Modern.az

Sovet kinosunun “İçərişəhərli” Don Juanı - Qadınların məftun olduğu Andrey Mironov

Sovet kinosunun “İçərişəhərli” Don Juanı - Qadınların məftun olduğu Andrey Mironov

Aktual

10 Oktyabr 2014, 17:03


O, Azərbaycan tamaşaçısı üçün ilk növbədə “Brilliant əl” filmindəki şən fırıldaqçı Qennadi Kozodoyev rolu ilə tanışdır. Bir çox səhnələri Bakıda, daha dəqiq desək, İçərişəhərdə çəkilən film aktyor Andey Mironov üçün kayerasının zirvəsi idi. Lakin komediya rollarının mahir ifaçısı, həzin səsli aktyor bütün ömrü boyu özünə inamsızlıqdan, ailədaxili problemlərdən və 47 yaşında həyatına son qoyacaq xəstəlikdən əziyyət çəkib.

Modern.az saytı məşhur sovet aktyoru Andrey Mironovun həyat yolunu təqdim edir.

Andrey Mironov 1941-ci il martın 8-də Moskvada anadan olub. Onun valideynləri də incəsənətlə sıx bağlı insanlar olublar. Atası Aleksandr Menaker Moskva Estrada və Miniatür Teatrının aktyoru, sonralar isə həm də rejissoru kimi fəlaiyyət gösətirb. Anası Mariya Mironova da xanımı ilə eyni teatrda işləyib və səhnədə bir çox yumoristik və satirik obrazlar yaradıb. Onların tanışlığı da maraqlı olub. Belə ki, Moskva teatr truppasının Rostov-Don şəhərinə qastrolu zamanı ilk dəfə tanış olarkən Mironova və Menaker - hər ikisi artıq evli idi. Lakin ilk baxışda Mariya Mironovaya vurulan Menaker qastrolun davam etdiyi müddətdə xanımın qəlbini ram edə bilir. Moskvaya döndükləri zaman artıq Mironova sənədli filmlərə rejissorluq edən əri Mixail Slutskidən, Aleksandr Menaker isə Tbilisi Opera Teatrında balerina olan xanımı İrina Lipskerovadan boşanır. Onların ortaq uşaqları, gələcəyin məşhur xoreoqrafı Kiril Laskari anası ilə qalır.

Nəhayət, 1939-ci il sentyabrın 20-də tərəf müqabilləri ilə boşanma prosedurunu yekunlaşdıran Aleksandr Menaker və Mariya Mironova ailə həyatı qururlar.
Maraqlıdır ki, əsl adı Alik olan Menaker həyat yoldaşının tələbi ilə öz adını rəsmi olaraq Aleksandra dəyişir. Onlar 1982-ci ildə Aleksadnr Menaker ürək tutmasından vəfat edənə qədər 45 il evli qalırlar. Deyilənə görə, hər evlilik ildönümündə əri Mariya Mironovaya “Əziz Maşa, səni günümüz münasibətilə təbrik edirəm. Saşa” məzmununda teleqram yollayırdı.

Cütlüyün yeganə övladı Andrey Aleksandroviç Menakerin anadan olması da maraqlı epizodla yadda qalıb. Hamiləliyinin son aylarında da Moskva Estrada Teatrının tamaşalarında çıxış edən 30 yaşlı Mariya Mironova məşq vaxtı qəfil sancılar hiss edir. Sonradan bu hadisə gələcək aktyorun səhnədə anadan olması ilə bağlı rəvayətin yaranmasına səbəb olur. Aleksandr Menaker sonralar həmin günü belə xatırlamışdı.


“8 mart günü öncəsi Maşanı tamaşa məşqindən sonra qarşılamağa getmişdim. Kulislə gedən zaman onun doğum sancılarının başlandığını və təcili olaraq Arbatdakı Qrauzman adına doğum evinə aparıldığını öyrəndim. Sonrakı gün sağlam oğul övladımın dünyaya gəldiyini mənə bildirdilər”.

Əslində 7 mart axşamı doğulan Andrey Mironovun rəsmi sənədlərdə 8 martda anadan olduğu göstərilib. Bu, onun anası Mariya Mironovanın təkidi ilə (8 mart beynəlxalq qadınlar günü olduğu üçün) baş verib. Körpə 3 aylıq olarkən Menakerlər ailəsi Moskvanı tərk etməli olur. Alman qoşunlarının Moskvaya yaxınlaşması ilə əlaqədar Menakerlər ailəsi öncə Samaraya (o zamankı Kuybışev), daha sonra isə Daşkəndə evakuasiya olunur.

Uşaqlıq illərini Daşkənddə keçirən Andey Mironov bir-birini sevən aktyorların ailəsində böyüdüyü üçün uşaqlıqda xoşbəxt idi. Yalnız müharibə bitdikdən sonra onlar Moskvaya geri qayıdırlar. Andrey Moskvada əsasən şair, yazıçı və alimlərin oxuduğu prestijli 170 nömrəli məktəbdə təhsil alır. Bu illərdə o, valideynlərinin təsiri ilə aktiv şəkildə teatrla maraqlanır və məktəbdə öz fəallığı ilə seçilir.

1948-ci ildə 1-ci sinifə gedən zaman Menaker soyadını daşıyan Andrey 3-cü sinifə anasının qızlıq familiyası – Mironov soyadı ilə gedir. Onun 9 yaşında anasının soyadını götürməsi həmin illərdə SSRİ-də “həkimlər işi” adlı məhkəmə prosesinin keçirilməsi ilə bağlı idi. Həmin prosesdə milliyətcə yəhudi olan həkim qrupunu sovet partiya xadimlərini, o cümlədən Andey Jdanovu müalicə zamanı qəsdən öldürmkədə ittiham edirdilər. “Həkimlər işi” Sovet İttifaqındakı bütün yəhudilərə “sionist təhlükəsi” kimi baxılmasına və onların vəzifələrindən azad olunmasına səbəb olmuşdu. Andery Mironova gəlincə isə onun atası Aleksandr Menaker milliyətcə yəhudi idi. Övladlarının gələcəyini daha təhlükəsiz etmək üçün valideynləri onun soyadını Mironova dəyişirlər.

Məktəbdə təşkil edilən teatr dərnəyinin üzvü olan Mironov həmin vaxt artıq öz aktyor istedadını nümayiş etdirir. Məhz məktəb illərində o ilk dəfə bədii filmə çəkilə bilərdi.



1952-ci ildə “Sadko” filmi çəkilən zaman kasıb həyatı əks etdirməli olan bir neçə uşaq tələb olunurdu. Onlar filmin bir neçə epizodunda cırıq paltarda görüntülənməli idilər. Lakin təbiət etibarilə təmizliyə və səliqə-səhmana həssas olan Andrey Mironov çəkiliş meydançasına yeni paltarda gəlir. Bununla da rejissor Aleksandr Ptuşkonun qəzəbinə tuş gəlir və çəkiliş meydançasından qovulur.

Lakin ilk kino uğursuzluğu onu ruhdan salmır. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Mironov Boris Şukin adına Teatr İnstitutuna daxil olur. Burada o, İosif Rapoportdan aktyorluq dərsləri alır. Təhsil illərində xüsusi istedadı ilə seçilməsə də, istər müəllimləri, istərsə də tələbə yoldaşları A.Mironovun çalışqanlığını, uğursuzluq qarşısında ruhdan düşmədiyini qeyd edirdilər. Çalışqanlığın sayəsində o, teatr institutunu qırmızı diplomla bitirir. Bu, 1962-ci ilin yayında baş verdi.

Kino kareyrasına isə Mironov bundan 2 il öncə 1960-cı ildə Yuli Royzmanın “Əgər bu sevgidirsə?” filmində canlandırdığı Pyotr rolu ilə başlayır. O, dram janrında çəkilən filmdə 2-ci dərəcəli rollardan birini ifa edir. Film və rejissoru Royzman “Xruşşov isinməsi” zamanı çəkilən bədii məhsuluna görə mühafizəkar sovet ziyalıları tərəfindən “mənəviyyatsızlıqda” ittiham olunur. Lakin Mironovun aktyor oyunu ümumilikdə müsbət qarşılanır. İlk filmindəki inamlı rolu və teatr diplomu ona yeni imkanlar açır.

Valideynlərinin təkidi ilə o, Moskva Satira Teatrında aktyoruğa başlayır və “Sutkanın 24 saatı”, “Domokl qılımcı”, “Bit”, “Qadın monastrı” kimi tamaşalarda səhnə yeri alır. Paralel olaraq aktyor kino çəkilişlərində iştirak edir. 1963-cü ildə onun iştirakı ilə “3+2” komediya filmi ekranlara çıxır. Henrix Oqanesyanın çəkdiyi filmdə Roman Lyubeşkin obrazı ilə öz komedik istedadını nümayiş etdirən Mironov əsas ampluasını tapır. Müsbət qarşılanan filmin ardından 1 il ərzində Mironov SSRİ və Şərqi Avropanın sosialist ölkələrində teatr qastrollarında olur. 1964-cü ildə isə “Avtomobildən qorun” filmində çəkilir. Rejissor Eldar Ryazanoun dəvəti ilə çəkilişlərə cəlb olunan Mironov aztapılan məhsulların gizli satışı ilə məşğul olan hiyləgər komision mağazası sahibi Dima Semitsvetov obrazını canlandırır.

1966-cı ildə premyerası keçirilən film miklyonlarla sovet tamaşaçısının rəğbətini qazanır. “Avtomobildən qorun” dram elementli komediya filmi xarici kinofestivallarda da mükafatlar qazanır.



Nəhayət, 1968-ci ildə sovet kinoteatrlarında Leonid Qaydayın məşhur “Brilliant əl” filmi çıxır. Macəra komediyası janrında çəkilən film qızıl-zinət qaçaqmalçılığı ilə məşğul olan şəxslərin xarici ölkəyə səfərə çıxmış sovet vətəndaşını öz fırıldaqlarında istifadə etmək planından bəhs edirdi. İlk olaraq Leonid Qayday qaçaqmalçılardan biri – Qennadi Kozodoyev obrazını “Qafzaq əsiri”ndə də çəkdiyi Georgi Vitsinə vermək istəyirdi. Lakin Andey Mironovun “Avtomobildən qorun” filmini izlədikdən sonra rolu perspektivli aktyora vermək qərarına gəlir və seçimində yanılmır. Baş rol ifaçısı Yuri Nikulinin təkidi ilə filmdə “Uğursuzluq adası” mahnısını şəxsən ifa edən Andrey Mironov vokal göstəricilərinin də yüksək olduğunu nümayiş etdirir. Bundan sonra teatr tamaşalarında, xüsusən müzikllərdə Mironov şəxsi ifalara geniş yer verir.

76 milyon sovet vətəndaşının kinoekranlarda izlədiyi “Brilliant əl” bu gün də sovet kinokomediyalarının incilərindən sayılır. Qeyd etmək lazmıdır ki, 2 hissəli filmin əsas hissələri Bakıda, o cümlədən İçərişəhərdə və Soçidə aparılmışdı. Andrey Mironov bu filmlə öz populyarlığının zirvəsinə çatır. Yaratdığı Kozodoyev obrazı mənfi xarakterli olsa da, Mironovun şəxsi xarizması və pozitivliyi Kozdoyev obrazına da tamaşaçının simpatiyasını artırır.
 
“Brilliant əl” filmindən sonra da bir çox filmlərdə rol alan aktyor 1973-cü ildə “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri” filmindəki polis zabiti Andrey Vasilyev obrazı ilə yenidən populyarlıq qazanır. Eldar Ryazanovun çəkdiyi filmdəki epizodların birində Andrey Mironov 60 kilometr sürətlə hərəkət edən yanğınsöndürən maşının kabinəsindən çıxaraq hərəkətdə olan maşının 11 metrlik qəza pilləkanına qalxır və onun altında hərəkət edən “Jiquli” markalı maşına keçərək salonuna əyləşir. Dublyorsuz gerçəkləşdirdiyi bu kaskadyor trükları ilə çəkiliş meydançasındakı italyan aktyorlarını və professional kaskadyorları təəccübləndirir. Bu cəfakeşliyi filmin böyük uğuru ilə qiymətləndirilir. 50 milyon sovet tamaşaçısı filmi izləyir. Dərhal aktyora “əməkdar artist” fəxri adını verilir.

1976-cı ildə isə aktyor Mark Zaxarovun “12 stul” 4 seriyalı bədii televiziya filmində məşhur avantürist (hoqqabaz) Ostap Bender obrazını canlandırır. 70-ci illər Mironovun populyarlığı zirvəyə qalxır. O, filmlərlə yanaşı, Satira Teatrında da fəaliyyətini davam etdirirdi. Anşlaqla keçən hər tamaşadan sonra məftun tamaşaçılar onu əllərində gəzdirirlər.



Lakin karyerasının xoşbəxt anlarını tam yaşamağa onun səhəti imkan vermir. Hələ uşaq vaxtı Daşkəndə evakuasiya olunan zaman Mironov dizenteriya xəstəliyinə yoluxmuşdu. Lakin həkimlərin səyi ilə ölümdən xilas olmuşdu. Bundan sonra uzun illər ərzində sağlamlığında problem olmasa da, 1978-ci ildə aktyorun beyninə qan sızır. Həkimlərin təkidindən sonra o, əmliyyata razılıq verir. Həkimlər xroniki infeksiya daşıyıcısı olan bir neçə limfa vəzini onun bədənindən çıxarırlar. Lakin səhətindəki problemlər sonrakı illərdə özünü tez-tez biruzə verməyə başlayır.

1980-ci il dekabrın 18-də Andrey Mironov Rusiya SSR xalq artisti fəxri adını alır. 1984-cü ildə isə kino karyerasında ilk və son dramatik rolda yer alır. Aleksey Germanın “Mənim dostum İvan Lapşin” filmində yazıçı Xanin obrazını yaradır. Film kinotənqidçilər tərəfindən rəğbətlə qarşılanır və Rotterdam, Lokarno festivallarında mükafatlar qazanır.

Ömrünün son illərində daha çox teatr qastrollarında çıxışlar edən Andrey Mironov ölümünü də səhnədə qarşılayır. 1987-ci il avqustuin 16-da Riqada qastrol səfərində olan teatr truppası səhnədə “Ağlasığmaz gün, yaxud Fiqaronun evliliyi” adlı tamaşanı səhnələşdirmişdi. Sonuncu səhnəni oynayan zaman Andrey Mironov səhnədə qəfildən huşunu itirir. Dərhal yerli xəstəxanalardan birinə çatdırılan aktyorun beyninə qan sızdığı müəyyən olunur. İki gün həkimlər onun ürək döyünmə funksiyalarını bərpa etməyə çalışsalar da, avqustun 16-sı səhər saatlarında əfsanəvi aktyor dünyasını dəyişir.

Ömrünün 47-ci ilində vəfat edən Andrey Mironovu avqustun 20-də Moskvanın Vaqankov qəbirstanlığında dəfn edirlər.


Aktyorun şəxsi həyatına gəldikdə isə Mironov qadınlar arasında həmişə populyar olub. Buna görə də onu bəzi həmkarları “sovet səhnəsinin Don Juanı” adlandırırdılar. Aktyorun ilk sevgisi sinif yoldaşı Qalina Dıxoviçnaya olub. Onlar 10-cu sinifdə oxuyan zaman artıq evlənmək barədə düşünsələr də, sonradan münasibətləri pozulur. O, teatr institutunda oxuyan zaman isə öz kurs yoldaşı Viktoriya Lepkodan xoşlanır. Lakin hisslərinə qarşılıq ala bilmir. “3+2” filminin çəkilişləri zamanı isə Mironov Natalya Fateyevaya aşiq olur. Gənc aktrisa evlilik təklifinə razılıq versə də, Andrey Mironovun anası Mariya bu evliliyə razılıq vermir və onların münasibətlərini pozur.

İlk həyat yoldaşı Tekaterina Qradovanı isə aktyor 1969-cui ilin qışında Moskva Bədii Akademik Teatrının (MXAT) studiyasında görür. “Baharın 17 anı” filmində radist Keti rolunu ifa edən Qradova bundan sonra Moskva Satira Teatrında işə düzəlir və Mironovun iş yoldaşı olur. Aktyor xeyli müddətdir ki, vurğunu olduğu aktrisa ilə 1971-ci il iyunun 29-da ailə həyatı qurur. Lakin onlar elə ilk gündən mübahisə etməyə başlayırlar. 1973-cü ildə onların Mariya Mironova adlı yeganə övladları dünyaya gəlir. Bundan 1 il sonra isə cütlük ayrı yaşamağa başlayır. 1976-cı ildə Mironov və Qradova rəsmən boşanırlar.

1 il sonra isə aktyor 37 yaşlı Larisa Qolubkina ilə ailə həyatı qurur. Qolubkinanın ilk nikahdan olan qızını Mironov övladlığa götürür. Son gününə qədər aktyor Qolubkina ilə evli olur. Lakin sadiqliyi ilə seçilməyən Andrey Mironovun Svetlana Svetliçnaya, Maya Plisetskya, Yekaterina Vasilyeva, Natalya Zaşipina və s. xanımlarla qlsamüddətli sevgi macəraları yaşadığı məlumdur.

Aktyorun yeganə qızı Martiya Mironovaya gəldikdə isə o, 3 dəfə evlilik həyatı yaşayıb. Televiziya biznesmeni İqor Udalov, Rusiya Elmlər Akademiyası prezidentinin məsləhətçisi Dmitri Klyukov və aktyor Aleksey Makarovla evlilik həyatı yaşayıb. İlk nikahından onun Andey Udalov (1992) adlı övladı var.



Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü