Modern.az

Azərbaycan diaspor təşkilatları: harda güclü, harda zəifdir...

Azərbaycan diaspor təşkilatları: harda güclü, harda zəifdir...

Qarabağ

17 Sentyabr 2014, 10:46


Dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Rusiya, Fransa, Kanada, Argentina, Rumıniya, Suriya, Cənubi Kipr, Livan, Uruqvayda erməni diasporu güclü əlaqələrə malikdir. Bəs rəsmi Bakı öz həqiqətlərini dünyaya çatdırmaq üçün sözügedən ölkələrdəki Azərbaycan diasporlarından yararlana bilirmi?

Modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm bildirib ki, əksər xarici ölkələrdə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir.

“ABŞ-da 25 təşkilat var. Kanadada 16, Fransada 6, Rusiya Federasiyasında 2 böyük təşkilat - Ümumrusiya Azərbaycan Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR). Nəzərə çatdırım ki, Ümumrusiya Azərbaycan Konqresinin tərkibində 83 təşkilat birləşib. AMOR-un isə 60 regional təşkilatı var. Rumıniyada iki Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Digər ölkələrdə fəaliyyət göstərməməyimizin səbəblərindən biri, həmin ölkələrdə azərbaycanlıların sayının az olmasıdır. Digər səbəb isə orada azərbaycanlıların təşkilatlanmamağıdır.

Hazırda fəaliyyət proqramımızın əsas istiqamətlərindən biri də odur ki, hansı ölkələrdəki Azərbaycan diaspor təşkilatları yoxdur, amma vətəndaşlarımız var, həmin ölkələrdə Azərbaycan diaspor təşkilatlarının təsis olunması istiqamətində işlər görülür. Bir neçə ölkə ilə bağlı araşdırmalar aparırıq. Müvafiq şöbələrdə bu məsələ ilə bağlı araşdırmalar aparılır. Diaspor təşkilatını yaratmaq üçün konkret bir məqsəd olmalıdır. Təşkilatı sadəcə forma olaraq yaratmırıq.

Diasporun fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycanı tanıtmaq üçün geniş işlər görülür. ABŞ-ın 13 ştatında “Xocalı soyqırımı”nın tanıdılması ilə bağlı qərarlar qəbul olunub. Eyni zamanda bir neçə ştatda “31 mart” soyqırımı ilə bağlı sənədlər qəbul olunub. Amerika azərbaycanlıları şəbəkəsi, Qarabağ Fondu və s. kimi təşkilatlar var ki, onlar məhz Azərbaycan həqiqətlərinin təbliği və düzgün informasiyaların Amerika ictimaiyyətinə çatdırılması ilə məşğuldur.

Son illər təşkilatımızın ən çox fəal olduğu ölkələrdən bir də ABŞ-dır. Rusiyada da olan təşkilatlarımız soydaşlarımızın hüquq və azadlıqlarını müdafiə edilməsi üçün geniş işlər görürlər. Fransada “Fransa-Azərbaycan evi”, “Strasburq-Azərbaycan evi” və s. təşkilatlar var. Fransada erməni diasporunun fəaliyyəti güclüdür və tarixi də qədimdir. Hansı ölkələrdəki diaspor fəaliyyəti məhduddur, həmin ölkələrdə biz Türkiyə diasporu ilə fəal əməkdaşlıq edirik. 2012-ci ilin noyabr ayında Azərbaycan diaspor təşkilatlarının böyük etiraz aksiyası olmuşdu. 2013-cü ildə də Azərbaycan və Türkiyə diaspor üzvlərinin böyük aksiyası oldu. Bir neçə dəfə də Fransa Senatının üzvlərinin Azərbaycana səfərləri təşkil olunub. Fransada qondarma erməni soyqırımını tanımayanlara cəza tətbiq etmək istəyirdilər. Həmin qərarın qəbul edilməsinin qarşısını almaq üçün diasporun çox böyük rolu olub. Rumıniyada da son illər fəaliyyətimiz genişlənib. Uğurlarımız var amma biz bu uğurlarla kifayətlənməməliyik. Fəaliyyətimizi genişləndirmək üçün daha çox işlər görməliyik”.

Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə : “Dünyada bir neçə mərkəzlər var ki, bu mərkəzlərdə siyasi fəal və təşkilatlanmış ermənilər on illərdir ki,  öz fəaliyyətini həyata keçirir. Bu ölkələrin sırasında Argentinada var. Hazırda Argentinada fəaliyyət göstərən Azərbaycan diplomatlarının fəaliyyətini qiymətləndirmək istərdim. Bizim Argentinaya səfərimiz və görüşlərimiz olub. Bu görüşlərin nəticəsidir ki, Argentina Parlamenti dırnaqarası Qarabağ nümayəndə heyətini qəbul etməyib. Amma bununla yanaşı, on illərdir fəaliyyət göstərən erməni təşkilatları həm parlamentdə, həm də dövlət tərəfindən Türkiyə və Azərbaycan qarşı sənədlər qəbul etdirib. Argentina-Azərbaycan münasibətləri inkişaf etməkdədir. Azərbaycanın Argentinaya olan önəmi ilə bağlı biz son illərdə nailiyyətlər əldə etmişik. Erməni yalanlarını ifşa etmək istiqamətində işlər qurulmaqdadır. Onların nümayəndə heyətlərinin Azərbaycana, bizim nümayəndə heyətinin də Argentinaya səfərləri olub. Ümidvaram ki, Argentina ictimaiyyəti erməni yalanlarını anlayacaq. Argentinada işləmək çətindir, çünki orada yarım milyonluq erməni xalqı yaşayır. Biz həqiqətləri ictimaiyyətə çatdırmaq üçün yeni fəaliyyətə başlamışıq. Ümidvarıq ki, müxtəlif sahələrdə münasibətlərimizi inkişaf etdirə biləcəyik”.

Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sabir Rüstəmxanlı: “Bizim niyyətimiz oturub təkcə erməni lobbisi ilə savaşmaq deyil. Bizim Kanada parlamentindəki dostluq qrupu ilə çox sıx əlaqələrimiz var. Onlar dəfələrlə Bakıya gəliblər. Azərbaycanı tanıdıqdan sonra böyük təəssüratlarla ayrılıblar. Mən Kanada olmuşam, parlamentdə, Kanadanın müxtəlif şəhərlərində görüşlərimiz olub. Azərbaycan həqiqətlərini və digər məsələlərdən danışmışıq. Azərbaycanın da orda kifayət qədər güclü diaspor təşkilatı var. Kanadada daha çox Güney Azərbaycandan və Türkiyədən gedən azərbaycanlılar yaşayır. Azərbaycandan gedənlər o qədər də çox deyil, amma get-gedə sayları artır. Kanadadan Azərbaycana dəvət etdiyimiz qonaqlar müxtəlif görüşlər keçirirlər. Onlar Azərbaycanı yanlış tanıdıqlarını deyirlər. İki ölkə arasında əlaqələr get-gedə genişlənir”.

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Siyavuş Novruzov: “Azərbaycan həqiqətlərini tanıtmaq üçün həm səfirlik tərəfindən, həm də parlament üzvlər və dostluq qrupları tərəfindən kifayət qədər iş aparılır. Mütəmadi səfərlər olur, konqres və senatda görüşlər keçirilir. Ayrı-ayrı senatorlar dəvət olunur. Amerika-Azərbaycan münasibətləri ilə bağlı fikir mübadiləsi aparılır. Gələcəkdə də bu işlər davam etdiriləcək”.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa: “Bu istiqamətdə fəaliyyətlər var, amma koordinasiyalı fəaliyyətlər deyil. Erməni lobbisinin gücü daha yüksəkdir və fəallıq potensialı da bizdən artıqdır. Onlar düşdükləri mühitdə birinci növbədə özlərini necə təsdiq eləmək və özlərinin problemlərini necə ictimaiyyətin diqqətinə çatdırmaq, imkanlı bürokrata çevrilməyi qarşılarına məqsəd qoyurlar. Ona görə də, onların imkanları bizdən xeyli genişdir. Amma buna baxmayaraq əsas məsələ özümüzlə bağlıdır. Rusiyada təşkilatlanma qabiliyyətimiz zəifdir. Bunu ortadan qaldırsaq, sayca da çox olduğumuz ermənilərin lobbiçiliyini zəiflədə bilərik”.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rauf Əliyev: “Qrupun sədri Mehriban Əliyeva Fransada silsilə tədbirlər həyata keçirir. Parisdə və digər şəhərlərdə sərgilər, Azərbaycan mədəniyyət günləri təşkil edir. Azərbaycan gəncləri ilə görüşlər keçirilir. Azərbaycanın Fransada Mədəniyyət evi açılıb. Orada mütəmadi olaraq tədbirlər təşkil olunur. Biz bilirik ki, erməni lobbisi Fransada güclüdür. Amma onlar öz işləri ilə bizi üstələyə bilmirlər. Onlar bu gün başa düşürlər ki, Azərbaycanın apardığı siyasət düzgündür. İşçi qrupumuzda öz işində fəaldır. Təbii ki, bu işlər davam etdiriləcək. Mədəniyyət, siyasət sahəsində aparılan işlər daha da genişləndiriləcək”.

Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fərəc Quliyev: “Belə məsələləri parlamentlərarası qruplar görmür. Deputat qrupları ölkələrarası əməkdaşlıqda parlamentin üzərinə düşən məsələlərlə bağlı işlər görürlər. Amma Azərbaycanı təmsil edən hər kəsin borcudur ki, həqiqətlərimizi dünyaya çatdırsın. Bizim ayrı-ayrı deputatlarımız çalışırlar. Amma məsələ burasındadır ki, Rumıniyadakı səfirliyimizdə çox yaxşı fəaliyyət göstərir. Hesab etmirəm ki, erməni diasporunun fəaliyyəti o qədər də güclüdür. Son illərdə Azərbaycan diasporunun fəaliyyətində dinamik inkişaf var. Ermənilərin uzun illərdə əldə etdiklərini biz qısa zamanda əldə etmişik”.

Rüfanə GÜNƏŞ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü