Modern.az

Çingiz Abdullayev: “İndi cəmiyyətimiz Allahsız, vicdansız və ləyaqətsiz yaşayır” - MÜSAHİBƏ

Çingiz Abdullayev: “İndi cəmiyyətimiz Allahsız, vicdansız və ləyaqətsiz yaşayır” - MÜSAHİBƏ

25 Aprel 2014, 11:33

“Mənim nə restoranım, nə də mağazam var, pulu kitablardan qazanıram”


Modern.az
saytında “Pəncərə” layihəsinin budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevdir.

- Çingiz müəllim, yaradıcı adamlar həmişə yenilik axtarışında olur. Sizin yaradıcılığınızda yeni nələr var?

- Yaradıcılığımda yeni çox işlər var. Yeni-yeni kitablarım çıxır, əsərlərimə filmlər çəkilir.

- Bir vaxtlar əsərlərinizə çəkilən filmlər sizi qane etmirdi. Bu gün bir fərqlilik varmı?

- İndi də əsərlərimə çəkilən filmlərdən razı qalmıram. Artıq əsərlərimə 2 serial və 7 film çəkilib. Bir şeyi deyim, yazıçı heç vaxt razı qalmır. Ona görə ki, yazıçı öz dünyasını, rejissor da öz dünyasını yaradır. Məsələn, Jorj Seminor öz kinolarına heç baxmırdı. Hətta hirslənirdi. Aqata Kristi də həmçinin. Düşünürəm ki, belə də olmalıdır.

- Bəzən yazıçıları hədsiz təvazökarlıqda ittiham edirlər. Sizcə, yazıçı təvazökar ola bilərmi?

- Yazıçı heç vaxt təvazökar ola bilməz. Mən niyə görə yazıram? Ona görə ki, yazdıqlarımı oxusunlar. İstəyirəm ki, yazdıqlarımı bölüşüm. Təvazökar özü üçün yazır və evdə gizlədir. Təvazökar yazır və istəyir ki evdə arvadı oxusun. Yaradıcı adam heç vaxt təvazökar ola bilməz. Heminquey deyirdi ki, hər yaxşı yazıçının bir oxucusu olmalıdır. Hüqo isə deyirdi ki, yaxşı yazıçının 80 oxucusu olmalıdır. Mənim 27 milyon kitabım çıxıb. Ən azı 40-50 milyon adam oxuyub. Hətta bilirəm ki, kitablarımı neçə-neçə prezident, baş nazir oxuyub. Mən bu qədər oxucu auditoriyamın olmasına sevinirəm.

- Çingiz Abdullayev bu gün Azərbaycanda davamçılarının olmadığını düşünürmü?

- Belə düşünmürəm. Azərbaycanda 20-yə yaxın dedektiv yazar var. Amma siyasi dedektiv janrda yazan yoxdur. Əsərin oxunması janrdan asılı deyil. Kitab maraqlıdırsa, onu oxuyacaqlar. Məsələn, nağılları götürək. Coan Roulinq yazıb, onu oxuyurlar. Bu, janrdan asılı deyil. Bəzən deyirlər ki, dedektiv yazsaydım məni də oxuyardılar. Buyur, götür qələmi yaz, yaza bilməyəcəksən axı. Mənim “Məhkumlar” serialım yayımlananda jurnalistlər dedilər ki, axı, bu dedektiv deyil. Mən müxtəlif janrlarda yazıram. Beş ildir siyasi dedektiv yazmıram. Kitabıma qadın adı qoyanda mənə dedilər ki, niyə rus qadının adından yazmısınız. Deyirdim ki, Azərbaycan qadınının mentaliteti ona oxşamır. Qadının hisslərini bir kişinin yazmasının çətin olduğunu dedilər. Amma mən yazmışam. İndi də mənə deyirlər ki, bunu yazmaqda sənə qadınlar kömək edib. Kişi heç vaxt belə mövzuda yaza bilməz. Təbii ki, heç kim kömək etməyib. Lev Tolstoy “Hərb və sülh” əsərində qadının necə doğduğunu yazmışdı. Halbuki, Tolstoy heç vaxt doğmayıb. Onda o necə yazmışdı?! Belə hallar da olur.


- 3-4 günə bir roman bitirdiyiniz vaxtlar olub. Belə başa düşmək olarmı ki, qayğılardan azad insansınız?

- Mən əsərlərimi yazanda yaşamışam. Qəhrəmanlar mənimlə mübahisə edir, fikirlərimlə razılaşmır. Ona görə də mən işləyəndə telefonları da söndürürəm. Bəzən xaricdə gedib yazıram ki, mənə mane olan olmasın. Təbii ki, hər kəs kimi mənim də qayğılarım olur. Bu cür hallarda qayğılardan özümü bilərəkdən azad edirəm.

- Siz bəzi o tip yazıçılardan deyilsiniz ki, ailəsi, uşaqları olmasın. Demək istəyirəm ki, tənha deyilsiniz. Sizi ailədə çox yaxşı anlayırlarmı?

- Məni ailədə çox yaxşı anladıqlarına inanmıram. Ona görə ki, mən 24 saat kabinetdən çölə çıxmıram. Amma artıq ailəm mənim halıma alışıb. Uşaqlarım İngiltərədə oxuyur, işləyir. Çox vaxt yoldaşım da onların yanına gedir, mən də oturub tək yazıram. Bu cür vəziyyəti qənaətbəxş hesab etmirəm. İstəyirəm ki, onlar da yanımda olsun. Uşaqlarım kiçik olanda bilirdilər ki, ataları gecələr yatmır. 1990-cı illərin əvvəllərində hələ belə kompüterlər yox idi. Azərbaycanda ilk notebookda kitab yazan mən olmuşam. Ona görə də ilk notebooku Bakıya gətirəndə məndən soruşurdular ki, bu nədir? O vaxtlar yazı makinalarından istifadə olunurdu. Onların da səsi çox gur idi. Ona görə də həmin makinaların altına kiçik balış qoyurdum ki, səs olmasın, uşaqlar da otaqlarında rahat yatsın.

- Deyəsən, həm də yaxşı boksçu olmusunuz?

- Məndən boksçu olmaz. Ona görə də burnumu sındırıblar. Güləş üzrə isə bunu deyə bilmərəm. Hətta güləş üzrə Bakı çempionu olmuşam.

- Yazıçıların idmana o qədər də marağı olmur. Sizdə idmana bu qədər maraq hardan idi?

- Yazıçıların əksəriyyəti filoloq olur. Amma mən hüquqşünas olduğuma görə cavanlıqda idmana da marağım olub. Çox təəssüflər ki, indi idmanla məşğul olmuram. Vaxtım olmur. Amma xaricə gedəndə ən azı 20-25 kilometr piyada gəzirəm. Piyada gəzməyi çox sevirəm.

- Bunu Bakıda niyə etmirsiniz? Piyada gəzmək üçün böyük bulvarımız var...

- Düz deyirsiniz, amma, Bakıda alınmır. Ən azı yaxınlaşıb mənimlə şəkil çəkdirənlər çox olur. Bir dəfə Fərhad Bədəlbəyli ilə bulvara gəzməyə çıxmışdıq. O dedi ki, bizi 15 dəfə saxlayıb şəkil çəkdirəcəklər. Mən də dedim ki, 20 dəfə. Düz 25 dəfə bizi saxlayıb şəkil çəkdirdilər.

- Elələri olur ki, oxucu ona yaxınlaşmaq istəyəndə dərhal uzaqlaşır. Sizdə belə hallar olubmu?

- Qətiyyən. 30 yaşım olanda Amerikaya getmişdim. Ən sevdiyim yazıçı Rey Breyderin 75 yaşı var idi. Mən ona yaxınlaşıb şəkil çəkdirməyə utandım. İndiyə qədər təəssüflənirəm. Fkirləşirəm ki nahaq ondan utandım. Ona görə də indi kim gəlib mənimlə şəkil çəkdirmək istəyirsə, etiraz etmirəm. Bir də görürsən toylarda gəlinlə bəy yaxınlaşıb mənimlə şəkil çəkdirir. Deyirəm, əzizlərim, mən sizin yanınıza gəlib şəkil çəkdirməliyəm, siz mənim yanıma yox. Onları başa düşdüyümə görə etiraz etmirəm. Əgər kimsə yorulmuşam deyirsə, bunu oxucuya qarşı hörmətsizlik, hətta harınlıq kimi qəbul edirəm. Axı, insanlar bizdən pis şey istəmir. Səni sevir ki, səninlə şəkil çəkdirir də. Bəzən aftoqraf verməyə etiraz edirlər. “Vaxtım yoxdur” deyirlər. Axı niyə?

- Sizin haqqınızda pis fikirlər səsləndirənlərə geniş şəkildə cavab vermirsiniz. Bu nə ilə bağlıdır?

- Mənə ünvanlanan pis sözlərə cavab yazmayanda deyirlər: “Niyə cavab vermirsən”. Deyirəm, mən milçəyə, ağcaqanada necə cavab verim. Hətta, həmin adamları ağcaqanad, milçək adlandırmaqla onları saymıram. Qoy onların heç olmasa bir milyon kitabı çıxsın. Mən də o zaman onları özümə bərabər səviyyədə görəcəm. Düzdür, cavab yazdıqlarım da var. Məsələn, Zori Balayana yazmışam. Hesab edin ki, öz vətənimi müdafiə etməli olduğumu nəzərə alıb yazıram. Amma Azərbaycanda kiməsə nəsə cavab verməyə, yaxud yazmağa rəqib görmürəm. Siyasi məsələlərə nəinki qarışıram, hətta yazıram da. Qarabağla bağlı kitablarım da çıxır. Haqqımda pis danışanlar ən azı düşünməlidir ki, mənim kitablarım 29 dildə çap olunub. Sən bir sətir yaz ki, onu 5 dilə tərcümə etsinlər. Əgər onu edə bilmirsənsə, sənə necə cavab verim?! Ona görə də heç kimə cavab vermirəm.

- Qarabağ  işğaldan geri qayıtmayana qədər kitablarınızdan qonorar almayacağınızı demisiniz. Təxminən nə vaxt dediyinizi xatırlayırsınız?

- Bəli, 1991-ci ildə belə demişəm. O vaxt SSRİ dağılanda bilirdim ki, çətin olacaq. Çünki Xocalı faciəsi oldu, ardınca  Şuşa, Laçın, Kəlbəcər də getdi. Hətta sonuncu dəfə  “Nərgiz” jurnalında mənə qonorar yazmışdılar. Həmin qonorardan imtina etdim. Dedim ki, mənə qonorar lazım deyil, keçirin uşaq evinə.

- Siz həm də imkanlı ailədə böyümüsünüz...

- İmkanlı yox, çox imkanlı ailədə böyümüşəm. Atam pespublika prokuroru olub. Baki şəhərinin birinci katibi, sonra da neçə il Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olub. Sonradan 30 ildən çox Mərkəzi Komitədə işləyib. Təbii ki, evimizdə böyük kitabxanamız olub. İnandırım sizi, atam dünyasını dəyişəndə 40 gün çadırı yığa bilmədim. Naxçıvandan belə adamlar axışıb başsağlığı verməyə gəlirdilər.



- Övladlarınız bir ata kimi sizdən razıdırmı? Çünki onlara kifayət qədər diqqət ayıra bilməmisiniz...

- Əvvəla, övladlarım deyir ki, yaxşı ata olmuşam. Digər tərəfdən, fəxr edirəm ki, qızım Mopassanı fransız dilində, Bernard Şounu ingilis dilində, Dostoyevskini rus dilində oxuyub. 20 yaşında ən azı üç yazıçının əsərlərini öz dillərində oxuyan azərbaycanlı gənclər barmaqla sayılası qədərdir. 6-7 dildə təmiz danışan qızım dünyada ən tanınmış London Universitetini bitirib. İndi də oğlum orda təhsil alır. Təbii ki, bir ata kimi övladlarımın belə çalışqan olmaları ilə fəxr edirəm.

- Maraqlıdır, ilk oxucularınız kimlər olub? 

- İlk oxucularım atam və anam olub. Atam hüquqşünas olduğuna görə biz nəinki ata-oğul, həm də dost idik.  Qızımın 14 yaşı olanda bir kitabımı oxuyub yanıma gəlmişdi. Soruşurdu ki, bu əsərdəki baş qəhrəmanın kimdir? Sənin kimi geyinir, sənin kimi balı sevir, sənin kimi zarafat edir, sənin kimi saçında tük azdır. Sən kimdən yazmısan axı? Dedim, qızım başa düşmədin ki, özümdən yazmışam. Qızım cavabında nə desə yaxşıdır: “Ata, onu başa düşdüm, axı sən onun kimi belə ağıllı deyilsən”. Sonra qızımı başa saldım ki, onu mən yazmışam, onun atası mənəm. Ona görə də ondan ağıllı olmalıyam. İndi də həmin əhvalatı xatırlayanda gülürük. Heç vaxt əlyazmalarımı heç kimə göstərməmişəm. Yazılarım çap şəklində çıxanda görürlər.

 - Xanımınız göz həkimidir. Ailə qurduğunuz gündən onun sizin yaradıcılığına münasibəti yəqin ki, çox əla olub? 

- Xanımımın yaradıcılığıma münasibəti çox pis olub. Həyat yoldaşım bu gün də hesab edir ki, mən alim olmalı idim. Öz peşəmin arxasınca getməli idim. Gecələr yatmıram, hirslənir, gəlib deyir ki, niyə bu qədər zəhmətlə çalışırsan? Həmişə deyir ki, sən partiya işində çalışıb məmur ola bilərdin. Amma sən səhərə qədər yatmırsan, səhər gözlərin şiş vəziyyətdə işə gedirsən. Ümumiyyətlə, bu cür halımı bəyənmir. İnanın, nə qədər orden-medal alıramsa onları gizlədirəm. Çünki həyat yoldaşım hirslənir. Adam nə qədər orden-medal alar? Onu da deyim ki, bizim evdə “sən dahisən” sözü yoxdur. Əksinə, hirslənib deyir ki, sən alim olsaydın, digər insanlar kimi başqa vəzifədə işləsəydin, heç olmasa gecələr rahat yata bilərdin. Çünki hara gedirəmsə, kompüter yol yoldaşım olur. Uşaqlarla da gəzməyə gedəndə kompüteri özümlə aparıram. Bu da həyat yoldaşımı hirsləndirir. Yaradıcı insana 100 ildən sonra dahi deyirlər. Nizami Gəncəvi, Səməd Vurğun dahi olub. Mən, sadəcə yazıram. 10 il bundan qabaq Anar müəllim dedi ki Çingiz düz demir. Onun yoldaşını da, iki uşağını da tanıyıram. Arıq uşaqlardır, bir belə adam işləməməlidir ki, onları dolandırsınlar. Hamı bilir ki, mənim nə restoranım, nə də mağazam var. Bilirsiz ki, bizdə dəbdir. Bir az pul olan kimi mağaza açırlar. Mən bunların əleyhinəyəm. Bütün pulu yaradıcılığımdan, kitablardan, kinolardan  qazanıram. Ondan başqa heç nəyim yoxdur. İndi ömür boyu işləməsəm, divanda yatsam, acından ölmərəm. Taleyim belə gətirib, sonuncu 25 ili belə yaşamışam.

- Bugünkü məmurların var-dövlətə olan hərisliyinə ziyalılarımız mövqe bildirmir. Bu o deməkdirmi ki, Azərbaycanda ziyalı yoxdur? 

- Sovet dövründə bəzi ziyalılar mənim üçün nümunə idi. İndiki ziyalıların bəzisi pula, vəzifəyə görə sınıblar. İlk növbədə ziyalılar deməlidir ki, belə yaşamaq olmaz. 1917-ci ildə SSRİ qurulanda elan elədilər ki, Allah yoxdur. Biz 70 il allahsız yaşamağa başladıq. 1991-ci ildə SSRİ dağılanda bizə dedilər ki, vicdan yoxdur, lazım da deyil. Başladıq vicdansız, Allahsız yaşamağa.  Son 5-6 ildə bizə deyirlər, Azərbaycanda ləyaqət lazım deyil. Ləyaqətsiz yaşamaq lap yaxşıdır. İndi də cəmiyyətimiz Allahsız, vicdansız və ləyaqətsiz yaşayır. Belə cəmiyyət hara gedəcək? Üzeyir Hacıbəyov gecə saat ikidə küçəyə çıxanda bilirdilər ki, Monolitdə papiros çəkəcək. Camaat aşağıda yığışırdı ki, Üzeyir bəyi görəcək. Yusif Məmmədəliyev rektor olanda tələbələrə pul verirdi, pul yığmırdı. İndiki rektorlar pul yığırlar, utanmırlar. Başa düşmürlər ki, tələbələr onları necə lənətləyir. Akademiklər, yazıçılar hörmətli insanlar olub. Akademikin maaşı bir maşının qiymətinə bərabər idi. Mirzə İbrahimovun “Azərbaycan dili dövlət dilidir” fikrinə görə Xruşşov ona “siz faşistsiniz” demişdi. Hətta işdən də çıxartdılar. İsmayıl Şıxlını götürək. Cahandar bəy İsmayıl Şıxlının özüdür. Bunlar nümunə olmalıdır. Bir dəfə Heydər Əliyev dedi ki, Əbülfəz Elçibəy qaçıb, nə edək? Heydər Əliyev İsmayıl Şıxlıdan da soruşdu: “İsmayıl müəllim, siz ağsaqqalsınız, deyin nə edək?” İsmayıl Şıxlı dedi ki, müharibə vaxtı komandir qaçanda o komandir deyil. Ağsaqqalın bu sözündən sonra Heydər Əliyev məsələni səsə qoydu. Bizim cəmiyyətdə belə ziyalılarımız, yazıçılarımız olub.



Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü