Modern.az

1 yaşlı Azvision.az - FOTOLAR

1 yaşlı Azvision.az - FOTOLAR

1 Oktyabr 2013, 17:27
Bu gün bir il öncə yaranan Azvision.az saytının bir yaşı tamam olur. Bu il ərzində əldə etdikləri uğurları və gələcək planlarını saytın baş redaktoru Vüsal Məmmədov Modern.az-la bölüşüb.

V. Məmmədov hesab edir ki, AzVisionaz-ın bir il ərzində bazarda özünə yer tutması, varlığının və iddiasının ciddiliyinin etiraf olunması, öz seqmentində möhkəmlənməsi artıq mübahisə mövzusu deyil. “Azərbaycanda internet media bazarında çox güclü rəqabət var, hətta deyərdim ki, həddindən artıq güclü. Belə bir şəraitdə meydana gələ bilmək üçün sözün hərfi mənasında az qala dirsəklərinlə özünə yol açmalısan. Həm də açıq deyək, bu bazar olduqca anormaldır. Əksər saytlar başqalarını nüsxələyir, istinad vermir, oxucu yığa bilmək üçün yolverilməz fəndlərə əl atır. Məsələn, ciddi siyasi-ictimai mövzu ilə az qala erotikanı yanaşı verirlər, böyüründə də rəsmi xəbər. Bu məkanda baş verənləri heç kim tənzimləmir. Ona görə də, internet media bazarında əsl “qaydasız döyüş” gedir. Digər tərəfdən, qeyri-ciddi, müvəqqəti, aralıq məqsədlərə hesablanmış saytlar o qədər çoxdur ki, insanlar yeni saytların ciddi və uzunömürlü olmasına inanmaq istəmirlər. Bunu zamanla sübut etməlisən. Bir sözlə, belə şəraitdə bu bazara girib sağ qalmağın özü böyük bir qəhrəmanlıqdır, o ki qalsın, qabağa getmək”.

Baş redaktor bildirib ki, seçkidən sonra sayt oxucularına yeni layihələr təqdim edəcək. “İndi xəbər məkanı əsasən seçkiyə kökləndiyindən, biz də bu trendin təsirindəyik. Seçkidən sonra üçün isə maraqlı ideyalarımız var. İlk növbədə Azərbaycan mediası üçün yeni olan 4-5 rubrika yaratmağı planlaşdırırıq. Bunlar müxtəlif adlar altında təqdim olunan müsahibələr yox, doğrudan fərqli sahələrə aid fərqli üslubda işlənən mövzular olacaq”.

Sayt kollektivi isə ad günün seçkilərdən sonra keçirməyi planlaşdırır: “İndi seçki ərəfəsi olduğu üçün başımız qarışıqdır. Seçkidən sonra, oktyabrın 15-də, elə həm də bayram günü, redaksiya ilə birlikdə ad günümüzü necə lazımdır qeyd edəcəyik”.

Modern.az saytı olaraq biz də həmkarlarımızı təqdim edirik.



Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü