın yeni qanunlarından sizi agah edəcəyəm. Hələlik idarəetməni baş vəzir Arisə tapşırıram. Mən olmadığım müddətdə hamınız ona tabesiz. İndi isə gedə bilərsiz. Biniyamin lələ, sən qal.

Əyanlar təzim edib otağı tərk edirlər. Karine saçları ağarmış, pəhləvan cüssəli Biniyamin lələyə yaxınlaşıb onu qucaqlayır. Lələ isə əvvəlki vaxtlarda olduğu kimi Karineni qucaqlayıb alnından öpmür.

– Lələ, sən qardaşlarımın tərbiyəsiylə məşğul olmalıydın, olurdun da. Mən də elə-belə qoşulmuşdum onlara. Amma onlardan çox mənə diqqət ayırırdın. Ox atmağı, silah tutmağı sən öyrətdin mənə. Atam da məni qardaşlarımdan üstün görüb – sənin məsləhətinlə vəliəhd elan etdi. Bu sarayda hamıdan çox atamı və səni istəmişəm.

– Sən də dünyalar qədər istədiyin atanı diri-diri yandırdın. Mənə olan məhəbbətinə necə inanım?

– Xalqıma görə yandırdım. Oğlumun başını xalqıma görə kəsdim. Qaflanı da xalqıma görə öldürdüm. Ərimin də devrilməyinə özüm təkan verdim.

– Hansı xalqa? Gözünün qabağında Göyverəni, Kaminatı, Qaflanı müdafiə etməyən xalqa görə? Dəyərdimi?

Karine susdu. Bir müddət dinmədi.

– Lələ, səndən bir xahişim olacaq.

– De.

Madərşah Karine qılıncını sıyırıb üstündəki qan ləkəsini lələyə göstərərək, – Yaxın dur, lələ. Divarların da qulağı var, – deyib ağzını lələnin qulağına yaxınlaşdırdı.

 

* * *

 

Qüdrət Şahın sarayı. Baş xəzinədar Hətəm hüzurunda dayanıb.

– Deməli, Karine mənim adamlarımın hamısını qılıncdan keçirib. Mühafizlərin ölümünü onların ayağına yazıb. İndi gəl Aslanın qabağında duruş gətir.

– Qüdrət, nə Aslan, nə mühafiz? Bu Karine atasını diri-diri yandırıb e...

– Atasını belə amansızlıqla öldürübsə, onda vay bizim halımıza. Ehtiyatlı olmalıyıq.

Qüdrət Şah taxtına yayxanır. Fikrə gedir: bəlkə İtbaşının üstünə qaçım? Tutaq ki, getdin. Gedib nə deyəcəksən? Gərək Karine bir şey etsin ki, şikayətə əsas olsun da... Yox, bunun sonu pis qurtaracaq. Mən indidən duyuram. İtbaşı üstümə Aslanı göndərə bilər. Amma yox. İtbaşı uşaq deyil. Biləcək ki, bu mənlik deyil, Karinenin çıxardığı hoqqalardır.

– Əlbəttə ki, özün bilən məsləhətdir, – deyə Hətəm Qüdrət Şahı xəyalından ayırır, – Amma hələ yeni qayda-qanunlar da yazılmayıb.

– Bundan artıq qayda-qanun var? Karine ölüm hökmünü bərpa edib. Elədikləri də mənə bir işarədir – məni Aslanla düşmən etmək və növbəti qurbanın kimin olacağını anlatmaq. Bir də görəcəksən ki, meydandakı qətlgahda boynumuzu büküb dayanmışıq. Yaxşı. Gözlə deyirsən gözləyək.

– Gözləməyib nə edəcəksən ki?

– Uzaqdadır Karine. Bu uzaqlıqdan istifadə edə bilərik.

– Düzünü sən bilirsən, Qüdrət. Amma ehtiyatı əldən vermə. Hamımız yanarıq.

– Məni çox da aciz bilmə, Hətəm. Yadından çıxartma ki, o boyda şahənşahlığın baş vəziri olmuşam. Baş vəzir isə istənilən şahdan yüksəkdə dayanır. Lap elə madərşahdan da...

– Səni özünə baş vəzir də apara bilər.

– İnanmıram. Aparsaydı, elə əvvəldən aparardı. Əgər sonradan aparsa, deməli artıq ölümümə fərman verib. Həmən əncam çəkməliyəm. Düz deyirsən. Yığ əyanları saraya. Vaxt itirmək olmaz. Göyverən valiliyini, indiki Karzat şahlığını da nəzarətdə saxlamalıyıq.

– Xəstəlik yayılar – ona görəmi?

– Xəstəlik hələ də tüğyan edir. Qorxusundan heç kim, o cümlədən Karzat Şahın qızı Nilufər Şahbanu da oralara yaxın düşə bilmir. Qaraniqablıların xofu hələ camaatın canındadır. Heç kim onların ölümünə inanmır. Kaminatdan başqa bütün  şahlıqlar isə indi də mənim nəzarətimdədir.

– Bəs oradakı xəzinənin taleyi necə olacaq?

– Hətəm, ey Göyverən şahənşahlığının baş xəzinədarı, sən hardan bilirsən ki, orda xəzinə var? Əgər varsa, xəzinədə nə qədər qızıl var?

– Qüdrət, özün o vaxt demişdin ki, şahlıqlardan nə qənimət gəlirsə Aslan hamısını yatırır ora. Nə qədər olduğunu isə bilmirəm.

– Əgər sən bilmirsənsə, Karine hardan bilməlidir? Yaxud da Nilufər Şahbanu... Bunu ancaq Aslan dəqiq bilir. Dilini sox qarnına.  O ki, qaldı xalqa payladığı pula... hanı o pul? Bəs niyə saxlamadı xəzinəmizin bir qismini Yolaverənlər xalqı üçün? Hamıya da car çəkdi. İndi qapıya gəlsələr nə verəcəksən lələgiryanlara?

– Vallah, Qüdrət, sən dəhşətsən. İndi başa düşdüm hər şeyi. Xəstəliyi yaradan sən idinsə, əlacı da özündədir. Səni qorumalıyıq, qanadının altına yığışmalıyıq. Sən mənim ölən inamımı diriltdin. Elə günü bu gün çaparlar göndərəcəyəm hər yana.

– Vaxtında əyanları qorumağım, var-dövlət sahibi etməyim bu gün işimə yarıyacaq. Taxt-tacı qorumaqda isə üç əsas məsələ var. Bilirsənmi hansılardır?

– Yox. Bilmirəm.

– Birinci, pul. İkinci, pul. Üçüncü, pul. Karinenin apardığı bir qism idi, o da nə vaxtsa geri qayıdacaq.

– Qadınlar qızılı çox sevərlər. Bəlkə Karineni də Göyverən kimi pulla əridib, sonra istədiyin hala salasan?

– Yox, Hətəm. Kişilərin heç olmasa gözü doyur, amma qadınların nəfsi sonsuzdur. Onlar heç vaxt pay istəməzlər, hamısına nail olmaqdır arzuları. Bax bu zəifliyindən istifadə etməliyik.

– Amin, ay Qüdrət. İnşallah.

 

* * *

 

Sıldırımlı dağa sığınan qəsr. Uşaqlıqdan buralar Karinenin sevdiyi məkan idi. Özünü bu qəsrdə rahat hiss edirdi. Burda təbiətlə təkbətək qalır, hər şeydən özünü təcrid edir, sanki Allahıyla əlaqəyə girirdi. Həyatının indiki ağır günlərində yenə bura pənah gətirmişdi. Təbib Məkrubə də yanındaydı.

– Madərşahım, bu cür yeri ilk dəfədir görürəm. Gözəl mənzərədir, həm də vahiməli.

– Məkrubə, səhradan başqa nə görmüsən ki? Amma insanlardan qorxulu ola bilməz. Təbiət olduğu, göründüyü kimidir.

– Elə siz özünüz də sevdiyiniz təbiətə bənzəmirsiniz. Oğlunuzun başını kəsəndən sonra elə bilirdim ki, bu, qəddarlığın son həddidir. Amma atanızın edamında gördüm ki, yox – siz daha amansızsınız. Amma məncə əslində belə deyilsiniz. Tam başqa insansınız. Birincini anladım ki, məcburiyyətdən etdiz. Amma indi niyə belə etdiniz, bilmirəm. Anlamağa çalışıram, ancaq başa düşmürəm.

– Təbiətdəyik, Məkrubə. Təmizlənməyə, paklaşmağa gəlmişik. Hər ikimizin əli qana batıb. Çox sınaqlardan çıxmışıq. Arxada qoyaq hamısını. Gəl təmizlənək. Mən təbiətə Allah deyənlərdənəm. Mənim Allahım bu dağlardır, dərələrdir. Allah mənə keçmişimi – günahlarımı bağışlamaq üçün lazım deyil. Mənə gələcəkdə doğru yol göstərməyini istəyirəm.

– Anladım, madərşahım. Keçmişdən bir kəlmə də dilimə gətirmərəm.

– Məkrubə, eşidirsənmi şəlalələrin şırıltısını, qocaman ağacların yarpaqlarının xışıltısını? Görürsənmi sıldırım qayaları, axıb çaya qovuşan bulaqları, uçuşan quşları, cəh-cəh vuran bülbülləri? Bunlara baxanda fikirləşirəm ki, niyə müsəlmanlar belə axmaqdırlar? Özləri səhranın ortasında, su olmayan, ağac bitməyən yerdə məskən salırlar, biz xristianlara isə belə gözəlliklər bəxş ediblər. Bu qədər üstümüzə gəlirlər, vuruşurlar, qan tökürlər... amma özləri heç vaxt – bizləri qılıncdan keçirib, ya da səhraya sürgün edib – bu torpaqlarda məskunlaşmaq istəyində olmayıblar.

– Düz deyirsiniz, madərşahım. Görəsən niyə?

– Çünki başları qurşaqdan aşağını, bir də var-dövlət yığmağı fikirləşir. Düşündükləri yalnız budur.

– Bəs siz? Siz nə barədə düşünəcəksiniz? Axı xəzinəsiz dövlət, cibsiz rəiyyət, mədəsiz insan yoxdur.

– Düz deyirsən. Ən çətini budur. Ona görə təbiətə üz tutmuşam. Bütün cavablar təbiətdədir.

– Allah köməyiniz olsun.

– Allah yox, təbiət. Hökmdarların Allahı olmaz.

– Anladım, madərşahım. Təbiət köməyiniz olsun.

– Amma unutma ki, müsəlmanlar məkanımızla bərabər iki amili də dəyişdirə bilməyiblər – dinimizi və dilimizi. Müvəqqəti olub. Amma gizlədib qoruduğumuz xaçı yenidən çıxarıb asmışıq boynumuza.

Bu zaman böyük bir qartal qəsrin başında dövrə vurur.

– Madərşahım, baxın! Nə böyük quşdur?

– Qartaldır, Məkrubə.

– Caynağında nəsə var. Dovşana oxşayır.

– Yəqin buralardadır yuvası. Balalarına aparır.

– Dovşan diridir, çabalayır. İlk dəfədir belə mənzərə görürəm.

– Qartal hər zaman ovunu yüksəyə qaldırır, sonra yerə çırpır ki, ölsün. Amma bu nədənsə diridir. Yəqin balalarına ov etməyi öyrətmək istəyir.

– Yazıq dovşan. Heç ağlına da gəlməzdi ki, nə vaxtsa bu cür yüksəkliyə qalxacaq, dağların başına dolanacaq. Yəqin həmişə bu qayalıqlara həsrətlə baxıb.

– Onda niyə yazıq deyirsən dovşana? Ölümü yaxınlaşsa da dağları yaxından görə, yüksəyə qalxa bildi. Bəs sən özün necə? Paytaxtdan dağları heyranlıqla seyr etmirdinmi?

– Düz deyirsiniz, madərşahım. Fikirləşirdim ki, görəsən elə yüksəkliklərə insan ayağı dəyibmi? Qəsr görsənmirdi axı. Meşə kəsmişdi qabağını. Madərşahım, baxın? Bu başqasıdır. Çaynağında da yekə ilandır. Quyruğu tərpənir. Sonra da deyirlər ki, sürünmək üçün yarananlar heç vaxt uça bilməzlər.

– Eh, hələ bu harasıdır? Caynağında çəpiş, quzu da gətirəcək. Yəqin indi ovu kasad olub. Bir azdan qayalıqlarda təkələr də görsənəcək. Hələ xallı bəbirləri, ayıları demirəm. Vəhşi təbiəti lap yaxından görəcəksən. Amma qartalları onların hamısından çox sevirəm. Yüksəklikdə uçub hər şeyi görürlər. Gözlərindən heç nə yayınmaz. Müsəlman şahlar özlərini ormanların şahı şirə bənzədirlər. Aslan yırtıcı olsa da uça bilmir. Mən isə qartalam. Qartal isə həm yırtıcıdır, həm də uça bilir. Ovunu da seçməzdən qabaq xeyli müşahidə edir, sonra üstünə şığıyır.

– Sağ olun ki, məni özünüzlə gətirdiniz. Amma deyəsən mane olacağam təbiətlə yalqız qalmağınıza.

– Qəsrdə otaqlar çoxdur. Mane olsan keçirəcəyəm səni başqa otağa. Onsuz da bütün pəncərələr təbiətə açılır. Yanımda olmasan belə mən gördüyümü sən də görəcəksən. Bu vaxtacan nə görmüsən axı? İlan, kərtənkələ, dəvə, at, it... Məkrubə, səni bilirsənmi niyə özümlə gətirdim?

– Böyük şərəf verdiniz, madərşahım.

– Mən bu təbiətin qucağında böyümüşəm. Sən isə ilk dəfədir gəlirsən bu yerlərə. İlk dəfədir ki, dağ, çay, bulaq görürsən. Bir çox heyvana ilk dəfədir ki, rast gəlirsən. Bayaq dediyin məsəl necəydi?

– Sürünməkçün yarananlar heç vaxt uça bilməzlər.

– Gözəl məsəldir. Məkrubə, daha danışmayaq. Susaq. Sözü təbiətə verək.

– Mən bu cür təbiəti ilk dəfə şair Abumahirin şeirlərində tanımışam. O da təqribən sizin kimi demişdi: “Qoy danışsın təbiət”. Yəqin bilirsiniz şeiri.

– Yox. Bilmirəm. Əzbər bilirsənsə de.

– Başüstə, madərşahım:

 

Günәş gah görünür, gah görünmәyir,

Duman gah sürünür, gah sürünmәyir.

Dәrәlәrdәn axan suların sәsi,

Yalqız bulaqların kövrәk nәğmәsi,

Gah batır, gah da ki, çıxır aşkara.

Ürәyim bürünür xoş duyğulara,

Susmaq istәmirәm, susuram fәqәt.

Qoy danışsın tәbiәt!

 

Başımın üstündә çәtirli meşә,

Yuyunmuş, daranmış әtirli meşә.

O, yazda yaşıldı, payızda әlvan.

Bir ağac kәhrәba, bir ağac mәrcan.

Bir yarpaq Günәşin şölәsilә zәr,

Bir yarpaq buludun gözünü silәr.

Dinim, ya dinmәyim, dinlәyim әlbәt.

Qoy danışsın tәbiәt!

 

Dağdan göz ağardır әvvәlinci qar,

Qorxudan saralır çiçәklәr, otlar.

Üfüq qıpqırmızı, zirvә bәmbәyaz,

Bәhsә-bәhs eylәyir yaqutla almaz.

Rәng verir, rәng alır göylәrin tağı.

Rәnglәr ovsunlayır ana torpağı.

Şeirdә, rәsmdә hanı bu cürәt?

Qoy danışsın tәbiәt!

 

Qalxır talalarda ot qarış-qarış.

Qalxır, dizә çıxır yağdıqca yağış.

Yağışdan yaranan xırdaca göllәr

Mürgülü, yuxulu gözlәrә bәnzәr.

O gözlәr gah dolur, gah da boşalır.

Pәrişan-pәrişan xәyala dalır.

Dindirmәk istәyir mәni bu möhnәt.

Qoy danışsın tәbiәt!

 

Axşamın pәrdәsi enir astaca.

Günün son şәfәqi sönür astaca.

Meşә qalınlaşır, cığır daralır.

Zirvәlәr әriyir, göylәr qaralır.

Әriyәn zirvәlәr, qaralan göylәr

Mәnim ürәyimdәn nur alsa әgәr

Heç onu boğarmı, boğarmı zülmәt?

Qoy danışsın tәbiәt!

 

– Gözəl deyib şair. Onu nə yolla olursa-olsun saraya gətirmək lazımdır. Bu cür qələmin, ilhamın sahibi ən yüksəyinə layiqdir. Gəlsin, yazsın-yaratsın.

– Qətlə yetirdilər onu, madərşahım. Baş vəzir Qüdrətin fitvasına getdi.

– Bilirsənmi, Məkrubə, bizimlə müsəlmanların bir fərqi də nədədir? Biz fitvanı başqalarına veririk, onlar isə özlərinkinə. Nədi-nədi birdən parlayıb onu üstələyər. Heyf, heyf o cür şairdən.

– Təkcə, şair deyildi. Alim idi, mədrəsə sahibiydi. Məqamı gələndə başqa şeirlərini də deyərəm sizə. Çoxunu əzbər bilirəm. Madərşahım, cürətimə görə bağışlayın. Son dəfə sizdən bir söz soruşmaq istəyirəm.

– Soruş!

– Bu səviyyəyə gəlib çatmağınız bildiyim qədər atanıza, ailənizə sonsuz sevginizin nəticəsiydi. Bəs bu amansızlıq birdən-birə necə baş qaldırdı sizdə?

– Düz deyirsən. Əslində meydana çatıb, atamı qucaqlayacaqdım. Qılıncını ona qaytaracaqdım. Bu mənim yeganə arzum idi. Amma paytaxta girəndə xalqımın gözündəki nifrəti, odu gördüm. Atamı odlamasaydım, onların gözünün odunu heç bir zaman ala bilməyəcəkdim. Üstəlik Qüdrətin adamları çoxdan ocağı körükləmişdilər. Belə getsəydi daha da alovlanıb xanədanımı külə döndərəcəkdi. Bir nəfərin külə dönməyi hər şeyi xilas etdi, hər şeyi yoluna qoydu. Qurban verməyi də bacarmaq lazımdır.

– Peşmansınızmı atanızı, oğlunuzu öldürdüyünüzə görə?

– Mən hökmdaram. Elədiyim işə görə peşman olsam, qətiyyətsizlik göstərsəm, sonda Göyverənin gününə düşərəm. Amma həm də qadınam, anayam. Daha doğrusu qadın idim, ana idim.

Bunu deyib Karine saçlarını dağıdıb küləyə verdi. Başındakı tac yerə düşdü. Əliylə Məkrubəyə “get” işarəsi verdi. Təbib otaqdan çıxdı. Qapının arxasından dəli bir hönkürtü səsi gəldi.

 

* * *

 

Üç gün sonra. Madərşah Karinenin sarayı. Biniyamin lələ qarşısında dayanıb.

– Lələ, əlindəki torbadan belə başa düşdüm ki, sevindirəcəksən məni.

Biniyamin torbanı Karinenin ayaqları altına atdı. Madərşah taxtından durub torbanın ağzını açdı. Saçından yapışıb İtbaşının kəlləsini yuxarı qaldıraraq gözü bərabərinə gətirdi.

– Hə, odur. İtbaşıdır. Mənim oğlumun qətlinə fərman verən budur.

Bunu deyib Karine qılıncını qınından sıyırdı. Tiyəsini İtbaşının qanı laxtalanmış boynuna sürtməyə başladı. Sürtüldükcə İtbaşının qanı tiyənin üstündə qurumuş qan ləkəsini islatmağa başladı. Karine bundan ləzzət alaraq qəhqəhə çəkib gülürdü. Sonda Karine qılıncı İtbaşının saçlarına sürtüb təmizlədi. Tiyədə qan izi qalmamışdı, par-par parıldayırdı. Karine ayağa qalxıb qılıncı qınına saldı.

– Lələ, bunu at çöllü-biyabana – qarğa-quzğuna yem olsun.

– Məni günaha batırdın, qızım.

– Niyə? Madərşahın xahişini yerinə yetirmək günahmı sayılır?

– Silahsız, qoca insana əl qaldırmağı mən günah sayıram.

– Bəs qurdbasan itlər? Şahənşah Göyverənin baş mühafizi, İtbaşının sağ əli olan Aslan?

– Heç biri yox idi. Nə dediyin qurdbasanlar vardı, nə də Aslan. Məni görüb özü yaxına gəldi. Soruşdum ki, İtbaşı sənsən? Sualıma sualla – “Karine göndərib səni?” cavabı verdi. “Hə” dedim. Başqa heç nə demədi. Kəlmeyi-şəhadətini oxudu...

– Qəribədir. Bəs onda Aslan hardadır?

– Bilmirəm, qızım. Aslanı tanımıram. İtbaşıyla da belə tanış oldum. Bir də məni silahsız adam üstünə göndərmə. Mən kişiyəm. Silahlıyla vuruşaram. Ya qalib gələrəm, ya da ölərəm.

– Yaxşı tanıyıram səni, lələ. Amma, Aslan da orda olmalıydı. Onun öhdəsindən isə yalnız sən gələ bilərdin, – deyib Karine taxtına əyləşdi, – Ölənə qədər borcluyam sənə, lələ. Bu gündən baş vəzirim, həm də arxam sənsən. Saray sənə əmanət.

– Yox, qızım. Mən bacarmaram. İşin çətinə düşsə çağır.

– Niyə axı? Səndən yaxın özümə kimi tapa bilərəm ki?

– Ərini, oğlunu, atasını, hamisini, onu qoruyaraq evinə çatdıran mühafizlərini öldürən adam üçün zireh tanımıram. Mən səni qoruya bilmərəm. Qanına susayan çoxdur. Sənə xəyanət edən də çox olacaq. Gözüm görə-görə səni itirə bilmərəm.

– Hamısını təmizləyəcəyəm, lələ. Yetər ki, sən yanımda ol. Sarayda səndən başqa heç kimi tanımıram. Hamısı təzədir.

– Bu illərdə tanıdıqlarından, sənə həyan olanlardan kimsə yoxdurmu?

– Hamısı Göyverənə xəyanət etdi. Vaxt gələcək mənə qarşı da çıxacaqlar.

– Bəs özünü necə – xəyanətkar saymırsan?

Karine bir an susdu.

– Lələ, getmək istəyirsənsə get. Gedəni saxlamazlar. Amma bu dünyada mənə “qızım” deyə müraciət edən yeganə şəxs sənsən. Məni yanlış yoldan yalnız sən qaytara bilərdin. Belə çıxır ki, tənha qalıram.

– Özün belə istəmisən, qızım. Yadında saxla, bu dünyada insanın dörd yaxın adamı var: atası, anası, bacısı, qardaşı. Sonra gəlir əmi, dayı, ər, uşaqlar... Atanı öldürdün, ananı, iki qardaşını isə saraydan qovdun. Ərinlə uşağının isə qatili oldun. Mən başa düşmürəm, indi nəyin xatirinə yaşamaq istəyirsən? Xalqının? Dəyməz! İndi bu sən, bu xalq, bir də azğın əyanlar. Yaşa onlar üçün nə qədər yaşayırsan. Əlvida, qızım, əlvida!

Karine taxtından qalxaraq, lələni qucaqlayıb hönkürdü. Sonra sakitləşib gözlərini lələyə zillədi. Lələ onu qucaqlayıb alnından öpdü. Otağı tərk etdi. Karine tək qaldı. Əyanlar isə onun qəbulunu gözləyirdilər: nə deyim onlara? Arisdən başqa bu əyanların heç birini tanımıram. Arisi də bir dəfə görmüşəm. Kimin adamıdır baş vəzir? Bəlkə elə xəyanətkarların başçısıdır? O, qaçaraq görüşümə gəlməsəydi, atamı yandırmaq fikrinə düşəcəkdimmi? Yolboyu sədaqətlərini nümayiş etdirən Aslanın mühafizlərini zəhərləyib, Qüdrətin adamlarını günahkar çıxarmaq oyununu oynayacaqdımmı? Bəlkə Arisqarışıq hamını qovum saraydan? Lap edam edim. Onda yerlərinə kimi qoyum? Tanıdığım köhnələrdən qalan var yəqin. Onlar da xəyanətkar Qaflanın adamları sayılırlar. Onun qılıncının altından keçiblər. Bütün ətrafım xəyanətkardır? Bircə mən təmizəm? Nahaq gəldim vətənimə. Elə gərək Göyverən qalasında qalaydım. İtbaşı himayə edəcəkdi, Aslanın da qulaq asmaqdan başqa yolu yox idi. Aman Allah, mən nə etdim? Göyverənin sarayında hamını üzdən, adbaad tanıyırdım. Əsas da Qüdrət məni şahənşah kimi qəbul edirdi. Bəs burda? Üç günə sonumu gətirdim? Çıxış yolu yoxdurmu? Qüdrəti də düşmən etdim özümə. Hələ bilsələr ki, İtbaşını öldürmüşəm, digər şahlıqlar da əleyhimə çıxacaq. Hansı şahlıqlar? Məstur Şah, yoxsa şahbanular? Bircə Qüdrət tanıyırdı İtbaşını. Bu madərşahlıq xülyası hardan gəlib girdi beynimə? Madərşahlıq qanunlarına görə qadınları qoymalıyam vəzir-vüzəra, vali, hakim... Varmı bu qədər ağıllı, tədbirli qadın? Nə olsun ki, yazıb-oxumağı bacarırlar. İdarə etmək üçün bu yetərlidirmi? Onları yetişdirmək uzun müddət çəkməyəcəkmi? Kişilər bunun əleyhinə olmayacaqlarmı? Lap əleyhinə olmasınlar, sakitcə, itaətkaranə çəkilib kənarda gözləmə mövqeyi tutsalar da bəs edər. Müharibə təhlükəsi olsa silaha sarılmasalar necə olacaq? “Soyadı nənənin adı, atanın adı yerinə ananın adı olmalıdır” fərmanı verməklə hər şey düzələcəkmi? Budurmu yeni dövlət qurumu – madərşahlıq? Bəs təbiətlə üç günlük təmasdan aldığım dərslər? Yox. Geriyə yol yoxdur. Başlamalıyam. Xəzinə mənim sarayımdadır. Əsas da puldur. Qüdrət və digər təbəələr isə lütdürlər. Mən onlara nəsə ayırsam bir iş görə biləcəklər, ayırmasam yox. Qadının əsas qüvvə olduğunu onlara sübut etmişəm artıq. Hamısını saraya çağırıb gözlərinin odunu əvvəlcədən alaram. Vacib deyil ki, edam etdirim. Ən xatalısı Qüdrətdir. Məstur Şah, Karzat Şahın qızı Nilufər Şahbanu, Ərdan Şahın qızı Əsnad Şahbanu, Əllam Şahın qızı Mingül Şahbanu inanmıram ki, əleyhimə olsunlar. Çünki atalarını, qardaşlarını, xalqlarını gözləri qabağında göyverənə çevirən bir qaniçəndən xilas etmişəm onları, taxt-taclarını geri qaytarmışam. Mən onların gözündə xilaskaram. Amma mənim təbəəm olduqlarını unutmamalıdırlar. Başlamalıyam yeni həyata. Harda qırılar qırılar. Hamının gözü məndədir.

– Eşikağası, çağır əyanları!

Saray əyanları içəri girib, madərşahın qarşısında düzlənirlər.

– Ey əyanlar! Siz artıq şahlığın əyanları deyilsiniz. Siz həm də Yolaverənlər, Karzat, Ərdan, Əllam, Məstur şahlıqlarının vəzirləri, vəkilləri, əyanlarısınız. Bu şahlıqlarda üstündə qartal şəkli olan bayrağımız dalğalanır. Bu şahlıqlarda bizim qanunlarımız işləyəcək. Ordu bizlərdən təşkil olunacaq. Oranın əhalisi bizim təbəəmiz sayılacaq, o cümlədən qılıncsız şahları, şahbanuları da... Biz onlardan bac-xərac yığacağıq. Biz ali xalqıq. Biz əzənik, onlar əzilən. Onlar bizim əlimizə baxmalıdır. Onlar bizim əlimizdən çörək yeməlidir. Arisi madərşahlığın baş vəziri təyin edirəm. Burda dediklərim şahlıqlara da çatdırılsın.

 

(ARDI VAR)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır