Modern.az

“İnanmırıq ki, köçkün məktəbinə qıfıl vurulsun, uşaqlar dərsə getməsin” - Deputatlar

“İnanmırıq ki, köçkün məktəbinə qıfıl vurulsun, uşaqlar dərsə getməsin” - Deputatlar

30 Avqust 2012, 10:03

Yay tətili bitir. Dərslərin başlanmasına isə çox az zaman qalır. Amma hər ili olduğu kimi bu dərs ilində də qaçqın və məcburi köçkünlərin məktəb problemi öz həllini tapmayıb. Deyəsən, bu dərs ilində də məcburi köşkün uşaqları adı olub özü olmayan məktəblərdən yaxa qurtara bilməyəcəklər. Çünki məcburi köçkün uşaqları üçün yaradılan bəzi məktəblər demək ola ki, rəsmi şəkildə adı olsa da, fəaliyyət göstərmir. Bəzilərində isə şagirdlərin dərsə davamiyyəti jurnalda göstərilsə də, şagirdin özünü parta arxasında tapmaq çətin olur. Deyilənlərə görə, birz sıra köçkün məktəblərində müəllimlər də incidilir. Hətta onların halal maaşları belə, gecikdirilir.

Modern.az məsələ ilə bağlı işğal altında olan rayonların deputatlarından münasibət öyrənib.   

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən millət vəkili seçilmiş Aqil Abbas məcburi köçkün məktəblərinin fəaliyyət göstərməməsi ilə razılaşmır. O, deyir ki, tam əksinə, Bakı məktəblərində vəziyyət daha ağırdır:
“Paytaxt məktəblərində 9, 10, 11-ci siniflərdə şagird tapmaq müşkülə çevrilib. Parta arxasında olanlar isə yalnız kasıbların uşaqlarıdır. Qalan şagirdlərin adları jurnalda getsə də, özləri dərslərdə iştirak etmirlər. Şəxsən mənim oğlum qaçqın məktəbində oxuyub. Özüm şahidi olmuşam ki, Füzulinin və Ağdamın qaçqın məktəblərində siniflər həmişə dolu olur. Hətta elə olub ki, şagirdlərin oturmağa yeri olmayıb. Düzdür, həmin məktəblər darısqaldır, parta çatışmazlığı var. Amma adi məktəblər kimi fəaliyyət göstərir. Oğlum həmin məktəbdə oxuyanda mən özüm həmin məktəbə parta hədiyyə etmişdim ki, uşaqlar rahat olsunlar. Ona görə də məcburi köçkün məktəblərində dərs keçilməməsi absurddur”.

Müəllimlərin maaşlarına gəlincə, bu məsələnin də əsassız olduğunu deyən deputat bildirib ki, müəllimlər əməkhaqlarını kartla alırlar. Odur ki, gecikmələr ola bilər. Bu da vəsaitin banklara köçürülməsindən asılıdır: “Onsuz da qaçqınların günü göy əskiyə bükülüb. Belə məsələlərlə də onların könlünü qırmağın yeri yoxdur. Sentyabr başlayanda yoxlama aparın, əgər belə faktlar olsa, mən bununla bağlı məsələ qaldırım”.  

Bu barədə ona heç bir fakt məlum olmadığını deyən millət vəkili Bəxtiyar Sadıqov deyir ki, insanlar yurdlarından didərgin düşdüklərindən müxtəlif yerlərə səpələniblər və həmin insanlar bütün imkanlarını itirib. Əgər həmin insanların övladları da təhsillərini itirsə, daha bu nəslin hər şeyi itdi.

Millət vəkili onu da bildirib ki, ən ucqar rayonlarda belə, məskunlaşan məcburi köçkünlər təhsil almalıdırlar: “Məcburi köçkünlər üçün yaradılan məktəblərin fəaliyyət göstərib-göstərməməsi barədə heç bir faktım yoxdur. Ona görə də Təhsil Nazirliyi bununla bağlı araşdırma aparmalı və bundan sonra sözügedən məktəblərin fəaliyyətsizliyi ilə bağlı nəsə demək olar. Onlar yoxlama aparıb dəqiqləşdirə bilər ki, həmin məktəblər əsldir, yoxsa yox”.

Növbəti ildə məcburi köçkünlərin məktəb və mənzil probleminin həll olunacağını deyən B. Sadıqov gələn ildən artıq belə problemin yaşanmayacağını söyləyib: “Həmin məktəblərdə kifayət qədər müəllim heyəti işləyir. Onlar da müəyyən qədər maaş alırlar. Tez-tez həmin məktəblərdə əməkhaqqının az olmasını əsas gətirib belə məktəblərin bağlanmasını təklif edirlər. Deyirlər ki, belə məktəblər saxtakarlıqdır. Amma bu da olmalıdır. Həyatın qanunudur. Həmin məktəblərin fəaliyyət göstərib-göstərmədiyini demək isə çətin məsələdir. Bütün hallarda üç-beş uşaq da olsa, onları yığıb təhsilə cəlb etmək lazımdır. Onlar qaçqındır deyə, ömrü boyu sürünməli, fəhlə olmalıdır? Bu çox həssas mövzudur. Ona görə də ilk növbədə müəllimlərin maaşları artırılmalıdır ki, onlar da bu məktəblərdə dərs deməkdə maraqlı olsunlar”.

Təhsildən yayınmanı cinayət hesab edən 122 saylı Xankəndi seçki dairəsindən deputat seçilmiş Flora Qasımova isə belə bir faktın olmasını mümkünsüz sayır. Millət vəkilinin dediyinə görə, şagirdlərin məktəbdən kənar qalmaları cinayət hesab olunur: “İanmıram ki, məktəbə qıfıl vurulsun, uşaqlar dərsə getməsin. Bu inanılmazdır. Çünki ən azından bu cinayətdir”.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçilən Astan Şahverdiyev də məcburi köçkün məktəblərində belə bir problem yaşanmadığını deyir. Onun sözlərinə görə, bu gün ali məktəblərə qəbul olunan şagirdlər arasında ən çox Qarabağlı uşaqlar üstünlük təşkil edir.
”Əgər məcburi köçkün məktəbləri fəaliyyət göstərmirsə bu necə ola bilər? Odur ki, bu absurd məsələdir”.

Məsələyə münasibət bildirən millət vəkilləri məcburi köçkün məktəblərinin fəaliyyət göstərməməsini təkzib etsələr də amma müşahidələr və reallıqlar onu göstərir ki, adıçəkilən məktəblərin əksəriyyəti fəaliyyətsizdir. Hamıya məlum olan bir faktı qeyd etmək kifayətdir ki, bu gün məcburi köçkün statusu daşımayan şagirdlər belə, repetitor yanına getməkdən ötrü həmin məktəblərdə adlarını yazdıraraq dərslərdən yayınırlar. Bu isə bir daha onu deməyə əsas verir ki, həmin məktəblərin adları olsa da fəaliyyətləri sıfır dərəcəsindədir. Necə deyərlər görünən kəndə nə bələdçi.

 

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü