Modern.az

Azərbaycan müxalifəti Ərdoğanla görüşmək istərdimi? - SORĞU

Azərbaycan müxalifəti Ərdoğanla görüşmək istərdimi? - SORĞU

Qarabağ

3 Sentyabr 2014, 14:20


Sentyabrın 3-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.  Səfər  müddətində prezident İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü də baş tutub.

Görüşün maraqlı məqamlarından biri də Türkiyə prezidentinin Azərbaycanın müxalifət partiyaları ilə görüşməsi məsələsidir.

Bir çox hallarda, Azərbaycana səfər edən xarici dövlət başçılarının müxalifət nümayəndələri ilə ya ayrı-ayrılıqda, ya da birgə görüşlər keçirmələrinin şahidi olmuşuq. Maraqlıdır, Azərbaycanda mövcud olan müxalifət partiyaları görüşmək üçün Türkiyə səfirliyinə müraciət edibmi?

Modern.az saytı müxalifət partiyaları arasında sorğu keçirib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı  Ərdoğanla görüşmək üçün səfirliyə müraciət etməyi mənasız addım adlandırıb: “Görüşlərin protokolu müraciət əsasında təsdiq olunmur. Səfər edən dövlət başçısının, yaxud yüksək vəzifəli məmurun protokol xidməti tərəfindən görüşlərin çərçivəsi müəyyənləşir. Ərdoğanın səfərinin  protokolu da onun protokol xidməti müəyyən edir və Azərbaycan dövləti ilə razılaşdırılır. Bu günə qədər Xalq Cəbhəsi ölkəmizə səfər edən heç bir dövlət başçısı ilə görüşmək üçün müraciət etməyib. Bilirsiniz ki, bir müddət əvvəl AXCP sədri ilə Fransa prezidentinin görüşü olub. Fransa prezidenti Fransua Olland ilə görüş səfər edən tərəfin öz istəyilə nəzərdə tutulmuşdu. Türkiyə dövlət başçısının belə bir istəyi olardısa bu, nəzərə alınardı. Bu barədə məlumat verilərdi. Görünür,  belə bir istək olmadığı üçün görüşlə bağlı müxalifət partiyalarına müraciət olmayıb. Əgər partiyalara müraciət olmayıbsa,  Türkiyə səfirliyinə bu yöndə müraciət etməyin də mənası yoxdur. Bu lazımsız addımdır”.  

Azərbaycan Milli İstiqlal Partiysının  (AMİP) sədri  Yusif  Bağırzadə Ərdoğanın müxalifət partiyaları ilə Bakı səfəri zamanı görüşə bilməməsində qəbahət görmür:

“Bu, Ərdoğanın Türkiyədə keçirilən prezident seçkilərindən sonra Azərbaycana ilk səfəridir. Onun prezident Azərbaycana səfər etməsi dünya ictimaiyyətinə Türkiyənin strateji müttəfiqləri kim olması ilə bağlı bir mesajdır. Birincilər sırasında Azərbaycan durur. Bu da ondan irəli gəlir ki, Azərbaycan-Gürcüstan-Türkiyə müttəfiqliyi haqqında memorondum imzalanıb. Strateji müttəfiqlik daha da dərinləşməyə gedir. Ərdoğanın Bakıya başqa məqsədlə gəlib. Azərbaycan prezidenti İlham Əliyevin də Türkiyəyə səfəri gözlənilir. Ərdoğanın səfəri formal xarakter daşıdığından Türkiyə səfirliyinə görüşlə bağlı müraciət etməyin mənası yox idi. Ərdoğanın özünün protokol şöbəsi var. Həmin şöbə kiminlə görüşmək lazım olduğunu özü müəyyənləşdirir”.    

ADP sədri Sərdar Cəlaloğlu  da səfirliyə müraciətin mənasız olduğunu düşünür: “Görüşlərin baş tutması mümkün deyil. Sadəcə olaraq, dövlətlər arasında öncədən razılaşma var. Bu da siyasi kursla bağlıdır. Türkiyənin Azərbaycanda demokratiyadan daha çox başqa maraqları olduğuna görə müxalifətə,  QHT-rə xüsusi marağının olmayacağını nəzərə alaraq müraciətimizin mənasız olduğunu da bilirdik. Bizim müraciətimizə nə ehtiyac var? Milliyyətçi Hərəkat Partiyasının indiki lideri Dövlət Baxçalı vaxtilə Türkiyənin baş nazirinin müavini idi.  Heydər Əliyevin zamanında Azərbaycana səfər edib. O vaxt Türkiyə səfirliyi müxalifət partiyaları ilə Dövlət Baxçalının görüşünü təşkil etdi. Təbii ki, görüşü Baxçalı özü istəmişdi. İndi isə cənab Ərdoğan müxalifət partiyaları ilə görüşmək istəmirsə, bizim müraciətimizlə görüşmək istəməyəcək”.  

Ümid Partiyasının sədri İqbal Ağazadə də Ərdoğanla görüş üçün müraciət etməyib: “Ərdoğanın Bakıya səfəri ilə bağlı Türkiyə səfirliyinə müraciət etməmişik. Çünki Ərdoğanla ortaq müzakirə edə biləcəyimiz bir şey yoxdur. Ona görə də müraciət etmədik. Ərdoğanın siyasətini izləyirik. O, Azərbaycan cəmiyyətinin problemlərindən daha çox Azərbaycan və Türkiyə iqtidarı arasındakı problemlərlə məşğuldur. Bu problemlərin də çözülməsi məsələsində ünvan biz deyilik, ünvan Azərbaycan iqtidarıdır. Ona görə də Ərdoğan o işlə məşğuldur. Türkiyə müxalifəti ilə Ərdoğanın münasibətləri bəllidir. Öz ölkəsində müxalifətlə o cür münasibətdə olan Ərdoğan bizimlə hansı münasibətdə olacaq?!”

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü