Modern.az

“Müharibə üçün hələ siyasi şərait yetişməyib” - RƏY

“Müharibə üçün hələ siyasi şərait yetişməyib” - RƏY

Aktual

22 Oktyabr 2012, 13:46

Bir neçə gün öncə hakim partiyanın saytına açıqlamasında Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib ki, ATƏT-in Minsk qrupunun 20 ildən çox zaman  müddətində Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmasına baxmayaraq, konkret nəticələr əldə olunmayıb. Millət vəkili münaqişənin həllinin uzanmasının Azərbaycan xalqının səbrini tükətdiyini və torpaqlarımızın hərb yolu ilə işğaldan azad edilməsi üçün vaxtın yetişdiyini xüsusilə vurğulayıb.

E. İbrahimovun çıxışına  münasibət bildirən politoloq Qabil Hüseynli isə  bu açıqlamanı  Azərbaycan hakimiyətinin siyasi mövqeyi kimi qəbul etməyib.

“Bu gün torpaqların azad edilməsi üçün lazımı geosiyasi şərait yetişməyib. Yəni bölgədə müharibə vəziyəti üçün Azərbaycana sərfəli olmayan geosiyasi şərait var. Söhbət  bölgədə Rusiyanın həm silahlarını artırmasından, həm də Ermənistana güclü silah yardımından  gedir. Təsəvvür edin, bu yaxınlarda Rusiya  Ermənistanda olan hərbi bazalarındakı silahların hamısını onun  ixtiyarına verib. Bu 62 qırıcı təyyarə, 130 “T-90” tankı,  xeyli miqdarda artilleriya qurğuları deməkdir. Üstəlik bunları icra edən adamlar,  yəni təyyarəçilər, təlimatçılar və s. Ermənistanın sərəncamına keçib. Bu bəs deyilmiş kimi, Rusiya Dağlıq Qarabağın işğal edilmiş əraziləri də daxil olmaqla böyük bir əraziyə “SS” tipli raket kompleksi yerləşdirib. Yəni bölgənin hərbiləşdirilməsi prosesi gedir” .

Politoloq eyni zamanda Kollektiv Təhlükəsizlik Şurasının katibinin də  bəyanatlarında   müharibə başlayarsa, Ermənistanın tərəfində olacaqlarını dediyini bildirib.

“Yəni Rusiya Ermənistanın tərəfində olacaq. Belə bir şəraitdə çətin ki, müharibə riskini göz önünə ala bilək. Eldar İbrahimovun bu məsələdə şəxsi fikri ola bilər. Eldar İbrahimov  millət vəkilidir,  millətin fikrini müəyyənləşdirən şəxs deyil. Bax bu nöqteyi-nəzərdən də belə bir fikirlərin səsləndirilməsini təbii qarşılamaq lazımdır. Çünki Azərbaycan öz torpaqlarını qaytarmalıdır. Amma zamanın doğru seçilməsi qələbənin əsası ola bilir. Belə bir atalar sözü var ki, əgər qələbə qazanacağına 99 % əmin deyilsənsə,  bir işi başlama. Azərbaycan da o zaman başlayacaq ki, ən azı müharibəni udacağına 99% əmin olacaq. Məncə siyasi rəhbərlikdə buna əminlik var,  amma bölgə də yaranmış vəziyəti görəndə mən ploitoloq kimi 99% əminlik hissini görə bilmirəm. Bu da mənim öz  fərdi fikrimdir. Amma  Azərbaycan siyasi rəhbərliyinin fikrini ifadə edə bilmərəm. Müharibə üçün hələ şərait yetişməyib”- deyə politoloq qeyd edib  . 

Şahanə RƏHİMLİ

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü