Modern.az

Prezident Administrasiyası: “Ramil Səfərov İlham Əliyevin şəxsi nüfuzu sayəsində azad olundu”

Prezident Administrasiyası: “Ramil Səfərov İlham Əliyevin şəxsi nüfuzu sayəsində azad olundu”

31 Avqust 2012, 18:01

Modern.az Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsini təqdim edir.  

Avqustun 31-də Azərbaycan vətəndaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ramil Sahib oğlu Səfərov xüsusi reyslə Azərbaycana gətirilib. R.Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

- Xahiş edirik, bu barədə bir qədər ətraflı məlumat verəsiniz.

 - Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim Azərbaycan vətəndaşlarının dünyanın harasında olmalarından asılı olmayaraq onların hüquq və mənafelərinin təmin edilməsinə çalışır.

 Belə vətəndaşlarımızdan biri də Ramil Səfərovdur. Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO-nun tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt Paytaxt Məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilmişdir. Hökmə görə, onun yalnız 30 il cəza çəkdikdən sonra şərti azadlığa buraxılması hüququ müəyyən olunmuşdur.
 Bu gün saat 13.40-da R.Səfərov “Azərbaycan Hava Yolları” QSC-nin xüsusi reysi ilə Bakıya gətirilmişdir və elə bu gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əfv edilmişdir.

Ramil Səfərovun qaytarılması “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası əsasında həyata keçirilmişdir. Azərbaycan bu sənədə 2000-ci ildə qoşulmuşdur.

 Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar öz əksinin tapmışdır.

 Konvensiyanın müddəalarına əsasən Macarıstanın müvafiq dövlət orqanları ilə əlaqələr qurulmuş və Ramil Səfərovun Vətənə qaytarılması ilə bağlı intensiv danışıqlar aparılmışdır.

 Uzun hazırlıq işinin nəticəsi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Macarıstanın Dövlət İdarəetmə və Ədliyyə Nazirliyinə R.Səfərovun ölkəmizə verilməsinin şərtlərini əks etdirən rəsmi sorğu göndərilmişdir. Macarıstandan müsbət cavab alındıqdan dərhal sonra zabitimizin Bakıya gətirilməsinin texniki məsələlərinin həlli üçün işə başlanmışdır.

- Ramil Səfərovun verilməsi ilə bağlı Macarıstan tərəfi uzun müddət inad göstərib.

- Bəli, müəyyən problemlər vardı. Çünki proses elə əvvəldən siyasiləşdirilmişdi. Erməni lobbisi onun Azərbaycana verilməsinə ciddi mane olurdu.

 Qeyd etmək istərdim ki, bu müddət ərzində Ramil Səfərovun ölkəmizə verilməsi məsələsi daim Azərbaycan Respublikası Prezidentinin şəxsi nəzarətində olmuşdur. Bununla bağlı cənab Prezident tərəfindən yüksək səviyyəli danışıqlar aparılmış, onun göstərişinə əsasən məsələnin həlli üçün bütün zəruri tədbirlər görülmüşdür.

 Son nəticədə zabitimizin Vətənə dönməsi yalnız Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən dövlətimizin başçısının siyasi iradəsi və beynəlxalq arenada şəxsi nüfuzu sayəsində mümkün olmuşdur.

- Ölkəmizdə bir çoxları həmin hökmü ədalətsiz sayırdı. Məhkəmə Ramil Səfərovun emosional vəziyyətini nəzərə almamışdı. Xüsusilə 77 nəfəri soyuqqanlı şəkildə qətlə yetirən Breyvikə verilən cəzanın yüngüllüyü ilə müqayisədə bu daha aydın görünür.

 - Digər bir dövlətin ədalət mühakiməsi barədə fikir söyləmək istəməzdim. Ramil Səfərov həmin hadisənin başvermə kontekstini məhkəmə baxışlarında dəfələrlə söyləmişdir. Ramil Səfərov Ermənistanın işğalı altında olan Cəbrayıl rayonundandır. Məcburi köçkün həyatı yaşamışdır. Bir çox yaxınlarını itirmişdir və bu faciələr onun gözü qarşısında cərəyan etmişdir. Onun uşaqlıq yaddaşına həkk olunmuşdur.

 Azərbaycan Ordusunun zabiti kimi NATO tədbirlərinə qatılanda isə erməni zabitlərinin ona qarşı daimi təhrikçiliyi, Azərbaycan bayrağını və xalqını təhqir etməsi nəticəsində uşaqlığında bütün bu faciələri yaşamış bir insanın emosional vəziyyətini təsəvvür etmək olar.

 Həmçinin qeyd edilməlidir ki, Ramil Səfərovun vəkilləri məhkəmə prosesi zamanı onun müdafiə hüququnun pozulması ilə bağlı dəfələrlə vəsatətlər vermişlər. Belə ki, istintaq zamanı ondan ifadələr yaxşı bilmədiyi rus dilində alınmış, ilkin dindirmə zamanı vəkillə təmin edilməmiş, ittiham aktı isə türk dilində təqdim edilmişdir. Vəkillər digər ciddi prosessual pozuntularla bağlı şikayət və vəsatətlər də vermişlər.

- Ramil Səfərovun Bakıya gətirildiyi gün dövlətimizin başçısı onun əfv edilərək cəza çəkməkdən azad olunması barədə Sərəncam imzaladı. Bəs Konvensiyada verilmiş şəxsin əfv edilməsi mümkünlüyü ilə bağlı nə deyilir?

 - “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilər.

 Ramil Səfərov artıq cəzasının səkkiz ildən çoxunu çəkmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən onun əfv edilməsi dövlətimizin başçısının müstəsna səlahiyyətidir və cənab Prezident böyük humanistlik göstərərək bu səlahiyyətindən istifadə etmişdir.

 Dövlətimizin başçısının bu cəsarətli addımı onu göstərir ki, o, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan kimi hər bir Azərbaycan vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durur. Bu, həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyi üçün bir çağırışdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü