Modern.az

Azərbaycan yolu

Azərbaycan yolu

Aktual

25 Fevral 2013, 13:27

Akif Nağı

(Birinci Yazı)
    
Xocalı həm də yolsuzluğun qurbanı oldu. Bunu həm hərfi, həm də rəmzi mənada deyirəm. Hərfi mənada: yolların hamısı düşmənin nəzarətində idi, ona görə insanlar çıxa bilmədilər. Rəmzi mənada: Azərbaycan öz yolunu müəyyən edə bilməmişdi, kiminlə, kimin vasitəsilə və s. Elə indi də həmin qeyri-müəyyənlik içindəyik. Yadıma Sidni Şeldonun qəhrəmanlarından birinin zarafatla Amerikanı “gündəyməzinə bütün dünyanın qoşulduğu ölkəyə” bənzətməsi, bir də Repinin “Burlaklar Volqada” əsəri düşdü. Avrointeqrasiya deyəndə Amerikanın, Avropanın gündəyməzi, Rusiya deyəndə isə boyunduruğa qoşulmuş burlaklar yada düşür. Doğurdanmı kiminsə gündəyməzinə və ya boyunduruğuna qoşulmaqdan başqa yolumuz yoxdur?!

Azərbaycanın gələcəyi özümüzü, öz yolumuzu tapa biləcəyimizdən asılıdır. Biz özünün yolu olmayan, ona görə də özgələrini təqlid edən millətlərdənik. Kiminsə xətrinə dəyə bilər, amma bu belədir. Həqiqəti nə qədər tez etiraf etsək, o qədər də tez çıxış yolunu tapa bilərik. Azərbaycanın qədim tarixi, qədim dövlətçiliyi və qədim münasibətlər sistemi olub. Rusiya  işğalından sonra bu dəyərlərdən uzaq düşmüşük, indi onları geri qaytara bilmirik, daha doğrusu qaytarmaq istəmirik və asan yolu, başqalarını təqlid etmək yolunu seçmişik. Təqlidçiliklə isə bir şeyə nail olmaq mümkün deyil. Ona görə heç kəsin anlamadığı yayğın, amorf, çox vaxt deyildiyi kimi “unikal” bir topluma çevrilmişik.

     Təqlidçiliyimizin sonu ilə bağlı bircə misal çəkim. Sovet dönəmində ən böyük kommunist partiya təşkilatlarından biri, bəlkə də əhalinin sayına nisbətdə birincisi bizdə idi. Sovetlər dağılan kimi bizdə bir nəfər də kommunist (sosialist) qalmadı, bu gün də kommunist (sosialist) pariyası yox dərəcəsindədir. Amma, misal üçün, sovetlərin vaxtında antikommunistliyi ilə seçilən Baltikyanı ölkələrdə kommunist (sosialist) partiyaları bu gün 2-ci, 3-cü, bəzən isə hakim yerdədirlər. Bəzən ən alovlu kommunistlərimiz belə elan etdilər ki, kommunist-zad deyilmişlər, partbileti yalandan gəzdirirmişlər, əslində milli –azadlıq işi ilə məşğul imişlər. Mən bunu özümüzü tənqid etmək üçün demirəm. Bu misal onu göstərir ki, sovet dönəmində biz öz yolumuzda, öz mühitimizdə olmamışıq, tamamilə yad bir mühitin şərtlərinə uyğunlaşmağa çalışmışıq. Kommunistliyimiz də, partiya bileti daşımağımız da bu uyğunlaşma prosesi üçün olub. Bu misalı həm də ona görə çəkdim ki, bu gün də həmin təqlidçilik sürəcini başqa məzmunda davam etdiririk. Bizi qloballaşma, liberallaşma, Avrointeqrasiya adı altında tamamilə yanlış yola yönəltməyə çalışırlar. Dünənin qatı kommunistləri, rusbaşları, rusdilliləri hamıdan öndədirlər ki, bəs biz elə anadangəlmə liberal, demokrat, ingilisdilli idik, rusinteqrasiya səhv imiş, Avrointeqrasiya yolu yeganə düzgün yol imiş, Rusiyaya, Moskvaya tərəf yox, Avropaya, Amerikaya tərəf getmək lazımdır. Əvvəlki səhvlər təkrar olunur. Yenidən bizi başqalarının yolu ilə getməyə təhrik edirlər.

     Bir şeyi dəqiq bilirəm ki, dünən kommunist, bu gün liberal olanlar sabah Çin dünyaya ağalıq edəsi olsa (bəzi proqnozlara görə 20 ildən sonra bu, baş verəcək), konfutsi təliminin alovlu təbliğatçılarına çevriləcəklər. Yeri gəlmişkən, çinli, yapon, alman, ingilis, amerikalı öz yolları ilə gedirlər, ona görə də böyük millət olaraq ortadadırlar. Məsələn, yaponlar XIX əsrin sonunda dərin siyasi, iqtisadi, mənəvi böhran içərisində idilər, onlara da kimlərinsə yolu ilə gedib xoşbəxtliyə çatmaq təklif olunurdu, lakin onlar öz yollarını seçdilər: “yapon ruhu ilə Qərb texnologiyasını birəşdirməli”, yəni Qərbin yolu ilə deyil, Qərbin imkanlarından istifadə edib öz yolu ilə getməli. Almanlar da seçim qarşısında idilər, çıxış yolunu Nitsşe göstərdi: alman reformasiyası və alman musiqisində əks olunan alman ruhu və bir də alman əsgərlərinin sücaəti. Kommunizmin labirintlərində çaşıb qalmış Çini öz yoluna ötən əsrin 70-ci illərində Den Syaopin çıxara bildi. Türkiyənin də acı dərsini deməliyəm. Başabəla “gənc türklər” Avrointeqrasiya deyilən yanlış bir yolu seçdilər, Atatürk də onların yolunu davam etdirdi, bu günkü rəhbərlik isə bilmir nə etsin, çaşıb qalıblar. Bu vəziyyət Türkiyə üçün təhlükəli perspektivlər vəd edir.

  Bu deyilənlərdən sonra bir daha vurğulayıram ki, Azərbaycan özünün fərqli yolunu tapmalı və öz yolu ilə getməlidir. Bunun üçün iki şərtə əməl etməliyik. Birincisi, tariximizə, kökümüzə, ənənələrimizə söykənməli. İkincisi, bu günümüzün 3 prinsipinə sössüz əməl etməli: dövlətin gücləndirilməsi, müstəqilliyin artırılması, ərazi bütövlüyünün bərpası. Hər kəs öz fəaliyyətində bu 3 prinsipi nəzərə almalıdır. Qosqoca dövlətlərin içərisində yerimizi tuta bilməyimiz üçün dövlətimizi gücləndirməliyik. Dövlətimizin gücü hələ istənilən səviyyədə deyil. Dünyada 5 mindən artıq millət var, onlardan yalnız 192-sinin dövləti var, bu xoşbəxtlərdən biri də bizik. Bu xoşbəxtliyi  və bu nemətin qədrini bilməliyik. Dövlətimizi təhlükəyə ata biləcək addımlardan çəkinməliyik. Müstəqilliyimizin də səviyyəsi 50 faizdən yuxarı deyil, bu rəqəmi pillə-pillə qaldırmalıyıq. Qarabağ təkcə  kvadrat kilometrlərlə ölçülən ərazi, torpaq deyil prinsip məsələsidir. Bu prinsipdən geri çəkilsək, dövlət və millət kimi varlığımız şübhə altına alına bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü