Modern.az

Asim Mollazadə: "Hazırda Azərbaycanda 3 istiqamət prioritet olmalıdır"

Asim Mollazadə: "Hazırda Azərbaycanda 3 istiqamət prioritet olmalıdır"

Təhsil

21 May 2013, 22:47


"Azərbaycanın ən böyük neməti onun qazı, nefti, təbii zənginlikləri deyil, mədəniyyətidir. Azərbaycanın üstünlüyü ondadır ki, öz mədəniyyətini dünya mədəniyyəti ilə sintez edərək böyük mədəniyyət yaratmağa, dünyəvi dəyərləri Şərqə gətirməyə nail olub".

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu fikri “İrəli” İctimai Birliyinin "Diplomatik Protokol 2" layihəsi çərçivəsində gənclərlə görüşü zamanı səsləndirib. Millət vəkili Azərbaycanın tarixi, mədəniyyəti, siyasi sistemi, diplomatik əlaqələri, dövlət strategiyası barədə gənclərə geniş məlumat verib. O, qeyd edib ki, İslam və Türk dünyasında ilk dünyəvi dövləti yaratmağa nail olmuş Azərbaycan xalqı bu gün ölkənin gələcəyini Avroatlantik məkana inteqrasiyada görür: "Biz Avropaya inteqrasiya deyəndə Avropanın sərhədləri çərçivəsini nəzərdə tutmuruq. Bizim üçün Avropa təkcə coğrafiya deyil, həm də dəyərlər sistemidir. Biz ölkəmizin inkişafını bu dəyərlər sisteminin çərçivəsində görürük. Burada söhbət Avropanın geniş anlamda mədəniyyətinin, o cümlədən idarəetmə, insan azadlıqları, bazar iqtisadiyyatı, siyasi münasibətlər mədəniyyətinin ölkəmizdə bərqərar olmasından gedir. Azərbaycanın gözəl tarixi xüsusiyyətləri var. Bu ölkə Şərq dünyasında ilk operanı, ilk baleti yaradıb, ABŞ və bir sıra Avropa dövlətlərindən daha əvvəl qadınlara seçki hüququ verib. Ölkə bu dəyərləri qoruyub saxlamalı, daha da inkişaf etdirməlidir".

Deputat Azərbaycanın müstəqillik qazanandan sonra çox böyük zərbələrə tab gətirdiyini vurğulayıb. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, bu münaqişədə Rusiya silahlı qüvvələrinin və İranın qonşumuza dəstək verdiyini xatırladıb. "Çox vaxt deyirlər ki, biz məğlub olmuş xalqıq. Amma biz Rusiya silahlı qüvvələri ilə təkbətək mübarizədə Azərbaycan torpaqlarının 80%-ni qoruya bilmişik" - deyən A.Mollazadə Azərbaycanın özünü dünyaya müstəqil dövlət kimi tanıtmaq üçün çəkdiyi əziyyətləri xatırladıb. Həmçinin bildirib ki, neft amili Azərbaycana marağı artırıb: "Neft amili imkan vermişdi ki, 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində gənc azərbaycanlılar Avropanın ən yaxşı universitetlərində təhsil alsınlar. İslam dünyasında dünyəvi dövlət qurmaq ideyası məhz bu şəxsiyyətlər tərəfindən irəli sürülmüşdü. Sonralar bu ideyanın daşıyıcılarından olan Əli bəy Hüseynzadəni özünün ustadı sayan Ziya Köyalp dünyəvi dövlət ideyasını Atatürkə aşılamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin istinad etdiyi bu ideyalar Atatürkün də modern və dünyəvi Türkiyə Cümhuriyyətini qurmasına səbəb olmuşdu. Biz 20-ci əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa edərkən, yenə də bu dəyərlərə istinad etdik. Bu gün bizim milli ideologiyamız Azərbaycançılıqdır və biz dünyaya da bu dəyərlərlə açılırıq". 

A.Mollazadə Azərbaycanın üzvü olduğu aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyəti və Avropanın aparıcı partiyaları barədə ətraflı məlumat verib. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda və ayrı-ayrı ölkələrdə aparılan işlərdən, əldə olunan nəticələrdən, erməni diasporunun fəaliyyətlərindən danışıb. Erməni diasporunun yüz il ərzində qondarma genosid iddiaları ilə Türkiyəyə qarşı apardığı mübarizə metodlarından bəhs edib: "90-cı illərə qədər Türkiyənin erməni əhalisi 60 min idi. Bu gün isə orada təkcə Ermənistan vətəndaşlarının sayı 120 minə qədərdir. Sual olunur ki, əgər türklər barbardılarsa, sizin düşmənlərinizdirsə, onda niyə öz ölkənizdən qaçıb ora köçürsüz? Çünki bu gün Ermənistan hərbi bazaya çevrilib və onu həm azərbaycanlıların, həm də ermənilərin özlərinin qanına əli bulaşmış, Qarabağda dinc əhaliyə qarşı hərbi cinayətlər törətmiş qruplaşma idarə edir. Bu qruplaşma Rusiya silahlı qüvvələrinin dəstəyi ilə öz hakimiyyətini qoruyub saxlayır və öz vətəndaşlarını ölkədən köçməyə təhrik edir".

DİP sədri son dövrlərdə Azərbaycanın diplomatik korpusunda keyfiyyət dəyişiklikləri olduğunu, gənc azərbaycanlı diplomatların güclü erməni diasporuna qarşı mübarizə apardığını qeyd edib. O, Avropanın enerji təhlükəsizliyi və Rusiyanın bu müstəvidə oynadığı rola toxunub, Rusiyanın Qərbin "yumşaq güc" siyasətindən son zamanlar bir sıra ölkələrə qarşı istifadə etdiyini vurğulayıb. Postsovet ölkələrində demokratiya və insan hüquqları sahəsində problemlərə toxunan deputat, Rusiyanın bu ölkələrə öz siyasi iradəsini diqtə etməyə çalışdığını söyləyib.
Azərbaycanın regionda alternativ enerji mənbəyinə çevrilmək imkanlarından bəhs edən A.Mollazadə, TANAP sazişi və bir sıra enerji layihələrindən danışıb. Eyni zamanda Azərbaycanın beynəlxalq antiterror hərəkatında, Əfqanıstan və İraqla bağlı əməliyyatlarda oynadığı rolu izah edib.

A.Mollazadənin fikrincə, bütün bunlarla yanaşı Azərbaycanı dünyada həm də öz mədəniyyəti ilə tanıtmağa ehtiyac var. O, "Avroviziya" yarışmasında Azərbaycanın uğurlarını bu istiqamətdə müsbət qiymətləndirib. Azərbaycanın caz pianoçularının, uşaq simfonik  orkestrinin xarici ölkələrdəki uğurlu çıxışlarının ölkəmizin mədəni istiqamətdə tanıdılması üçün daha vacib olduğunu ifadə edib.        

 Sonra millət vəkili gənclərin suallarını cavablandırıb. Rusiyanın himayəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətlərinə toxunub. Azərbaycanın NATO-ya inteqrasiya perspektivləri barədə suala cavab verərkən deyib ki, bu qurumun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığı təqdirəlayiqdir. NATO-nun yaxın vaxtlarda genişlənməyəcəyinə əmin olduğunu deyən A.Mollazadə, hərbi əməkdaşlığın çox bahalı iş olduğunu, eyni zamanda Rusiyanın NATO ilə əməkdaşlığa can atan postsovet ölkələrinə təzyiq göstərdiyini xatırladıb. Azərbaycanın Avropa Birliyinə üzvlük perspektivi barədə sualı cavablandırarkən, ölkəmizin AB-yə üzv olmaqdansa, Norveç, İsveç kimi ölkələrin inkişaf yolunu tutmasını arzu etdiyini bildirib. OPEK-ə üzvlük barədə suala cavabında deyib ki, Azərbaycanın bu quruma qoşulmasına ehtiyac yoxdur. Çünki bu, Azərbaycana neft siyasətini müstəqil surətdə həyata keçirməyə imkan verir. Azərbaycanın tədricən qaz ölkəsinə çevriləcəyini vurğulayan deputat, ölkəmizin Rusiyanın qaz ixrac edən ölkələr təşkilatı yaradaraq bu ölkələri öz əsarətinə salmaq cəhdlərinə də müsbət yanaşmadığını deyib. "Nabukko", Transadriatik Qaz kəməri (TAP) tipli layihələrin perspektivləri barədə suala cavabında A.Mollazadə bildirib ki, əgər maraqlı ölkələr bu layihələrin maliyyələşməsini öz üzərinə götürərlərsə, Azərbaycan da əməkdaşlığa hazır olacaq.
Deputat deyib ki," neft və qazdan gələn gəlirlər hər bir azərbaycanlının inkişafına yönəldilməlidir. Dünyada ciddi rəqabət gedir və bizim gənclik bu rəqabətə hazır olmalıdır. Dünyadakı yaşıdlarından həm təhsilinə, həm mədəniyyətinə həm də fiziki imkanlarına görə üstün olmağa çalışmalıdır. Azərbaycan bu gün Avroatlantik məkandakı rəqabətə hazır olmalıdır. Buna görə də Azərbaycanda Boloniya sisteminə keçid sürətlənməli, buradakı universitetlər dünyanın aparıcı universitetləri ilə mübadilə proqramlarında fəallığını artırmalıdır. Ölkəmizin biznes-menecerlərə, texnikadan, informasiya texnologiyaları, səhiyyə və digər sahələr üzrə yaxşı mütəxəssislərə ehtiyacı var".

A.Mollazadə xaricdə təhsil üzrə dövlət proqramında humanitar sahələrə üstünlük verilməməsini ölkəmizdə bu sahələrdə mütəxəssislərin çox olması ilə əlaqələndirib. O, bildirib ki, hazırda Azərbaycanın qeyri-neft sektorunda 3 istiqamət prioritet olmalıdır. Bunlar informasiya-kommunikasiya texnologiyaları (İKT), turizm və aqrar istiqamətlərdir. Millət vəkili Azərbaycanın orqanik məhsullarla dünya bazarına çıxmaq imkanlarını yüksək qiymətləndirib. Azərbaycanın hər zaman qonşularla normal münasibətlər saxlamağa maraq göstərdiyini ifadə edən deputat İranla-Azərbaycan arasında münasibətlərin gərginliyinin səbəblərinə də aydınlıq gətirib. O, bildirib ki, İran Azərbaycanın digər ölkələrlə münasibətinə çox böyük qıcıqla yanaşır və İslam inqilabını, İslam təməlçiliyini ölkəmizə ixrac etmək istəyir. İranın Ermənistana hər cür yardım göstərdiyini vurğulayan deputat, onun Azərbaycanın daxili işlərinə müdaxilə etmək niyyətində olduğunu ifadə edib. İranda yaşayan azərbaycanlıların heç bir milli hüquqlarının olmadığını, amma orda yaşayan ermənilərin məktəblərinin, universitetlərinin, qəzet və radiolarının olduğunu deyib.

“Azərbaycan qadını tarixən bütün İslam və Türk dünyasının qadınları arasında lider olub. Bu coğrafiyada birinci baleti, operanı azərbaycanlı qadın yaradıb, ilk qadın aktrisa buradan çıxıb, ilk təyyarıçi, paraşütçü qadın azərbaycanlı olub. İndi biz nəyə görə onları İranın nəzarəti altında orta əsrlərə göndərməliyik?!" - deyən A.Mollazadə Azərbaycanın ictimai həyatında qadınların fəal iştirakının onun üçün prioritet məsələlərdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan nəinki öz ölkəmizdə qadınların inkişafına çalışır, hətta Pakistanda, Əfqanıstanda qızlar üçün məktəblər açır. DİP sədri sonda partiyanın məramları və fəaliyyəti barədə sualı da ətraflı cavablandırıb.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü