Modern.az

“Boyunuzu yerə soxum, kitab oxuyun”

“Boyunuzu yerə soxum, kitab oxuyun”

4 Sentyabr 2014, 22:36

Kitab oxumaq barədə yazmaq istəyirəm. İndi bu barədə hamı- kitabdan pul qazananlar da, bütün problemləri bir kənara ataraq səhifə vərəqləməyə vaxt tapanlar da danışırlar. Hələ üstəlik bura ömründə bir kitab oxumamış, amma dəb və “intelektual dəstə”də gözə soxulmaq xətrinə danışanları əlavə etsək, böyük siyahı alınacaq. Kitab oxumaq barədə söhbət düşəndə hamı dərindən nəfəs alır və alnını qırışdıraraq “ağır dərddir, heç kim indi kitab oxumur” deyir. Kitab oxumurlar? Niyə? Hərə bir arqument gətirir: “Maraqlı kitab yoxdur”, “bahadır”, “vaxt yoxdur”, “kitab hayında deyləm”..

..Kitab oxumaq həvəsi -Yaşadığın cəmiyyətdə savadlı və bilikli nəslin varlığının bariz təsdiqidi. İntellekt göstəricinin pul və bahalı paltar deyil, bilik və mədəniyyətin diqtə etdiyi bir cəmiyyətdə oxumaq həmişə əsas trendə çevrilir.

...İnsan mövcud olduğu zamandan bəri həmişə oxumağa və bilməyə can atıb. Bu bilik həvəsi onu göydən yeri endirib-cənnətdən qovdurub. Bəşər övladı dünya həyatında da öyrənmək eşqini unutmayıb.

Yaxşı, bəs azərbaycanlılar niyə kitab oxumurlar? Yaxud niyə belə iddialar həmişə beyini dəng edir? Bunu təkcə azərbaycanlıların dərdi saymaq düz olmazdı. Məncə, insanda ilk növbədə kitab oxumaq vərdişi olmalıdır. Elə bil vərdiş ki, o olmayanda özünü sanki nəsə itirmiş kimi hiss edəsən. Bu vərdiş isə uşaqlıqdan yaranır. Bəli, bəli... Mübahisə etsəniz də mən bunda israrlıyam..

...Əgər uşaq vaxtından kitab oxumağa vərdiş etməmisinzsə, heç vaxt kitab oxuya bilməyəcəsiniz. Siz hökmən Kapitan Qrantı tapmalı, Robinzon Kruzo ilə bir adada yaşamalı, Moris Ceraldla başsız atlını axtarmalı, 3 müşketyorla birlikdə vuruşmalısınız.. Vaxtında.. Siz bu qəhrəmanları tanımasanız, duymasanız,onların macəralarında iştirak etməsəniz, sonradan sizə çətin olacaq. Bu hiss kitabxana qapılarının kandarını yağır etmək istəyi verməlidi sizə.

Sizə bir məqamı da deyim: uşaq vaxtı oxunan kitablarda həyat həmişə yarıda qalır.. Suallar isə səni tərk etmir. Bəs sonra necə olub? Kapitan Qrantı tapandan sonra Meri ilə “Dunkan”ın gənc kapitanının sevgisi nə ilə bitdi? Robinzon yeni həyata başlaya bildimi? Cəmiyyətin əclaflığının şahidi olan balaca Oliver Tvist böyüdümü? Həyat axı nədir? Uşaq ədəbiyyatı sonrakı ağır ədəbiyyatı həzm etmək üçün bir tramplindir, əziz dostum... Əgər sən balaca olanda bütün bunlardan xəbərsiz böyümüsənsə, o zaman heç vaxt Bulqakovun “Master və Marqarita”sının sarkazmını və aktuallığını, Hemunqeyin realizmini tuta bilməyəcksən.. Heç vaxt... Voland necə deyirdi: ”İkinci təravət olmur, mənim əziz dostum, olmur.. Bir dəfə təravətli olmaq olar..Yalnız bir dəfə.. Vəssalam”....

Süni kampaniyalarla kitab oxumaq sevgisini aşılamaq olmaz. Hamıya “gəlin kitab oxuyun, a boyunzu yerə soxum..” çağırışı eləmək sadəcə gülüncdür. Kitab oxuyanların avantajı elə budur: Vaxtında oxumaq şansını qaçıranlara güzgü olmaq..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü