Modern.az

Beynəlxalq fond Ramil Səfərovla bağlı bəyanat verdi

Beynəlxalq fond Ramil Səfərovla bağlı bəyanat verdi

Aktual

14 Sentyabr 2012, 10:45

Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fond Azərbaycan ordusunun zabiti Ramil Səfərovun öz ölkəsinə ekstradisiya və əfv olunması ilə bağlı bəyanat verib.
Bəyanatda Ramil Səfərovun Azərbaycana ekstradisiyasının hər iki ölkə - Macarıstan və Azərbaycanın qoşulduğu müvafiq beynəlxalq konvensiyaların müddəa və tələblərinə uyğun şəkildə həyata keçirildiyini təsdiq edir və onun əfvinin vətəndaşı olduğu ölkənin Konstitusiyası, eləcə də digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etmədiyini bildirir.         

”Fond Qara dəniz – Xəzər dənizi bölgəsinin tərkib hissəsi olan Cənubi Qafqaz regionunda mövcud münaqişələr nəticəsində tərəflər arasında günahsız insanların həyatlarını itirməsi ilə bağlı öz narahatlığını və 
üzüntüsünü dəfələrlə bəyan etmiş və erməni zabitinin qətlinə gətirib çıxaran faciəvi hadisənin yeganə motivi kimi münaqişənin ədalətli həllinin uzanmasının sıravi vətəndaşlara sirayət edən gərginlikdə görür. Fond, beynəlxalq ictimaiyyətin və münaqişə tərəflərinin bütün səylərini bu cür hadisələrin və münaqişələrin kökündə dayanan səbəblərin aradan qaldırılmasına, o cümlədən Qara dəniz – Xəzər dənizi bölgəsində həlli uzadılmış münaqişələrin tezliklə beynəlxalq hüququn normaları, ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində sülh yolu ilə ədalətli tənzimlənməsinə çağırır.   

Fond geniş Qara dəniz – Xəzər dənizi regionunda həlli uzadılmış münaqişələrin regionda sülh, sabitlik və təhlükəsizliyə böyük təhdid olduğunu, həmçinin iqtisadi inkişafa, ölkələr arasında yaxınlaşmaya maneə törətdiyini bəyan edir. Fond eyni zamanda, terrorun və zorakılığın bütün təzahürlərini sərt şəkildə qınayır, dini və milli mənsubiyyətindən asılı olmayaraq günahsız insanları hədəf alan istənilən qeyri-insani aktlara qarşı mübarizədə dövlətlərin, beynəlxalq ictimaiyyətin, o cümlədən tərəfdaş təşkilatların güclü siyasi dəstəyinin, əməkdaşlığının və fəal müdaxiləsinin zəruriliyini vurğulayır.     

Fond diqqəti beynəlxalq hüququn aliliyi və ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə birmənalı hörmətin vacibliyinə çəkərək, Ramil Səfərovun ekstradisiyası və əfvini Cənubi Qafqaz bölgəsində, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində gərginliyin artırılmasında vasitə və ya bəhanə kimi istifadə etməməyə çağırır. Öz nizamnaməsində və əməli fəaliyyətində müasir dövrün mütərəqqi dəyərlərini rəhbər tutan və dəstəkləyən Fond xalqlar, ölkələr arasında ziddiyyətlərin, anlaşılmazlıqların aradan qaldırılmasında sülh, dialoq və dözümlülük prinsiplərinə üstünlük verilməsinin vacibliyini xüsusilə vurğulayır və bu prinsiplərdən çıxış edərək Qara dəniz – Xəzər dənizi regionunda mövcud problemlərin həllinə bundan sonra da ciddi səylə çalışacağını bəyan edir”.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü