Modern.az

Azərbaycan girovların “məhkəməsi”nə müdaxilə edə bilər - MTN-in sabiq işçisindən AÇIQLAMA

Azərbaycan girovların “məhkəməsi”nə müdaxilə edə bilər - MTN-in sabiq işçisindən AÇIQLAMA

Aktual

24 Oktyabr 2014, 13:35

Bu ilin iyul ayında Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda erməni silahlı birləşmələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı pessimist notlar üzərində köklənmişik. Dağlıq Qarabağdakı separatçı rejim azərbaycanlı soydaşlarımıza qarşı qondarma ittihamlar irəli sürərək, onların təhlükəsizliyini də sual altına qoyub. Oktyabr ayının 27-də Xankəndində Şahbaz Quliyev və Dilqəm Əsgərovun “məhkəməsi” başlayacaq.

 “Məhkəmə” zamanı onlara qarşı ermənilərin hər hansı hücumları, təxribatlarını proqnozlaşdırmaq olar. Belə ki, iyul ayında Kəlbəcərdə 17 yaşlı Smbat Tsaqanyanın müəmmalı şəkildə ölümünü azərbaycanlı girovların boynuna atan separatçı rejim onların təhlükəsizliyi üçün əlavə  problemlərə yol açır.

Smbat Tsaqanyanın ölümündə azərbaycanlı izi axtaran qondarma rejim və Ermənistan hakimiyyəti erməni əhalinin də rəyini bu istiqamətə kökləyib. Smbat Tsaqanyanın anası Karine Tsaqanyan bildirib ki, azərbaycanlı girovlara ölüm hökmü çıxarılmalıdır. Bu cür qəddar tələblərlə çıxış edən Karine Tsaqanyan özünün timsalında ermənilərin mövqeyini ifadə edib.

Ona görə də, yerli erməni əhalinin girovların “məhkəmə prosesi”ndə onların təhlükəsizliyini kobud şəkildə pozması ehtimalı yaranır. Bundan əlavə, azərbaycanlı girovlar həbs olunsa, onların məhbəsdəki taleyinin necə olacağı da bir başqa məsələdir.

Bəs Azərbaycan vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədi ilə hansı addımları ata bilər? Nəzərə alaq ki, “məhkəmə” tanınmamış rejimdə keçirildiyi üçün Azərbaycan tərəfi ora özünün nümayəndələrini heç bir şəkildə göndərməz. Amma hər halda, rəsmi Bakı  soydaşlarımızın təhlükəsizliyi məsələsini də gözardı etməməkdə israrlıdır.

Mövzu ilə bağlı Modern.az saytının suallarını cavablandıran Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Sülhəddin Əkbər bildirib ki, Azərbaycan bu məsələyə beynəlxalq təşkilatların üzərindən müdaxilə edə bilər. Onun sözlərinə görə Azərbaycan BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyinin prosesə cəlb etməlidir.

“Bilirik ki, Ermənistan da insan hüquqları ilə bağlı Avropa qarşısında öz üzərinə beynəlxalq öhdəliklər götürüb. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də Ermənistandakı mövqelərindən istifadə edib girovların təhlükəsizliyi məsələsini sığortalamalıdır. Bir sözlə, Azərbaycan xüsusilə Ermənistanın öhdəlik götürdüyü beynəlxalq təşkilatlar üzərindən, eyni zamanda Qarabağ konfliktinin həllinə cəlb olunmuş ölkələr vasitəsi ilə proseslərə müdaxilə edə bilər”,-deyə Sülhəddin Əkbər vurğulayıb.

Aqşin Kərimov   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü