Modern.az

Nərimanovun vətənə gəlməyə qoymadığı Əhməd bəy Ağaoğlu - “Qürbətin doğma məzarları”

Nərimanovun vətənə gəlməyə qoymadığı Əhməd bəy Ağaoğlu - “Qürbətin doğma məzarları”

Mədəni̇yyət

5 Sentyabr 2014, 09:09

Modern.az saytı “Qürbətin doğma məzarları” rubrikasında növbəti yazını XX əsr Azərbaycan maarifçilik cərəyanının ən aktiv nümayəndələrindən olan jurnalist, ictimai xadim Əhməd Ağaoğluna həsr edir. Qeyd edək ki, 1869-cu ildə Şuşada dünyaya gəlmiş Əhməd Ağaoğlu 1939-cu ildə ömrünün çox illərini yaşadığı Türkiyədə vəfat edərək, orada da dəfn olunub.

Nə üçün Türkiyədə?

1909-cu il...  Azərbaycanın maarifçilik ənənəsinin formalaşmasında yorulmadan mübarizə aparan şuşalı Əhməd bəy rus üsul-idarəsinin təqiblərinə dözməyərək, Azərbaycanı tərk etməli olur. Parisin məşhur Sorbonn Universitetini bitirən Əhməd Ağayev (o zaman hələ Ağayev idi) bir  maarifçi-jurnalist kimi ictimai-siyasi proseslərdə öz aktivliyi ilə seçilirdi. Əvvəlcə yaxın dostu, məsləkdaşı Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat”,  daha sonra isə “İrşad” qəzetində bütün çətinliklərə baxmayaraq, öz missiyasını layiqli yerinə yetirə bilirdi.
Əhməd bəyin bu kimi fəaliyyəti rus-üsul idarəsini narahat edirdi. Nəhayət, 1909-cu ildə təqiblərdən bezən Ağayev Türkiyəyə yollanmalı olur. Əslində bir çox ölkələrlə onun qırılmaz əlaqələri olduğundan istədiyi zaman oralara səfər edə bilərdi. Lakin Türkiyəni seçməyinin bəzi özəl  və ictimai səbəbləri var idi. Rus rəsmi dairələri ona yalnız Zaqafqaziya daxilində yaşamağı qadağan etmişdi. Bu isə o demək idi ki, Əhməd bəy Rusiyanın başqa böyük şəhərlərində, Moskva, Sankt-Peterburq-da  yaşaya bilərdi. Lakin Türkiyədə baş qaldıran gənclik hərəkatı, Sultan Əbdülhəmid rejiminə qarşı etirazlar Əhməd bəyin çox yaxşı tanıdığı və sevdiyi Türkiyəyə yollanmasına rəvac verdi.   
Türkiyəyə getməzdən əvvəl milyonçu Murtuza Muxtarovun himayə etdiyi “Tərəqqi” qəzetinin baş redaktoru olan Əhməd bəy Ağaoğlu qardaş ölkəyə yollanandan sonra belə bir müraciət edir: “Bu gün İstanbula azim oldum. Səfərimin nə qədər çəkəcəyi haqqında heç nə deyə bilmərəm. Fəqət Qarelərdən və idarə ilə əlaqəli bulunan kəslərdən təvəqqe edirəm ki, mənim əvəzimə müvəqqəti müdir təyin olunan Üzeyir bəy Hacıbəyliyə müraciət etsinlər”.
Onun Türkiyəyə getməsi ilə bağlı faktlardan biri də Vorontsov Daşkovun onu həbs etdirib sürgünə yollamaq istəməsidir.

Türkiyədə ikinci və üçüncü dəfə 

Az sonra, 1909-cu ildə Türkiyədə ömürlük qalacağını qətiləşdirən Əhməd bəy həyat yoldaşına bu barədə məktub yazır. Onun da sonradan yaxın qohumları ilə birlikdə Türkiyəyə gətizdirəcəyini bildirir. Bu zaman Əhməd bəyin həyat yoldaşı ona konkret cavab verir: sən haradasansa, biz də oradayıq!”

Artıq Əhməd bəy ailəsi ilə də qovuşduqdan sonra həyatının Ağaoğlu hissəsinə keçid alır. Əsl maarifçi olaraq cəmiyyətin içində özünü suda balıq kimi hiss edən Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Türkiyəni tərk edib vətənə kömək etmək qərarına gəlir. Azərbaycan parlamentinə bitərəf  deputat kimi üzv seçilir. Sonradan ölkədə yaşanan məlum siyasi hadisələr sonucunda Əhməd bəy yenidən Türkiyəyə qayıtmalı olur. Tərslikdən o zaman hakimiyyətə başqa partiya gəldiyindən, ittihadi-tərəqqiçilər kimi Ağaoğlunu da sürgünə yolladılar. Lakin Atatürk dövründə yenidən sərbəst insanlar ölkəsi adlandırdığı Türkiyəyə yollandığında köhnə dostu olan Mustafa Kamaldan çox yaxşı bir təklif alır. Ağaoğlu təklifi dəyərləndirərək, mətbuat müdiri kimi Türkiyədə çalışmalı olur.

Ömrünün son illəri

Bundan sonra Ağaoğlu ömrünün sonuna qədər Türkiyədə yaşayır. Artıq onun həyatı demək olar ki, ancaq ora ilə bağlanır.
Bu yazını hazırlayarkən, maarifçi alimin son günləri və ölümü barəsində mətbuat tarixçisi Qərənfil Quliyeva ilə etdiyimiz söhbətdə bəzi maraqlı məqamlar üzə çıxdı. Qərənfil xanımın dediyinə görə, Əhməd bəy Türkiyədə yaşadığı müddətdə hətta bir dəfə Azərbaycana qayıtmaq üçün o zamnkı rəhbər Nəriman Nərimanova məktubla müraciət edib. Lakin Nərimanov yəqin ki, onu düşündüyündən Bakıya gəlməsinə razı olmayıb. Çünki o gəlsəydi, başqa ziyalıların  gözlədiyi aqibət Əhməd bəyi də gözləyəcəkdi. Odur ki, Ağaoğlu Türkiyədə qaldı.
Qərənfil Quliyeva Şuşadan olan Ağaoğlunun ömrünün son illərində vətən niskili çəkdiyini də vurğulayır:

“O elə cavanlıqda da çılğın və səbirsiz idi. Ömrünün son illərində isə bu dözümsüzlük və aqressiya daha da artmışdı. Qızı Sürəyya xanım da öz xatirələrində bunları xüsusi olaraq qeyd edib. Həm də səhhətində ciddi problemlər var idi. Gözləri çox zəif görürdü. Bildiyimiz kimi,  Ağaoğlu bir dəfə çox uyğunsuz bir şəraitdə gözlərindən əməliyyat olunmuşdu ki, onun da fəsadları ömrünün sonlarında özünü daha qabarıq büruzə verdi. Ömrünün axırında o da, Əli bəy Hüseynzadə də demək olar ki, aktiv siyasi proseslərdən tamamilə uzaqlaşmışdılar. Ancaq bədii, elmi-publisistik fəaliyyətlə məşğul idilər. Son günlərə qədər o iki dost bir-birlərini tərk etmədilər”.





Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir