Modern.az

Mircabbar aga, Ağalıq və Soltanbud təpəsi…

Mircabbar aga, Ağalıq və Soltanbud təpəsi…

Ədəbi̇yyat

2 Sentyabr 2014, 09:59
Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabında belə bir məqam diqqətimi çəkdi.  Müəllif yazırdı: “Mən ona Mircabbar ağanın evində dayə işləməyə zəmanət verdim”. Burada söhbət Olqa Alekseyevna adlı inqilabçı xanımdan gedir. Belə ki, bu xanım inqilabdan əvvəlki illərdə  Rusiyanın Qazan şəhərində həbsdən qaçaraq Tiflis şəhərinə, ordan da Kəhrizliyə pənah gətirir.  Və Həmidə xanıma işlə bağlı müraciət edir. O da oz növbəsində zəmanətlə xanımı dayə kimi Mircabbar ağa  Ağamirovgilə göndərir.
Əsərdə Mircabbar ağa ilə bağlı başqa bir məqama rast gəlməsəmdə belə ehtimal etmək olar ki, Həmidə xanım Miracabbar ağa ilə  yaxın qohumluq əlaqəsi olmaqla yanaşı, həm də bir-birlərini yaxşı tanıyırmışlar. Və get-gəlləri olduğundan ürəkli şəkildə dayəni də onlara göndəribmiş. Araşdırmalar zamanı Mircabbar ağa və ailəsi haqqında çox az məlumat əldə edə bildim. Ümumiyyətlə,  diqqətiçəkən ikinci bir məqam ondadır ki, ədəbiyyatda Xurşud Banu Natəvanın Xasay bəy Usmiyevdən olan övladları barədə müfəssəl məlumat və araşdırmalar olduğu halda, şairə xanımın ikinci əri Seyid Hüseyndən olan övladları barədə çox az məlumat vardır. Tədqiqatçıların bu səmtə fikir verməməsi təəsüf hissi doğurur. Qeyd edim ki, Seyid Hüseyn bəy Xurşidbanu bəyim Mehdiqulu xan qızı Cavanşirlə evliliyindən Mir Həsən bəy, Mir Abbas bəy, Mir Cabbar bəy adlı oğlanları, Saray xanım və Həcər xanım adlı qızları vardı.
 Bu yazıda məqsəd məhz mövcud məlumatsızlığı bir qədər aradan qaldırmaqdır.  
Qeyd edim ki, Mircabbar ağa Seyid Hüseynin Xurşud banu Natəvandan olan  üçüncü oğluydu. Soltanbud təpəsi və ona bitişik ərazilərdə pay şəklində Mircabbar ağaya verilmişdi.  Soltanbud təpəsinin ətəyində kəndə tərəf ərazidə onun səkkiz alt - səkkiz üst olmaqla  iqamətgahi   var idi. Deyim ki, Ağdamda da Xuşud Banu Natəvanın özünə və  ailə üzvlərinə  məxsus  binalar az deyildi. Xan qızının ailə üzvlərinə pay şəklində torpaqların verilməsi isə bir ənənə idi. Uzun müddət Ağdam Rayon Partiya Komitəsinsının yerləşdiyi bina (sonralar bu binada  Ağdam Maarif Şöbəsi yerləşirdi) Natəvanın nəvəsi  Ağabikə xanıma məxsus olduğunu iddia edilir. Araşdırmalar zamanı bir məqamı dəqiqləşdirmək mümkün oldu. Belə ki, Xan qızının özünə məxsus iqamətgahının Ağdamın mərkəzindəki keçmiş Lenin  bağında olduğunu bir çox yaşlı insanlar yaxşı xatırlayır.
Mircabbar ağanın qırmızı kərpicdən inşa edilən mənzilində isə hər cür şərait var idi. Hətta üst mərtəbədə hamam və kanalızasiya sisteminin qurulduğu deyilir.
Ötən əsrin əllinci illərində hər iki  bina söküntüyə məruz qaldı…  
Təəssüflə deməliyəm ki, Xan qızının həyətində sonralar “Lenin” bagı, oğlunun həyətində isə kənd qəbrstanlığı salındı…
***
Mircabbar ağanın  oğlu Əbülfət ağa barəsində //modern.az/articles/25567/1/ dərc olunan yazıda müəyyən bilgilər verilib. İndi isə Əbülfət ağanın bacısı barəsində maraqlı bir xatirəni diqqətinizə çatdırmaq istərdim.
Həmsöhbətim Seyid Kamran da Ağamirov soyadını daşıyır. Ağdamda tanınan nəslin nümayəndəsidir.  Seyid Kamran Mircabbar ağa ilə bağlı maraqlı bir fakti söylədi:
- Atam Seyid Həşim kişi  bir dəfə Bakıya Passaj Bazarına gəlir. Alış-veriş zamanı atam satıcıya “eloğlu cəddim haqqı bunları pay alıram elə olmasın ki pis çıxsın” deyəndə yaxınlıqda  keçən  xanım söhbətə qoşulur. Və bu minvalla məlum olur ki, bu xanımda Ağamirovlardandır. Seyidlərdən söhbət düşəndə qadın deyir mən də seyid qızıyam.  Və atamı evlərinə qonaq aparıb əri və ailə üzvləri ilə tanış edir. Seyid qızının əri Ədil bəy Soltanov də ziyalı bir insan idi.  Xanım sonralar deyirdi ki, əri Ədilbəy  Əliş Ləmbəranski ilə yaxın dostdur. Bu ailə ilə uzun müddət mehriban münasibətimiz yarandı. Hətta mən və bacım Bakıya oxumağa gələndə o vaxtı Ədil bəygilə düşərdik. Yadımdadı onların mənzili indiki  Cəfər Cabbarlı küçəsində, Yasamal Rayon İcra hakimiyyətinin keçmiş inzibati binasının yaxınlığında yerləşirdi. Xanımı Asya deyə çağırsalar da, əsil adı  Ağca xanım idi. Gözəl yaraşıqlı bir xanım idi. Xurşud Banu Natəvana çox oxşayırdı.  Onlar da tez-tez Ağdama gəlirdilər. Ağdama düşən kimi birinci növbədə nənələrinin məzarını ziyarət edərdilər. Dolanışıqları zəif olduğundan bəzən özü ilə gətirdiyi onluq qızılı pula çevirərdi. Soruşanda deyirdi ki, Xan qızından qalıb.  Ağca xanım deyirdi ki, bəzən onun qızıllarını satıb dolanırıq.  Yadımdadı ki, onların evlərində bir qara bədənnüma güzgü də var idi. Xan qızından qalmışdı. Deyirdilər Fransadan gətizdiribmiş.  Sonradan məlum oldu ki, seyid xanım Mircabbar ağanın qızı,  Seyid Hüseynin nəvəsidir…
Bu hadisə 60- cı illərdə olmuşdu. Qadının Xavər adlı qızı da var idi...
 ***
Beləliklə,  Mircabbar ağanın Əbülfət aga və Ağcaxanım adlı iki övladı olması dəqiqdir.  Bu istiqamətdə araşdırmalarımızı isə davam etdiririk...
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü