Modern.az

Şəmkirdə yas menyusuna rəsmi qadağa - QALMAQAL

Şəmkirdə yas menyusuna rəsmi qadağa - QALMAQAL

6 Sentyabr 2014, 15:44


Sentyabrın 1-dən sonra Şəmkirdə vəfat edən şəxslərin yas məclislərində qonaqlara yalnız çay, qənd və xurma veriləcək.

Bu qərarı Şəmkir rayonunda rəsmi dairələr verib. Bu qərar nəyə əsasən verilib, bu barədə az sonra.

Sentyabrın 6-da Şəmkirdə Dəllər Cırdaxan kəndinə yas məclisinə gedən jurnalist Aynur Elgünəş «facebook» səhifəsində yazıb ki, rayon icra hakimiyyətinin nümayəndələri və yerli bələdiyyə yası düşmüş Əliyevlər ailəsinə xəbərdarlıq edib. Xəbərdarlığa görə, onlar başsağlığına gələn qonaqlara yalnız çayla qənd verə bilərlər. Bu isə yas məclisində narazılıq yaradıb və olay yerinə polis çağırılıb.

Aynur Elgünəş yazır ki, polis onu kənd icra nümayəndəliyinə aparmaq istəsə də, bundan imtina edib.

«HALVA VERSƏNİZ, MƏCLİSİ DAĞIDACAĞIQ»

Aynur Elgünəş AzadlıqRadiosuna deyir ki, ev sahibləri uzaq yoldan gələn qonaqları üçün ortaya halva qoymaq istəyiblər:

«Şəmkir icra hakimiyyətinin 4 nümayəndəsi gəlmişdi yasa, dedilər ki, ortaya halva və ya başqa şey versəniz, məclisi dağıdacağıq. Bələdiyyə sədri Xəqani Hüseynov da gəldi ora, dedilər ki, stolun üstünə başqa bir şey qoymaq olmaz».

TÖVSİYƏ QANUNDURMU?

Aynur Elgünəş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Gündüz İsmayılovla əlaqə saxladığını deyir:

«Mən ondan soruşdum ki, belə bir qərarmı veriblər? O da dedi ki, yox, sadəcə, israfçılığın aradan qaldırılması üçün tövsiyə edilib. Sonra mən də Xəqani Hüseynova dedim ki, sizin nə ixtiyarınız var, camaatın öz məclisində ortaya nə qoyacağına qarışırsınız? Onlar mollaya demişdilər ki, stolun üstündə başqa bir şey olduğu halda məclisə girsən, 1000 manat cərimə olunacaqsan. Bunun üstündə mübahisə yarandı, polis çağırdılar».

«YENİ QAYDA YARATMIŞIQ»

Dəllər Cırdaxan kənd bələdiyyəsinin sədri Xəqani Hüseynovla əlaqə saxlayıb baş verənlərə onun münasibətini öyrənmək istədik. Xəqani Hüseynov hər hansı narazılıq baş verdiyini təkzib etdi, amma dedi ki, sentyabrın 1-dən kənddə yeni qayda yaradılıb:

- Camaata demişik ki, stola yalnız çay, qənd, xurma qoysunlar. Onlara da (Əliyevlər ailəsinə-red.) demişik ki, məclisini belə yola verin». 

- Bu qərarı nəyə, hansı normativ akta, qanuna əsasən vermisiniz?

- Rayon icra hakimiyyəti belə qərar verib. Yas məclislərində israfçılığın qarşısını almaq istəyirik. Camaat da bu qərardan razıdır.

- Hər bir qərarın söykəndiyi qanunvericilik bazası, Nazirlər Kabinetinin normativ aktı olmalıdır axı. Sizdə bununla yazılı qərar varmı?

- Adətə uyğun qərar vermişik.

- Adət qanundurmu?

- Adətimiz nə tələb edir, onu etmişik.

- Axı ehsan mərasimlərinin sadələşdirilməsi sadəcə tövsiyə olunub...

- Bilmirəm,  Bakıda yas məclisləri necə olur, biz də elə keçirəcəyik.

Bir neçə gündür ki, yas məclislərinin sadələşdirilməsi məqsədilə təbliğat kampaniyasına başlanıb. Yas süfrələrinin menyusu ilə bağlı isə hər hansı qanuni qadağa hələ ki, qüvvədə deyil.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik