Modern.az

Fransadakı eks-səfir: “ABŞ Türkiyənin boyun əyməsini istəyir”

Fransadakı eks-səfir: “ABŞ Türkiyənin boyun əyməsini istəyir”

Dünya

27 Oktyabr 2021, 08:43

“Hansısa bir ölkənin digərindən şikayəti varsa, bununla bağlı Vyana Konvensiyasının 41-ci maddəsinə uyğun addım ata bilər. Səfirliklər öz şikayətlərini Xarici İşlər Nazirliyinə yazılı və şifahi olaraq çatdırmalıdır. Amma media vasitəsi ilə bir ölkəni təhdid etmək onun azadlığına qarşı təcavüzdən başqa bir şey deyil. Bu da Türkiyə tərəfindən qəbul edilə bilməz”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Türkiyənin təqaüddə olan diplomatı, Ankaranın Fransadakı keçmiş səfiri Uluç Özülker deyib. O, Türkiyənin daxili işlərinə qarışan 10 səfirin  “arzuolunmaz şəxs” elan edilə biləcəyi barədə Ankaranın xəbərdarlığını və həmin ölkələrin geri addım atmasını əməkdaşımıza şərh edib. Eks-səfirin fikrincə, Türkiyəyə qarşı proseslərin başında Amerika Birləşmiş Ştatları dayanır:

 

“Türkiyənin də əks reaksiyası tam doğrudur. Buna qarşı nə lazımdırsa, edəcəyik. Həmin səfirlərin  “arzuolunmaz şəxslər” elan olunacağı bildirilirdi. Bu işlərin başında Amerika dayanır. Bütün prosesləri Amerika planlayıb. Bu, digər ölkələrlə razılaşdırılaraq, öncədən qurulan bir oyundur. Amerika yeni bir açıqlama verib. Açıq şəkildə 41-ci maddəyə əks bir şey etmədiklərini bildirib. Bu, əslində iki tərəfdən baxılmalı məsələdir. İki gün sonra Amerika Türkiyədən belə reaksiya gördüyü halda niyə maddəyə sadiq olduğunu bildirdi. Burada verilən mesaj işin çox böyütmədən, sülh şəklində bitirilməsini ifadə edir. Bunu da prezident Ərdoğan qəbul edir”.

 

Uluç Özülker NATO-da Türkiyəyə müttəfiq olan ölkələr arasında gərginliyin hansı nəticələr doğura biləcəyini də şərh edib.

 

“Türkiyə 10 səfiri “arzuolunmaz şəxs” elan etmək istəyirdi, onları ölkələrinə göndərəcəkdi. Amma bu günə kimi tarixdə toplu olaraq səfirlərin “persona non grata” elan edildiyi bir örnək yoxdur. Belə bir şey bir dəfə Sovetlər dövründə olub.
Bu hadisə ilə bağlı Türkiyənin başına daha böyük işlər gələ bilərdi. ABŞ, Avropa Şurası da sıxıntılarla qarşılaşacaqdı. Yunanıstan bir müddət əvvəl ABŞ və Fransa ilə razılaşma əldə edib, bundan Türkiyəyə qarşı da istifadə oluna bilərdi. Amma bu nöqtəyə qədər daşınan işlər onlara da fayda verməz. Türkiyə bundan sonra belə bir şeyin yaşanmaması üçün öz xəbərdarlığını etdi. İnid Türkiyə qarşıda olan problemlərlə bağlı daha diqqqətli olmalıdır. Çünki son zamanlar həmin ölkələrin Türkiyə ilə siyasi əlaqələri dostca deyil.

 

Türkiyəyə qarşı bu qədər basqının səbəbi nədir? Hazırda Türkiyə sürətlə inkşaf edir. Ankara digər ölkələrlə münasibətlərində də səsini bir az yüksəldərək, haqqını axtaracaq bir yerə gəlib. Başqa dillə desək, Türkiyə Amerikaya boyun əymir. ABŞ istədi deyə, onun dediklərini etmək niyyətində deyil. Hal belə olduqda da Amerika bu mövzudan narahatdır. Bunun da ən böyük misalı S-400 məsələsidir. Bir NATO müttəfiqi olaraq, həmin silahı Rusiyadan necə ala bilərsiniz deyə, Türkiyənin üstünə gəlir. Bunların hamısı nəticə etibarı ilə bəhanədir. 2020-ci ildə prezident  Bayden “Nyu York Tayms” jurnalına verdiyi müsahibədə çox açıq şəkildə Ərdoğanla arasının yaxşı olmadığını bildirmişdi. O, növbəti seçkidə müxalifəti dəstəkləyərək, Ərdoğanı hakimiyyətdən endirəcəyini açıq şəkildə qeyd edib. Türkiyə və Amerika arasındakı münasibətlər bir mübahisə çərçivəsində davam edir. Hələ də Amerika ilə 15 mövzuda mübahisəli vəziyyət var. Amerika hazırda Türkiyəni sıxışdırmaq üçün əlindən nə gəlirsə, hamısını edir”, - deyə diplomat bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü