Modern.az

Varlıların kabab-şiş dərdi... bəs kasıblar neyləsin?..

Varlıların kabab-şiş dərdi... bəs kasıblar neyləsin?..

16 Mart 2014, 17:52

Namidə BİNGÖL

Dünya bir aya yaxındır ki, Ukraynada hökm sürən münqişənin əlində yesir qalıb. Sanki, kainatın ən qaynar nöqtələrində tüğyan edən müharibələrin ocağı sönüb, külü də göyə sovrulub. Bu barədə bir az sonra daha ətraflı danışacam. İndi isə yola salmaqda olduğumuz həftənin əsas hadisələrinə nəzər salaq.

Bir neçə ay ardıcıl olaraq, özünə od vurub yandıranların taleyinə şahidlik etdik. Ürəyimiz də ağrıdı, başımız da. Sonda belə qənaətə gəldik ki, əzalarımıza od vurub bədənimizi külə döndərməklə heç nə həll olunmayacaq. Geriyə baxanda gördük ki, insan içinə çıxmağa üzümüz belə, qalmayıb. Dedik yaz gəlir, onsuz da günəşin şüaları bizi və ətrafı yandıracaq. Daha özünü yandırmağa nə ehtiyac var. Necə deyərlər, sən saydığını say, gör yanğınsöndürənlər nə söndürəcək. Bu dəfə ard-arda ticarət obyektləri yanmağa başladı.
“Sahil” ticarət mərkəzində baş verən yanğına, “Moskva”univermağında son qoyuldu, yola saldığımız həftə üçün. Bu qədər də təsadüf olar? Nə bilək bəlkə həqiqətən təsadüfdür və yaxud obyektlər bilərəkdən yandırılır? Bircə bunu da bilsəydik, yaxşı olardı.

Həmçinin, yola saldığımız həftə Milli Məclisin plenar iclasının keçirilməsi ilə də yadda qaldı. Yenə millətin dəyərli vəkilləri bir araya gəldi. Hərə boğçasından bir məsələ müzakirəyə çıxartdı. Deputat Sahib Alıyev isə kabab çəkmək üçün milli şişlərimizin hazırlanmasının vacibliyini önə çəkdi. Deyirəm, hər darağımız daranıb qalıb “şiş”məsələmiz. Varlılara nə var e, kefləri istəyəndə meşənin qırağında, çayın kənarında kabab çəkməyə şiş tapacaq. Bəs kasıblar neyləsin, Sahib müəllim. Onlara ət lazımdır, amma kabab çəkmək üçün yox, külfəti bir qazan ətrafında toplamaq üçün. Siz də şişdən dəm vurursuz. Nə isə. Kababdan çox danışmayaq.

Öz aramızdı, yola saldığımız həftə müxalifət düşərgəsində gözümüzə yaddaqalan nəsə dəymədi. Yəqin Ukraynada hakimiyyətə gələn müxalif qüvvələr Azərbaycanın da müxalifət nümayəndələrini dərin düşünməyə vadar edib. Arada düşünmək də lazımdır.

İndi isə qayıdaq yola saldığımız həftənin əsas olayına. Əslində, Ukyaynada baş verənlər heç də yola saldığımız həftənin əsas olayı deyil. Sadəcə, bu məsələ həftələrdir aktuallığını itirmir. Rusiyanın, yəni şimal ayısının pəncəsindən heç cürə yaxa qurtara bilməyən Yanukoviçi devirən qüvvələr odla su arasında qalıb. Hətta, vəziyyət o yerə çatıb ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili MDB-yə üzv olan dövlətləri NATO-ya qoşulmağa səsləyib. Ukraynada isə Şimali Atlantika Alyansına qoşulmaq haqqında yekun rəy formalaşmayıb. Görünür, cənab Saakaşvili 2008-ci ildə rus qoşunlarının qısa müddət ərzində Tiflisi bombardman etməsini unudub. Bu məqamda bilmirsən, öz dərdinə ağlayasan, yoxsa, Ukraynanın yarımçıq qalan taleyinin gələcək aqibətini cızasan. Hətta, Ukraynada baş verənlər bir çox dövlətlərin daxilində əməlli çaxnaşma yaradan hadisələri kölgədə qoydu.

BMT, NATO kimi iri təşkilatların diqqətinin Yaxın Şərq ölkələri üzərindən yayınması da aydın görünür. Daha İsrail dövlətinin Fələstinə atdığı bombaların səsi eşidilmir. Halbuki, çarəsiz körpələrin, əlacsız qadınların fəryadından qulaqlarımız tutulurdu. İraqda Amerika hegemonluğunun izinə düşmək də müşgülə çevrilib. Suriyadakı vətəndaş müharibəsinin qoxusu hiss olunmur. Bəşər Əsəd tərəfdarları ilə əleyhdarları arasında gedən “kim kimi qırdı” əməliyyatı bir tərəfdən də qonşu dövlətlərin əlində oyuncağa çevrilmişdi. Yəni, bir dövlətin daxilində baş qaldıran qardaş qırğını xarici qüvvələr üçün toy-bayram demək idi. Hətta, vəhhabi təriqətinə qoşulan azərbaycanlı gənclərin Suriyadan almağa adət etdiyimiz ölüm xəbərlərinin sədası da kəsilib. Bu arada, BMT-nin baş katibi Pan Gi Mun baş verənlərdən sığortalanaraq dünya ictimaiyyətinə Suriya münaqişəsini unutmamağa çağırıb. Fərqli mənzərədir, deyilmi? Əslində, uzun illərdir davam edən İsrail-Fələstin müharibəsi köhnəlməyib. Mübahisəli ərazi məsələsi həll olunmayınca, dünyada dəhşətli nə baş verir versin, əli insan qanı axıtmağa vərdişkar olan dövlətlər üçün bunun heç bir fərqi yoxdur. Həmçinin, Suriyadakı vətəndaş qarşıdurması da eyni fikirləri deməyə əsas verir. Deməli, Ukraynada baş verənlər dünya ictimaiyyəti üçün nə yenidir, nə də köhnə. Köhnələn elə qoca dünyadır. Bəlkə, silah səsinə biryolluq əlvida deyək?!Nə deyirsiz, məncə, o zaman yenilik axtarmağa dəyər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü