Modern.az

Uşaqlara şəfqət Heydər Əliyev Fondunun əsas missiyalarındandır

Uşaqlara şəfqət Heydər Əliyev Fondunun əsas missiyalarındandır

Aktual

4 Mart 2013, 15:59



Tanrı dərgahına açılan yol...

Azərbaycandan çox da uzaq olmayan Rusiyada, yaxın qonşumuz olan dövlətdə hazırda kimsəsiz və qüsurlu uşaqların əcnəbilərə övladlığa verilməsi ciddi müzakirələr doğurub.
Övladlığa verilmiş azyaşlıların qətli faktlarından sonra rus cəmiyyətində yaranmış təlatümü Azərbaycanda yəqin ki, heç zaman müşahidə etməyəcəyik. Bu iddia möhkəm dayaqlara malikdir və Heydər Əliyev Fondunun müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən uşaqlarla bağlı layihələri məhz həmin qranit dayaqlardır.

Görünən kəndə bələdçi gərək deyil. Lap bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə təlim kursları keçirildi. Bu məqsədlə İtaliyanın San Donato Mərkəzinin uşaq ürək cərrahı, professor Alessandro Giamberti və Almaniyanın Pediatrik Kardiologiya Klinikasının direktoru, professor Coxen Vielin Bakıya dəvət olundular. Əsas məqsəd Azərbaycanda təhsil alan gənc rezidentlərin tədrisi baxımından böyük əhəmiyyət kəsb edən bu təlimlərin keçirilməsi avropalı mütəxəssislərin təcrübələrindən yararlanması idi. Eyni zamanda, anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 uşaq üzərində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında xarici mütəxəssislərlə birgə cərrahiyyə əməliyyatlarının keçirilməsi nəzərdə tutulurdu. Bu əməliyyatların 8-i Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti hesabına həyata keçiriləcəkdi.

Əlbəttə, bu, Heydər Əliyev Fondunun bütün fəaliyyəti dövründə nə ilk, nə də son təşəbbüsdür. Fondun səhiyyə sahəsində uşaqlarla bağlı gördüyü işlər silsiləsində neçə-neçə belə faktı sadalamaq olar.

...Uşaq Tibbi Reabilitasiya Xəstəxanası. Yeni bina, yeni avadanlıq və müasir cihazlarla təchizat. Maraqlı budur ki, bu xəstəxanada ənənəvi tibbi müalicə üsulları ilə yanaşı, ot çayları, təbii şirələr, oksigen kokteylləri vasitələri ilə də aparılır. 280 kvadratmetr sahəni əhatə edən binada EKO, EEQ, Spa terapiyası, halvanik vanna, sualtı massaj vannası, fizioterapiya otaqları vardır. Otaqlarda yüksək standartlara cavab verən avadanlıq quraşdırılıb.

...Talassemiya Mərkəzi üzərində isə xüsusilə dayanmaq gərəkdir. Ölkədə “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”ndan irəli gələn tədbirlər həyata keçirilir. Bu gün dövlət büdcəsində həmin proqrama ayrılan vəsait 16,3 milyon manat təşkil edir. Bu xəstəliklə bağlı 5 illik proqram icra edilib. Bu Proqramların həyata keçirilməsi ilə talassemiya və hemofiliya kimi bəladan əziyyət çəkən xəstələr arasında ölüm halları demək olar ki, sıfıra enib. Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunmuş sözügedən Mərkəzin layihə dəyəri 18 mln. ABŞ dollarıdır. O, Türk Əməkdaşlıq və İnkişaf Agentliyi mərkəzi 590 min dollar dəyərində avadanlıqla təchiz edilib. Bu şəfa ocağı talassemiyadan əziyyət çəkənlər və onların yaxınları üçün ümid yeridir. Mərkəz gün ərzində 30-40 xəstə qəbul edir. Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır ki, onların da 60%-i bu səhiyyə ocağında daimi müalicə olunur.

... Fondun daha bir xeyirxah əməli – paytaxtın Yeni Günəşli yaşayış massivində inşa edilmiş Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində inşa edilmiş bu mərkəzdə uşaqların müalicəsi üçün dünya psixoterapiya praktikasında çox populyar olan qum terapiyası üsulundan istifadə edilir. Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir.

Mərkəzdə bütün otaqlarda müşahidə kameraları quraşdırılmışdır. Alınan videogörüntü mərkəzin hollundakı böyük monitorlara ötürülür. Bu, valideynlərə uşaq və yeniyetmələrin reabilitasiya prosesini müşahidə etmək imkanı verir.

Reabilitasiya prosesi müalicəvi vannalar vasitəsilə də aparılır. Bu prosedurlar əzələ ağrılarını və əzələ spazmalarını azaldır, yerli və ümumi qan dövranını gücləndirir və nəticədə əzələ funksiyasını yaxşılaşdırır. Daha bir müalicə növü artterapiyadır. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.

Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.

Mərkəzdə dünyada populyar olan balneoterapiya da həyata keçiriləcəkdir. Bu, uşaq serebral iflicindən əziyyət çəkənlərə müsbət təsir göstərən bir terapiyadır. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından, onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi öyrənə bilir və bu da onlara hərəkət sevinci, həyat eşqi bəxş edir. Bu terapiyanın daha səmərəli olmağı üçün gələcəkdə hovuza xüsusi qaldırıcı qurğunun alınması planlaşdırılır ki, hərəkət etməyən uşaqlar da bu terapiyadan istifadə etsinlər.

Reabilitasiya Mərkəzində müalicə ilə yanaşı, tədris işləri də aparılacaqdır. Uyğunlaşma tədrisi otağında uşaq və yeniyetmələrin tədrisi oyun və oyuncaqlar vasitəsilə, yəni əyləncəvi formada həyata keçirilir. Mərkəzdə uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi də həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə və qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloq və psixoloq tərəfindən aparılır. Müalicə ocağının həyətində açıq idman meydançası da yaradılmışdır. Uşaqlar burada müxtəlif idman növləri ilə - futbol, voleybol, basketbolla məşğul ola biləcəklər. Mərkəzin həyətində əyləncə meydançası da vardır. Uşaqların müxtəlif peşələrə istiqamətləndirilməsi, vaxtında və düzgün qidalandırılması da diqqət mərkəzindədir.

...“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi. Azərbaycan “Diabet haqqında” Qanun qəbul edən ilk MDB ölkələrindən biridir. Bu qanun MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən iclasında analoji sənəd qəbul edilərkən model qanun layihəsi kimi götürülüb.

Qeyd edək ki, Şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il şəkərli diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqları insulin preparatları və şpris-qələmlərlə təmin edilib. Bundan əlavə, BMT-nin təşəbbüsü ilə 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondu Dünya Diabet Kampaniyasına qoşulub. Fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur. Fond səhiyyə ilə bağlı digər mühüm layihələr də həyata keçirir. 2004-2010-cu illər ərzində Fonda müraciət edən insanlara köməyin göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulmuş, on minədək insanın müayinə və müalicəsi məqsədi ilə lazımi tədbirlər görülüb.

Xatırladaq ki, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 350 nəfər uşaq qeydiyyatdadır, onların 120-si Bakıda yaşayır.

Heydər Əliyev Fondunun şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı aksiyaları çoxdur. Bunlardan biri Fondun və “Sanofi-aventis” şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə sentyabrın 24-də iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunub.

I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən 18 yaşınadək uşaqların müalicəsi ilə məşğul olan Respublika Endokrinoloji Mərkəzinin, 6 nömrəli Uşaq Endokrinoloji Xəstəxanasının, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun həkim-endokrinoloqları bu layihədə iştirak edirlər.
Əsasən uşaq yaşlarında inkişaf edən I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin dərman preparatı ilə təminatına yönəlmiş layihənin məqsədi qısamüddətli təsirə malik insulinin yeridilməsinə ehtiyacı olan 18 yaşınadək 200 pasiyenti iki min şpris-qələm – Apidra preparatı ilə təmin etməklə yanaşı, pasiyentlərin altı ay müddətində həkim nəzarəti altında saxlanılması, lazımi müayinələrin aparılması və Apidra preparatının həkimin göstərişinə əsasən təyin edilməsidir.

Heydər Əliyev Fondunun şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün Gəncədə və Lənkəranda yay istirahət düşərgələri təşkil edilib. Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Ağdam, Şəki, Bərdə, Tovuz, Şəmkir, Biləsuvar, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı və Daşkəsən rayonlarının sakinləri olan diabetli uşaq bu düşərgələrdə həm istirahət, həm də müalicə olunublar.

...Heydər Əliyev Fondunun dəstəyi ilə Kiyev Şəhər Ürək Cərrahiyyə Mərkəzinə göndərilən 6 azərbaycanlı uşağın üzərində aparılan əməliyyat olunması.

... “WORLDMED” klinikasında 43 uşaq üzərində cərrahiyyə əməliyyatı. bu klinikada aztəminatlı ailələrdən olan “dovşandodaq” və “qurd ağzı” diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinədən keçirilib, 200 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Qeyd edək ki, Fondun xeyirxah missiyası təkcə Azərbaycanla məhdudlaşmır. O, daim qonşu və dost ölkələrdə oxşar aksiyalar keçirir. Talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili və 2 min qan köçürmə paketi təqdim edilib. Bu yardım sayəsində Pakistanın əyalətin şəhərlərində, xüsusilə Pakistanın Əfqanıstanla sərhəddə yerləşən ucqar məntəqələrində xəstəlikdən əziyyət çəkənlərə təhlükəsiz qan köçürülmə xidmətləri göstərilir, həmçinin Hepatit C, Hepatit B, HİV/AİDS virusunun müəyyənləşdirilməsi üçün yerli əhali arasında pulsuz testlər təşkil olunur.

Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində 2005-ci ildə zəlzələdən zərər çəkmiş Pakistanın Müzəffərabad şəhərində, “Saif qrup” nəzdində fəaliyyət göstərən “Kulsum İnternational” xəstəxanasının texniki dəstəyi ilə “Edhi Home” Xeyriyyə Fondunun İslamabadda yerləşən kimsəsizlər evindəki uşaqlar üçün tibbi müayinə təşkil olunub. Peşavar şəhərində “Akbar Kare” Serebral Paraliç İnstitutunda da imkansızlar üçün pulsuz müayinə təşkil olunub.

Qeyd edək ki, “Edhi Home” Fondu səkkiz xəstəxana, diabet, göz və xərçəng klinikaları, kimsəsizlər və ahıllar evləri də daxil olmaqla 300 mərkəzdən ibarətdir. Fondun mərkəzlərində hazırda on minlərlə ahıl və 50 min uşaq sığınacaq tapıb. Xəstəxanalarda isə bir milyon uşağın pulsuz doğuşu təmin olunub, valideynləri tərəfindən atılmış 20 min körpənin həyatı xilas edilib.

Bir müdrik adam deyib: “Hər bir xeyirxah Tanrı dərgahına gedən yoldur”. Heydər Əliyev Fondu öz layihələri ilə bu amala xidmət etdiyini əyani sübut edir.

Pərvin Arzuqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü