Modern.az

Azərbaycan Venesiya Komissiyasına cavab hazırlayır

Azərbaycan Venesiya Komissiyasına cavab hazırlayır

Aktual

18 Oktyabr 2012, 14:47

"Azərbaycan o təklifləri qəbul edə bilməz və Venesiya Komissiyasına iradlarımızı göndərəcəyik"

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın “Dini etiqad azadlığı haqqında” Qanunu barədə rəyini açıqlayıb. Rəydə 2011-ci ildə məzmununa dəyişikliklər edilən bu qanunda kifayət qədər məhdudlaşdırıcı müddəaların olduğu bildirilib. Qurum tövsiyə edir ki, “Dini etiqad azadlığı” anlayışı genişləndirilməli, vətəndaşlığı olmayan və xarici vətəndaşların dini təbliğat aparmasına qoyulan qadağa aradan qaldırılmalı, dini icmaların qeydiyyata alınması sadələşdirilməlidir.

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Venesiya Komissiyasının 92-ci iclasında Azərbaycandakı mövcud dini etiqad azadlığı ilə bağlı məsələdə müzakirə olunub.

“Əsas məsələ ondan ibarət olub ki, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun hərəkət etsin və öz qanunvericiliyini ümumi prinsiplərə uyğunlaşdırsın. 1992-ci ildə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Qanuna zaman keçdikcə müəyyən dəyişikliyə ehtiyac duyulub. Köhnə variantda xarici vətəndaşların Azərbaycanda dini təriqətlərin qadağan edilməsi məsələsində boşluq var idi. Təbii ki, bu, Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin milli maraqlarına zidd idi”.

Deputat qeyd edib ki, 1992-ci ildə bu sənəd qəbul olunandan sonra Azərbaycana ayrı-ayrı ölkələrdə qadağan olunan dini cərəyanların nümayəndələri axışmağa başladı.

“Bu, dövlətimizin milli maraqlarını təhdid idi. 1997-ci ildə bu sənədə əlavə və dəyişikliklər olundu. Bundan sonra ayrı-ayrı dini təriqətlərin qanunsuz şəkildə Azərbaycanda fəaliyyəti qadağan edildi. Bu zaman sözügedən qanun Venesiya Komissiyası tərəfindən müdafiə olunurdu. Hətta ayrı-ayrı beynəlxalq təşkilatlarda istinad edilə biləcək bir qanun kimi qiymətləndirildi”. 

Komitə sədri Venesiya Komissiyasının yenidən “Dini etiqad azadlığı haqqında” Qanunu hədəf götürməsini əsasız sayır.

“Komissiya 9 müddəadan ibarət təkliflər irəli sürüb. Azərbaycan tərəfi onları heç cür qəbul edə bilməz. Biz istənilən halda Venesiya Komissiyasına sübut etməyə hazırıq ki, onun bu şəkildə təkliflər irəli sürməsi Azərbaycan milli maraqlarına ziddir. Azərbaycan dövləti heç vaxt öz əleyhinə olan sənədin qəbul olunmasına imkan verməyəcək. Buna görə də Venesiya Komissiyasının tövsiyələrini qəbul edə və bu tövsiyələrə haqq qazandıra bilmərik. Azərbaycan müstəqil, demokratik bir dövlətdir, öz dəyərləri var. Əlbəttə, din məsələsində Azərbaycan çox tolerantdır və hətta dünyanın qabaqcıl ölkələrdən biridir. Bütün beynəlxalq hüquq normalarında qəbul edilmiş normativlər Azərbaycanda da qəbul olunur. Ancaq ölkəmizi təhdid edən sənədlərin qəbuluna Azərbaycanda yol verə bilmərik və Venesiya Komissiyasına iradlarımızı göndərəcəyik”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü