Modern.az

Əflatun Amaşov Kiyevdə mətbuatın durumunu müzakirə edib

Əflatun Amaşov Kiyevdə mətbuatın durumunu müzakirə edib

Aktual

16 Noyabr 2012, 16:27

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib.  Modern.az-ın məlumatına görə, Ə.Amaşov çıxışında rəhbərlik etdiyi qurumun ötən on ay müddətindəki fəaliyyət istiqamətlərindən danışıb. Şikayətlərin araşdırılması prosesində maraqlı tərəflərin mənafelərinin ödənilməsi məsələlərinə diqqət yetirib.

Ölkəmizdəki özünütənzimləmə metodlarından ətraflı bəhs edən Ə.Amaşov Mətbuat Şurasının bir model kimi effektivliyini təsdiqləyən məsələlərdən danışıb. Bildirib ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilə bu modelin ümumən media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin nizamlanmasında daha mütəhərrik struktura çevrilməsi zəruridir. Çünki hazırda informasiya daşıyıcıları olan qurumların – internet xəbər portallarının, sosial media vasitələrinin saylarının artım dinamikası müşahidə edilir.

Noyabrın 16-dan 18-dək davam edəcək konfransda MDB-nin və Avropanın bir sıra ölkələrindən olan media qurumlarının rəhbərləri iştirak edirlər. Başlıca müzakirə mövzuları içərisində postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-lərin özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə edilir.

Qeyd edək ki, toplantının növbəti günlər üçün nəzərdə tutulmuş iş planına medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında fikir mübadiləsinin aparılması da daxildir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü