Modern.az

Türk liseylərində təhsil alanların valideynləri Fatma Abdullazadəyə MƏKTUB yazdılar

Türk liseylərində təhsil alanların valideynləri Fatma Abdullazadəyə MƏKTUB yazdılar

Qarabağ

22 İyul 2014, 13:18

“Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (Türk liseyləri) təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesi davam edir”.

Bunu Modern.az saytına Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva deyib.

Türk liseylərində təhsil alan şagirdlərin Valideynlər Şurasının rəhbəri Gülnarə Bağırova isə Modern.az-a deyib ki, valideynlər uşaqlarını adi məktəblərə yerləşdirmək istəmirlər:

“Biz Prezident Administrasiyasına, Fatma Abdullazadəyə məktub ünvanlamışdıq. Dünən onun müavini Məhərrəm Əliyev bizi qəbul etdi. Məsələyə baxılacağını dedi”.

G. Bağırova onlara Təhsil Nazirliyindən yeni təklif gəldiyini də bildirib: “Təhsil Nazirliyindən bizə deyirlər ki, uşaqlarınız başqa liseylərdə təhsil almaq istəyirsə, avqust ayında yenidən imtahan verməlidirlər. Məsələn “Avropa” liseyinə, “Zərifə Əliyeva” adına liseyə avqust ayında imtahanlar olacaq, orda oxumaq istəyirlərsə, imtahan verməlidirlər. Bu şagirdləri niyə başqa liseylərə yerləşdirmirlər?”.

Valideyn şurası rəhbərinin bu məsələnin rayonlarda yerləşən liseylərə də şamil edilmısi barədə isə xəbəri yoxdur: “Əgər uşaqlarımız imtahan verməsələr, adi məktəblərə yerləşdiriləcəklər. Onlar fərqli dərs proqramı keçməyə məcbur olacaqlar. Biz təklif edirik ki, liseylərin rəhbərliyi dəyişilsin, idarəçiliyi dövlətə verilsin, amma bağlanmasın. Yaxud ən azından bu il sonuncu sinifdə oxuyan şagirdlər də məzun olsunlar, sonra bağlansın”.

G.Bağırova uşaqlarını yerləşdirmək üçün onlara vaxt məhdudiyyətinin qoyulmadığını da vurğulayıb.

Qeyd edək ki, iyulun 1-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (Türk liseyləri) təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanılıb. 

Bir müddət əvvəl Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilmişdi.

Rüfanə GÜNƏŞ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü