Modern.az

Hüquq müdafiəçisi: “Hökumət seçkiqabağı azad toplaşmaq hüququnu qadağan edir”

Hüquq müdafiəçisi: “Hökumət seçkiqabağı azad toplaşmaq hüququnu qadağan edir”

Aktual

18 Oktyabr 2012, 14:58

Pərviz Həşimli: «Bu addım Azərbaycan hökumətinin növbəti dəfə beynəlxalq ictimaiyyətdə gözdən salınmasına və tənqidinə səbəb olacaq»

«Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan aksiyalara görə, cərimələrin artırılması barədə bəzi qanunvericilik aktlarına dəyişiklik ölkədə məhdudlaşdırılan sərbəst toplaşmaq azadlığının qadağan olunmasına xidmət edəcək».

Bu bəyanatla Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli çıxış edib. Bəyanatda bildirilir ki, Milli Məclisin bununla bağlı bəzi qanunvericilik aktlarına etmək istədiyi əlavə və dəyişikliklər prezident seçkiləri ərəfəsində ölkədəki seçkiqabağı şəraitin pisləşəcəyi, vətəndaşların fundamentlal hüquqlarından biri olan azad yığışmaq hüququndan məhrum ediləcəyini göstərir:

«Bu addım onsuz da insan hüquqları və demokratiyanın durumuna görə, tənqid hədəfində olan Azərbaycan hökumətinin növbəti dəfə beynəlxalq ictimaiyyətdə gözdən salınmasına və tənqidinə səbəb olacaq».

Müxalifət düşərgəsində olan fəalların siyasi mövqelərinə görə, dövlətin sosial təminatından kənarda qaldığını xatırladan P.Həşimli hökumətin illərdir ki, işsiz qoyduğu insanları iqtisadi sanksiyalarla cəzalandırmasının hüquqi, mənəvi dəyərlərə də zidd olduğunu deyib.

Xatırladaq ki, «Sərbəst toplaşmaq azadlığı» haqqında qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Layihədə hökumətin icazə vermədiyi aksiyanın iştirakçıları və təşkilatçılarına qarşı cərimələrin kəskin şəkildə artırılması nəzərdə tutulub. Məsələn, hazırda hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib. Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın təşkilatçıları üçün 1500 manatdən 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub. Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), layihədə ona 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklifi irəli sürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü