Modern.az

SOCAR və ВР niyə barışdılar?

SOCAR və ВР niyə barışdılar?

25 Oktyabr 2012, 21:45


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın ВР şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında (operator BP-dir) hasılatın stabilləşdirilməsi yönümündə kompromisə gələ biliblər. Belə qənaətə SOCAR prezidenti Rövnəq Abdullayevin mətbuata son açıqlamalarını təhlil edərkən gəlmək olar.  
Caspianbarrel.org saytı SOCAR-la BP arasındakı münasibəti təhlil edib. Modern.az həmin təhlili təqdim edir.
Caspian Barrel yazır ki, jurnalistlərlə söhbətində R.Abdullayev bildirib ki, SOCAR və ВР rəhbərliyinin Londonda olan görüşünün yükunu olaraq (bu görüş 17 oktyabrda keçirilmişdi) qərara alındı ki, beynəlxalq konsorsiumdakı Rəhbər Komitənin Alt komitəsi yaradılsın. Bu qurumda hər iki şirkətin nümayəndələrinin təmsilçiliyi ilə hasilatın stabilləşdirilməsi və yataqların işlənməsinin optimal həlli variantları baxılacaq.
"Hal-hazırda Bakıda BP Global şirkətinin 3 vitse-prezidenti "Azəri-Çıraq-Günəşli"də hasilatın stabilləşdirilməsi proqramını bizimlə müzakirə edirlər", - deyə SOCAR prezidenti bildirib.         

Bu nə "kompromiss"proqrammıdır?

BP və tərəfdaşları "Azəri-Çıraq-Günəşli" dəniz yataqlarıının işlənməsi üzrə 2013 və 2014-cü illər üçün, həmçinin 2014-2024-cü illər üçün uzunmüddətli proqram hazırlayırlar.  

Bu proqramlara əsasən, gələn il müqavilə sahəsində hasilat stabilləşərək 33 mln. ton təşkil etməlidir. 2014-cü ildə isə hasilatın səviyyəsi yüksələrək 35 mln-dək artmalıdır.

Caspian Barrel-in “hasilatın artması 2013-cü ilin IV rübündən istismara veriləcək “Qərbi Çıraq” platformasının fəaliyyəti ilə bağlı olmayacaq ki" sualını cavablandırarkən SOCAR prezidenti bildirib ki, həqiqətən bu platformanın hasilatın artırılmasında müstəsna xidmətləri olacaq, ancaq bununla belə, hasilatın stabil saxlanılması yönümündə konsorsium da çoxlu sayda texniki tədbirlər həyata keçirəcək.

“Onu əlavə edim ki, yataqda kifayət qədər ehtiyatlar var və onların çıxarılması üçün bütün imkanlardan yararlanmaq yönümündə səylər göstəriləcək”, - deyə Abdullayev məsələnin mahiyyətinə aydınlıq gətirib.

Şirkət rəhbəri həmçinin bəyan edib ki, 2015-2020-ci illər üçün müqavilə sahəsində hasilatın 33 mln. ton ətrafında stabilləşdirilməsi gözlənilir.

 "Bizim mütəxəssislərin rəylərinə görə, bu göstəricilər yaxşı nəticədir", - deyə SOCAR prezidenti vurğulayıb.

AÇG-də hasilat niyə azalırmış?

Maraqlıdır ki, SOCAR rəhbəri "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində hasilatın azalma səbəblərini şərh edərkən əvvəllər olduğu kimi yenə də bunun əsasən texniki məsələlərlə bağlı olduğunu diqqətə çəkdi. Ancaq bir əlavə etdi ki, hasilatın azalmasında istehsalın idarə edilməsi məsələləri də az rol oynamayıb.

Bu zaman R.Abdullayev bildirib ki, 2010-cu ilin aprelində Meksika körfəzində BP-nin operatorluğu ilə baş verən qəzadan sonrakı proseslər Britaniya şirkətinin Azərbaycandakı fəaliyyətindən də yan ötməyib. Belə ki, BP istehsalda daha ehtiyatlı olmağa başlayıb və hər bir işə həddən artıq həssaslıqla yanaşıb.

"Hamıya məlumdur ki, neft sənayesi iqtisadiyyatın yüksək risklər olan bir sferasıdır. Ona görə də burada risklərin maksimum minimallaşdırılması adətən o zaman praktikada nail olunur ki, istehsal göstəriciləri də yüksək olmasın", - deyə SOCAR prezidenti izah edib.

Onun sözlərinə görə, bu kimi səbəblərdən də BP öz sonrakı fəaliyyətini Azərbaycanda hasilat platformalarının texniki təhlükəsizliyinin artırılmasına, avtomatlaşdırılmış mühafizə sisteminin yenidən qurulmasına və sair modernizə işləri üzərində qurmağa üstünlük verib. Bu zaman isə hasilatı dayandırmaq lazım gəlirmiş. Nəticədə istehsal göstəricilərində geriləmə müşahidə olunmağa başlayıb.

"Ümumiyyətlə götürsək, BP "Azəri-Çıraq-Günəşli"də risklərin idarə edilməsi ilə fəal məşğul olmaq əvəzinə, qərara almışdı ki, risklərdən özünü uzaqlaşdırsın. Bu isə texniki dayanmalara, qazma prosesinin uzanmasına və beləliklə son nəticədə hasilatın azalmasına gətirib çıxarırdı", - deyə SOCAR prezidenti məsələnin mahiyyətini izah edib.    

BP AÇG-nin operatoru olaraq qalacaq 

 SOCAR prezidenti jurnalistlərlə söhbətində "Azəri-Şıraq-Günəşli" yataqlarının işlənməsi üzrə müqavilədə operatorun dəyişilməsinin mümkünlüyü məsələsinə də toxunub. R.Abdullayevin qənaətincə, Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) müvafiq maddəsi operatorun dəyişilməsini nəzərdə tutur.

"Ancaq AÇG üzrə müqavilənin qüvvədə olduğu 18 il ərzində o hər bir maddəsi üzrə icra edilib. Bizim operatorun dəyişilməsi ilə bağlı məsələ qaldırmaq hüququmuz var, ancaq buna indiki şəraitdə lüzum yoxdur ", - deyə SOCAR prezidenti vurğulayıb.

R.Abdullayev həmçinin Qərb mətbuatında "AÇG-dəki hasilatın yüksək templə azalmasının səbəbi kimi BP və tərəfdaşlarının Azərbaycan tərəfindən 2024-cü ilin dekabrında başa şatacaq müqavilənin müddətinin daha 5 il uzadılması istəyi olub" fikrini təkzib edib.

"BP və AÇG-nin digər tərəfdaşları SOCAR-a müraciət etməyiblər ki, müqaviləni 2024-cü ildən sonrakı dövr üçün uzadaq. Xarici mətbuatın müraciətlə bağlı və bizim buna rədd cavabı verməyimizə dair deyilənlər həqiqətə uyğun deyildir", - sonda SOCAR prezidenti bəyan edib. 

Yekun

Qeyd edək ki, oktyabrın 11-də hökumətin iclasında Azərbaycan prezidenti İlham Əliyev "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilatın son illərdə kəskin düşməsi ilə əlaqədar BP şirkətinin fəaliyyətini kəskin tənqid etmişdi. Bu zaman dövlət başçısı bəyan etmişdi ki, proqnoz üzrə hasil edilməyən neftə görə Azərbaycan son 3 ildə 8,1 mlrd. dollar gəlirdən məhrum olub.

Prezidentin bu çıxışından sonra yerli KİV-lərdə anti-BP məqalələr dərc edilməyə başladı. Qərb mətbuatında isə hətta ən xoşagəlməz ssenarilər belə nəzərdən keçirilirdi: Azərbaycan hökumətinin təzyiqi ilə BP "Azəri-Çıraq-Günəşli"dən uzaqlaşdırılır, "Forbes" kimi tanınmış dərgi isə daha uzağa gedərək BP-nin ExonMobil-lə əvəz edilməsi gümanını ortaya qoymuşdu.

Ancaq fakt bundadır ki, 2 həftə ərzində tərəflər razılıq əldə edə bildilər və neçə deyərlər barışdılar. Bəs belə qısa müddətdə bu baş tutan iş idimi?

Çox güman ki, BP məsələnin ciddiliyini dərk edib və bu zaman kəsiyi ərzində Azərbaycan tərəfini inandıra bilib ki, bütün mümkün variantlar içərisində onun təklif etdiyi və edəcəyi proqramlar həm Azərbaycanın mənafeyi, həm də şirkətlərin maraqları baxımından ən məqbuludur. Yəni söhbət "Azəri-Çıraq-Günəşli" kimi dənizin dərin qatlarında yerləşən böyük ehtiyatlara malik bir yatağın işlənməsindən gedir və bunun ərsəyə gətirilməsi heç də asan bir iş deyil. Aradakı inamsızlıq boşluğunu doldurmaq üçün yerdə qalan müddətdə Alt Komitənin fəaliyyətindən yaralanmaq təklif olunub. SOCAR bundan sonra prosesləri izləmək funksiyasından onu daim nəzarətdə saxlamaq dərəcəsinə qədər yüksəlir.

Nəticədə Azərbaycan hadisələrin bu cür inkişaf etməsindən razı qalıb və bu gün SOCAR prezidentinin jurnalistlərlə geniş ünsiyyəti də iki şirkət arasında əvvəllər yaranmış xarici gərginliyi çıxarmağa yönəlmiş bir addım idi. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü