Modern.az

İmtahanlar başladı - Tələbə və məzunlara güzəştlər OLACAQ

İmtahanlar başladı - Tələbə və məzunlara güzəştlər OLACAQ

Təhsil

3 İyun 2021, 09:53

Ali məktəblərdə distant formasında aparılan tədris başa çatıb. Artıq bütün universitetlərdə imtahan sessiyası başlayıb.

Maraqlıdır, universitetlər distant təhsil formasını nəzərə alıb imtahanlarla bağlı tələbələrə hansı güzəştlər edir?

Modern.az mövzu ilə bağlı universitetlərə müraciət edib:


Bakı Dövlət Universitetinin
mətbuat xidmətinin məlumatına görə, bütün tələbələr davamiyyət və sərbəst işlərə görə hər biri 10 bal olmaqla qiymətləndirilir:

“2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında Elmi Şuranın iclasında qərarlar qəbul edilib. 

Qərara əsasən, BDU-da və Qazax filialında dərslər 2021-ci il may ayının 31-də yekunlaşdırılıb, imtahan sessiyası 7 iyun - 2 iyul tarixlərində Microsoft Teams platforması üzərindən şifahi şəkildə, iki növbədə (saat 10:00 - 13:00-dək və saat 14:00 - 17:00-dək, qeyri-iş günləri istisna olmaqla) təşkil ediləcək.

Bütün tələbələr davamiyyətə görə 10 balla və sərbəst işlərə görə 10 balla qiymətləndirilir. (Bu qayda universitetlə əlaqə saxlamayaraq semestr ərzində heç bir dərsdə iştirak etməmiş tələbələrə şamil olunmur).
İmtahan sessiyasında onlayn iştirak edə bilməyən tələbələr üçün 2021-ci ilin avqust ayında müraciətləri əsasında onlayn formada və ya ənənəvi formada ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq və onların növbəti semestr başlayanadək imtahan vermələri üçün şərait yaradılacaq”.

BDU-da imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək 20-30% azaldılacaq və sadələşdiriləcək.

Bu imtahan sessiyasında üzrlü və ya üzrsüz səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün 2021-ci il 5-9 iyul tarixlərində ödənişsiz əsaslarla imtahanlar təşkil ediləcək.

Qərara əsasən, imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası da yaradılıb”.


BDU-nun mətbuat xidmətindən onu da bildiriblər ki, sonuncu kursların dövlət imtahanları ilə bağlı hansısa güzəşt qərarı yoxdur. Bununla bağlı rəsmi qərar qəbul etmək nazirliyin səlahiyyətindədir.


Azərbaycan Dövlət Pedaqoji Universitetin
mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, bu il bakalavriatdan məzun olacaq tələbələrin dövlət imtahanının ləğv olunması ilə bağlı təklif hazırlayaraq, Təhsil Nazirliyinə göndəriblər:


“29 aprel tarixində universitetin Elmi Şurasının  iclası keçirilib. İclasda yaz imtahan sessiyası ilə bağlı bir sıra qərarlar qəbul edilib. Onlardan biri də yekun attestasiya, yəni dövlət imtahanı ilə bağlıdır. Elmi Şura qərara alıb ki, mövcud pandemiya şəraitinə uyğun olaraq bu il də ötən ilki kimi, dövlət imtahanı ləğv olunsun və ÜOMG (ümumi ortalama müvəffəqiyyət göstəriciləri) ilə tələbələr məzun olsun. Diplom işləri isə onlayn-şifahi şəkildə təqdim olunsun. Elmi Şuranın qərarı təsdiq olunmaq üçün Təhsil Nazirliyinə göndərilib. Qərar təsdiq olunduqdan sonra detallı şəkildə ictimaiyyətə təqdim olunacaq”.


Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə dərslərdə iştiraka əsasən davamiyyət limiti artırılıb:

Qərarda qeyd edilir:

  1. "- Universitetlərdə xüsusi karantin rejiminin tətbiqini və bölgələrdən distant təhsilə qoşulma imkanlarını nəzərə alaraq, dərslərdə iştiraka görə davamiyyət limiti 25%-dən 50%-dək artırılır.
  2. - Yaz imtahan sessiyası müddətində (01.06 - 03.07.2021-ci il tarixlərində) fərdi və alt qruplarda, fənni təkrar dinləmədən akademik borclarını ləğv etmiş və Dövlət attestasiyası öncəsi 3 akademik borcu qalmış buraxılış ili tələbələrinə bu borclar (ÜOMG əsasında) bağışlanılır.
  3. - Buraxılış ili tələbələri pedaqoji və istehsalat təcrübəsi üzrə attestasiyadan azad olunur.

Təcrübənin nəticələri üzrə qiymətləndirmə ÜOMG əsasında aparılır. ÜOMG göstəriciləri aşağı olan tələbələrin təcrübə üzrə ballarının cəmi 51 bal hesab edilir”.


Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı