Modern.az

İldə dördcə kilometr yol getsəydik, indi Kəlbəcərdə idik...

İldə dördcə kilometr yol getsəydik, indi Kəlbəcərdə idik...

Aktual

5 Avqust 2013, 15:18

 

Ələmdar Cabbarlı

Həftə sonu Göygöl rayonuna getmişdim. Uşaqları apardım ki, bir az Kəlbəcər havası alsınlar. Hələki Kəlbəcərin özünü yox, havasını ala bilirik. Bir dəfə bir şeirimdə yazmışdım ki, Göygöl Kəlbəcərin qəbridi sanki, ətrini duyursan, özün görmürsən. Məsələ burasındadı ki, Kəlbəcər ölməyib, onu diri-diri basdırıblar Murovun o üzündə. Amma Murovun bu üzündəki kəlbəcərlilərin ümidi də ölməyib! Bir gün Murovun o üzünə - diri-diri basdırılmış Kəlbəcəri xilas etməyə aşacağıq. Həm də bütün maneələri aşaraq bu aşırımı aşacağıq. Atasının-babasının qəbri tapdaqda olan düşmənə güllə atmaqdan ötrü heç kimdən icazə almamalıdır məncə...  Nə BMT-dən, nə ATƏT-dən. Necə ki Mübariz İbrahimov heç kəsdən icazə almadı... Kəlbəcərə bir az da yaxınlaşmaq üçün 5 yaşlı oğlumun əlindən tutub Toğanaya qədər getdim. Orda rastlaşdığım ən acı mənzərə isə nə Kəlbəcərdən axıb gələn, sanki Kəlbəcərin dərdini ağlayan dağ çayı, nə qərib-qərib boylanan Murov, nə də hər addımda sızıltılarını duyduğum ruhlar oldu. Toğanada mənə təsir eləyən bir yol göstəricisi oldu. Bəli sadəcə bir yol göstəricisi.

Üstündə “KƏLBƏCƏR – 80” yazılmış yol göstəricisi... İlahi, belə də dərd olar?! Evinin, atanın-babanın qəbrinin bir addımlığında olasan, amma o tərəfə bircə addım da ata bilməyəsən. 80 kilometri maşınla, ya da babat bir atla bircə saata getmək olar. Ayaqla bircə günə gedər o yolu kəlbəcərlilər. Amma 20 ildi ki, gedə bilmirik 80 kilometr yolu. Gündə bircə qarış – ildə dördcə kilometr getsəydik, indi Kəlbəcərdə idik... Ürəyimizi dağlayan bu lövhənin yanında dayanıb qərib-qərib, daha çox isə yazıq-yazıq Kəlbəcər tərəfə baxdıq oğlumla. Həmin gün mənim 33 yaşım tamam olurdu...

...80 kilometri maşınla, ya da babat bir atla bircə saata getmək olar. Ayaqla bircə günə gedər o yolu kəlbəcərlilər. Bəlkə yola çıxaq. Hələ gec deyil...  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü